Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Bakıda “estetik fırıldaq”: gözəlləşmək istəyənlərə belə tələ qurulur…

Bakıda “estetik fırıldaq”: gözəlləşmək istəyənlərə belə tələ qurulur…

Estetik klinikalar və gözəllik salonları tərəfindən aldadılan qadınların sayı durmadan artır.

Bunu virtualaz.org saytına açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, son vaxtlar rəhbərlik etdiyi təşkilata estetik klinikalarla bağlı şikayətlər daxil olur: “Gözəllik şirkətlərinin nümayəndələri küçədə, ictimai iaşə mərkəzlərində, mağazalarda qadınlara yaxınlaşıb öz xidmətlərini təklif edirlər. Telefonla zəng vuraraq nömrənin guya uduşa düşdüyünü, buna görə də pulsuz kosmetoloji xidmət göstərəcəklərini söyləyirlər. Bundan əlavə, sosial şəbəkədə səhifə yaradaraq yalançı reklamlar yerləşdirirlər. Müşahidələr göstərir ki, daha çox dərisində problem olan qadınlar tora düşürlər”.

E.Hüseynov dedi ki, Bakı şəhəri, Atatürk prospektində yerləşən “VİP Həyat” estetik klinikası ilə bağlı Baş Prokurorluğa, İqtisadiyyat və Sənaye, Səhiyyə nazirliklərinə müraciət edilib: “Həmin bu “VİP Həyat” estetik klinikasının internet səhifəsində kosmetik vasitələr reklam edilir. Şirkətə müraciət etmiş dəri xərçəngindən əziyyət çəkən qadına satdıqları kosmetikanın müalicəvi əhəmiyyətinin olduğu və keyfiyyətinə zəmanət verildiyi söylənib. Qadın müqavilə bağlayaraq 2520 manatlıq krem və digər vasitələr alıb. Qadının bizə verdiyi məlumata görə, həmin vasitələrdən istifadə edəndən sonra üzündə və bədənində qaşıntılar yaranıb, kremlərdən allergiya olub. Buna görə də müqaviləni pozmaq, kosmetik vasitələri geri qaytarmaq istəsə də şirkət onu məhkəməyə verəcəyi ilə hədələyib”.

E.Hüseynov onu da qeyd etdi ki, bu şikayətlə bağlı şirkətin hüquqşünası ilə əlaqə saxlayıb. Onlar qadının istehlakçı hüquqlarını bərpa edəcəyinə söz veriblər. Lakin şikayətçi məhsulların tərkibinin yoxlanılmasını tələb edir.

Hüquq müdafiəçisinin sözlərinə görə, Nəsimi rayonu, Atatürk prospekti, 138 ünvanında fəaliyyət göstərən “Desheli” gözəllik salonundan da eyni məzmunda şikayət edilmişdi.

E.Hüseynov xüsusilə də dərisində problem olan qadınları ehtiyatlı olmağa çağırır: “Bəzi şirkətlər qadınları bir günlük pulsuz müalicəyə cəlb edirlər. Şirkətə gedən qadınlara kosmetik xidmət göstərilir. Bundan sonra müştəri ilə 4 saatdan çox söhbət aparılır, onları müqavilə bağlamağa sövq edirlər. Qadınlara 3-4 min manatlıq kosmetik vasitələr verilir və pulun hissə-hissə ödənilməsi təklif olunur. Sonradan həmin kosmetik vasitələrin heç də bu qədər baha olmadığını öyrənən və onları geri qaytarmaq istəyən qadınları isə müqavilə şərtlərini pozmaqda suçlayaraq hədələyirlər”.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti isə bildirir ki, kosmetik vasitələr allergiya və qıcıqlandırıcı reaksiya yaradan əsas məhsullardan hesab edilir.

Xüsusilə tərkibinə alümin, butan, dietanolamin, propan, mineral və ya texniki yağ daxil olan kosmetik vasitələri alarkən istehlakçılar diqqətli olmalıdır. Kosmetik vasitənin üzərində onun hipoallergen olduğu barədə qeyd varsa, bu, həmin məhsulun tərkibində dərini güclü qıcıqlandıran komponentlərin olmadığını göstərir.

Həmçinin istehlakçı malın qablaşdırılmasına, markalanmasına, saxlanma şəraitinə və temperaturuna fikir verməlidir.

İstehlakçı məhsulların saxlama müddəti və saxlama şəraitinə də diqqət yetirməlidir. Xüsusilə allergiyaya meylli şəxslərə uzun saxlama müddətinə malik vasitələrdən istifadə etməmələri tövsiyə olunur. Belə ki, məhsulların uzun saxlama müddətini təmin edən konservantlar kosmetik vasitənin tərkibində nə qədər çox olarsa, allergik reaksiyanın əmələ gəlməsi riski bir o qədər çoxdur.

Kosmetik vasitələrin satışı zamanı malın qablaşdırılması sellofan örtük və ya lentlə bərkidilmişdirsə, alıcının onun açılaraq yoxlanmasını tələb etmək hüququ var. Alıcı öz istəyi ilə bundan imtina edə bilər. Malın aerozol qablaşdırması alıcının iştirakı ilə satıcı tərəfindən yoxlanılmalıdır.

Qeyd edək ki, Nazirlər Kabinetinin 21 may, 1998-ci il tarixli, 114 saylı qərarına əsasən qüsursuz və lazımi keyfiyyətə malik parfümer-kosmetik mallar pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısına daxil edilib. Buna görə də parfümer-kosmetik mal almış istehlakçı yalnız malda qüsurlar aşkar edildiyi və ya alqı-satqı zamanı mal haqqında həqiqətə uyğun məlumat verilmədiyi halda malı geri qaytarmaq hüququna malikdir.

Onu da xatırladaq ki, Azərbaycan vətəndaşları hər il kosmetika və parfümeriya məhsullarına təqribən 400 milyon avro xərcləyir. Bu barədə İspaniya Parfümeriya və Kosmetika Assosiasiyasının yaydığı məlumatda qeyd olunur.

Dünyada isə qadınlar yalnız üz kremlərinə il ərzində 25 milyard dollardan çox vəsait xərcləyirlər.

E.Hüseynovun səsləndirdiyi fikirlərə münasibət öyrənmək üçün “VİP Həyat” estetik klinikası ilə əlaqə saxladıq.

“VİP Həyat” estetik klinikasının məsləhətçisi Səid Abbasov virtualaz.org saytına bildirdi ki, bu şikayətlə bağlı artıq araşdırma aparılıb: “Şirkətimizə müraciət edən bütün müştərilər allergiyaya qarşı testdən keçirilir. Bizim həkimlər tərəfindən müayinələr aparılır. Yalnız bundan sonra məhsullarımız təklif edilir. Bəzən 10 gün istifadə edəndən sonra kremlərdən allergiya olduğunu iddia edənlərə də rast gəlmişik. Araşdıranda isə həmin şəxsin qidadan allergiya olduğu bəlli olub.

Hətta krem istifadə edəndən sonra mədə-bağırsağında problemlər yarandığını iddia edənlərlə də qarşılaşırıq. Biz şikayətçi olan müştəriləri klinikaya dəvət edirik. Həkim müayinə edəndən sonra allergiyanın nədən yarandığını müəyyənləşdirmək olar.

Biz məhsullarımızın keyfiyyətinə təminat veririk. O ki qaldı Azad İstehlakçılar Birliyinin təqdim etdiyi şikayətə, bizə dəri xərçəngi olan qadın müraciət etməyib”.

Qeyd edək ki, “VİP Həyat” şirkəti İsrailin “Desheli” kosmetika şirkətinin Azərbaycandakı rəsmi distribütorudur.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın