Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Şou Biznes / Bakıda dövlətin verdiyi “Oka” və “Lifan”ları nömrəsiz sürürlər

Bakıda dövlətin verdiyi “Oka” və “Lifan”ları nömrəsiz sürürlər

–         Sumqayıtda kafe açıram, mənə təcili maşın lazımdır. Amma “prava”m yoxdur, qalmışam belə…

–         “Oka” al.

–         “Oka”nı vəsiqəsiz sürmək olur ki?

–         Əlbəttə, camaat nömrəsiz sürür. Əlil maşınını polis saxlamır, nə istəyirsən elə. O gün biri nömrəsiz maşının arxa şüşəsinə tank şəkli vurub postun qabağından 100-lə keçdi. Heç saxlayıb “gözün üstə qaşın var” deyən olmadı…

Dialoqu bəzəksiz-düzəksiz, elə bu cür Bakı-Sumqayıt avtobusunda eşitdim. Qarşımda əyləşən yekəpər “day-day”ın “Oka”ya yerləşib-yerləşməyəcəyi fikrimi necə qarışdırdısa, az qala əsas məsələni yadımdan çıxaracaqdım. Son vaxtlar “Oka” və “Lifan” markalı avtomobilləri nömrəsiz sürənləri yəqin ki, paytaxt küçələrində görməyən yoxdur. Əslində, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ, 20 Yanvar və Çernobıl əlillərinə paylanan bu avtomobili idarə edənlərin, yumşaq desək, ölkəmizin ən ali qanununa – Konstitusiyaya hörmətsizliyidir. Əlbəttə, bütün müharibə əlillərinə bunu şamil etmək olmaz. Həm də, dialoqdan da belə görünür ki, heç də nömrəsiz avtomobil idarə edənlərin hamısı avtomobili şəxsən alanlar deyil. Nömrəni açaraq maşın sürmək və ya ümumiyyətlə, onu qeydiyyata almamaq hansı təfəkkürdən xəbər verir? Nömrəsiz avtomobillə qəza törədib adam öldürərsə, həmin şəxsi polis necə tapacaq, harada axtaracaq? Uzaqdan avtomobilin sol küncündəki kiçik sığorta nişanının köhnəldiyini görən yol polisi bu boyda nömrəsiz avtomobili necə görə bilmir?

“Vətən qarşısında xidmət icazə vermir ki, qanunu pozsunlar”

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun virtualaz.org-a bildirdiyinə görə, əslində bütün avtomobillər dövlət qeydiyyatına alınmalı, nömrə verilməlidir. Nömrəsiz avtomobillə heç bir sürücü yola çıxa bilməz.

“Bəzi insanlar vətən qarşısında xidmətlərindən sui-istifadə edirlər. Bəzən heç əlillərə verilən avtomobilləri əlilliyə aidiyyəti olmayan, müharibəni filmlərdə görənlər sürürlər. Müharibə əlilləri onlara verilən avtomobilləri başqalarına, yaxın və ya qohumlarına verirlər. Bilirlər ki, polis əlillərin xətrinə dəyməyəcək. Əslində isə belə şəxslərə güzəşt edilməməlidir. Vətən qarşısında xidmətləri icazə vermir ki, qanunu pozsunlar”.

Bir neçə gün öncə Binəqədi rayonunda baş verən dəhşətli yol qəzası da ekspertin dediklərini təsdiq edir. “Oka” markalı, 10LD137 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə hərəkətdə olarkən Azadlıq prospektində “Stop” nişanının tələbinə əməl etməyərək əsas yola çıxıb və hərəkətdə olan “Toyota Carolla” markalı avtomobilə çırpılıb. Qəzadan sonra maşını hadisə yerində qoyub qaçan sürücünü sonradan polislər ağacların arasından tapıblar. Sərxoş vəziyyətdə olan sürücü hadisə yerindən qaçaraq Miqrasiya Xidmətinin yaxınlığındakı ağacların arasında gizlənsə də, polis əməkdaşları onu ağacların arasından çıxararaq hadisə yerinə gətiriblər. İlkin araşdırma zamanı məlum olub ki, bu şəxsin sürücülük vəsiqəsi yoxdur. Özünü Qarabağ əlili kimi təqdim edən şəxs sonradan etiraf edib ki, əlillərə verilən “Oka” onun yox, həqiqi əlil olan qardaşınındır. Amma o da hərdən bu avtomobili idarə edir.

Yol polisinə xüsusi göstəriş

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev isə müharibə əlillərinin nömrəsiz avtomobil idarə etməsinə polisin loyal yanaşması ilə bağlı deyilənlərlə razılaşmır. Şöbə rəisinin virtualaz.org-a bildirdiyinə görə, yol polisinə nömrəsiz avtomobil idarə edən şəxslərlə ciddi mübarizə aparmaqla bağlı əlavə göstəriş verilib:

“Müharibə əlillərinə verilən “Oka” və “Lifan” markalı avtomobillərin nömrəsiz idarə olunması  hallar var, amma çox deyil. Bir həftə ərzində, ola bilər ki, bir belə avtomobil olsun. Polis belə halların qarşısının alınması üçün ciddi mübarizə aparır. Belə avtomobillər mühafizə olunan duracağa yerləşdirilir və həmin şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Avtomobilə nömrə vurulmadan duracaqdan çıxarılmasına icazə verilmir. Ərazidə xidmət aparan polislərə belə hallarla ciddi mübarizə aparmaq üçün əlavə göstəriş verilib”.

60 manat cərimə və 4 bal

Məlumat üçün bildirək ki, qanunvericiliyə görə, əgər həmin avtomobilə nömrə verilməyibsə, bu qeydiyyatdan keçməmiş nəqliyyat vasitəsinin idarə edilməsi hesab olunur və buna görə İnzibati Xətalar Məcəlləsinin 154-cü maddəsinə görə 50 manat cərimə tətbiq olunur. Əslində, bu halda sürücüyə başa salınmalıdır ki, gedib avtomobili qeydiyyatdan keçirsin. Əgər avtomobilin nömrəsi varsa və “yüngül təfəkkürlü” olduğuna görə sürücü onu çıxararaq avtomobili nömrəsiz idarə edirsə, buna görə 155-ci maddəyə əsasən 40 manat cərimə oluna bilər. Əgər nömrə varsa və onu maşından kənara qoyubsa, belə avtomobil cərimə meydançasına aparılır, sürücüyə 4 cərimə balı verilir və 60 manat cərimə olunur. Həm də sürücü yalnız nömrəni gətirib yerinə taxdıqdan sonra onu idarə edə bilər.

Həmçinin oxuyun

“Bir az kökələn kimi başqa sözlər yazırlar” – Könül Kərimova

Birini, ikisini oxudum, fikir vermədim. Bir haqlı tənqid tapmadım ki, sakitləşim. Biri deyir parik qoymusan. …

Bir cavab yazın