Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Bakıda görünməmiş özbaşınalıq: Yaşayış binasının damında ev tikiblər – FOTOLAR

Bakıda görünməmiş özbaşınalıq: Yaşayış binasının damında ev tikiblər – FOTOLAR

Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 56 ünvanındakı 3 mərtəbəli yaşayış binasının sakini Gülşən Əliyeva binanın damında aparılan tikinti işləri səbəbindən evinin yararsız hala düşməsindən şikayətçidir. 
Bununla bağlı “Yeni Müsavat”a müraciət edən G.Əliyeva bildirib ki, qonşusu Quliyev Arif qanunsuz olaraq, 3 mərtəbəli binanın damında yenidən bir ev tikdiyi üçün mənzilinin tavanı yararsız hala düşüb.
Məsələ ilə yerində tanış olmaq üçün tikinti aparılan əraziyə baş çəkib, zərərçəkən ailə ilə həmsöhbət olduq.
Gülşən Əliyevanın oğlu Babək Əliyev 3 mərtəbəli binanın damında taxta konstruksiyadan ibarət ev tikilməsinin qanunsuz olaraq, həyata keçirdiyini deyib: “Binamızın üstündə Arif Quliyev adlı şəxs taxta ev tikib kirayə vermişdi. O zaman bunun qanunsuz və təhlükəli oldunu dedik, lakin heç kim ciddiyə almadı. İyulun 13-də həmin taxta konstruksiyadan tikilmiş ev yandı, yanğına səbəb isə qaz sızması göstərildi. Həmin evdə bir ailə kirayə qalırdı. Ev taxtadan olduğu üçün alov ətrafa yayıldı. Binanın dam örtüyü qırdan ibarət olduğundan yanğın daha da şiddətləndi və başqa ailələrə də ziyan dəydi. Xoşbəxtlikdən qonşu evlərə keçmədi. Qonşum Arif Quliyevə bu barədə dəflərlə xəbərdarlıq etmişdik. Amma heç bir faydası yoxdur.Yanğınla bağlı FHN-ə müraciət etdik. Nazirlik əməkdaşları gəlib baxış keçirdilər və yaşayış binasının damında əlavə bir ev tikilməsinin qanunsuz olduğuna dair sənəd verdilər. Səbail Rayon İcra Hakimiyyətinə müraciət etdik. Onlar tikintidən xəbərsiz olduqlarını dedilər. Bütün bunlara baxmayaraq, Arif Quliyev indi yenidən yanan evin yerində taxtadan ev tikdirir. 10 gün əvvəl yenidən Səbail RİH-ə şikayət ərizəsi yazmışam. Hələlik heç bir cavab gəlməyib”.
Zərərçəkən Gülşən Əliyeva isə evinə dəyən ziyanın ödənilməsini tələb edir: “Evimin tavanı çöküb, divarlar rütubət içindədir. Damın qır örtüyü yandığından yağan yağış evin tavanına dolur, divarlar çatlayır. Bu məsələyə aidiyyatı qurumlar nədənsə göz yumur. Harada görülüb ki, şəhərin mərkəzində binanın damında taxtadan ev tikilsin? Arif Quliyev açıq-aşkar binanın damını, 60 kvadratmetrə yaxın ərazini zəbt edib. Lakin aidiyyatı qurumlar bütün bu qanunsuzluqlara göz yumur”.
Sakinlər aidiyyatı qurumların Arif Quliyevlə bacara bilməməsinin səbəblərini anlamadıqlarını deyirlər. Onun bu cür qanunsuz hərəkətlərinin qarşısını almaq üçün mətbuat vasitəsi ilə dövlət qurumlarına müraciət etmək qərarına gəliblər.
Yazıda adıçəkilən qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq.










































Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın