Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Bakıda dəbdəbəli başdaşı qoyduranların sayı azalıb – FOTOLAR

Bakıda dəbdəbəli başdaşı qoyduranların sayı azalıb – FOTOLAR

Kənan Rövşənoğlu: “Çox dəbdəbəli qəbirlər, başdaşları israf olduğu üçün haram sayılır”
Avropa ölkələrində qəbiristanlıqlara girərkən orada varlı və ya kasıb qəbrini ayırd etmək mümkün olmur. Çünki bütün qəbiristanlıqlarda məzarlar standartdır. Yəni heç bir qəbir bir-birindən böyük başdaşına, heykəlinə görə fərqlənmir. Avropa ölkələrində, eyni zamanda qonşu Türkiyədə vəfat edənin adı, soyadı, doğum və ölüm tarixi yazılmaq şərtilə mərhuma kiçik başdaşı qoyulur.
Çox təəssüf ki, Azərbaycan üçün bunu demək çətindir. İstər paytaxtda? istərsə də bölgələrdə hansı qəbiristanlığa getsək, ən azından 3-4 qəbrin şəkilli, uca başdaşı, şeir yazılmış sinə daşları, qəbirlərin üzərində tikilmiş nəhəng sərdabələrlə fərləndiyini görərik. Hətta elə qəbiristanlıqlar var ki, oranın bir hissəsini satın alaraq ailə qəbir yeri kimi hasarlayıb, bəzəyib. Bunu baş çəkdiyimiz bir neçə qəbiristanlıqda müşahidə etdik.
Yasamal qəbiristanlığında bir birindən fərqlənən, hətta iki nəhəng baş daşı və sərdabəsi olan qəbrin arasında sadə bir qəbrin heç görünmədiyini də müşahidə etdik. Çox təəssüf ki, dəbdəbəli qəbirlərə görə bəzən insanlar öz yaxınlarını gedib ziyarət etmək üçün cığır belə tapa bilmir. Yasamal qəbiristanlığında olarkən söhbətləşdiyimiz və adını demək istəməyən molla da bu cür bahalı baş daşlarının ölü üçün bir önəm kəsb etmədiyini deyirdi. Molla həmçinin artıq insanların bu cür dəbdəbəli baş daşlarına meyl etmədiyini də dedi.
Bu günlərdə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov nümunəvi qəbiristanlıqların yaradılacağı ilə bağlı yaxın günlərdə ya ölkə Prezidentinin sərəncam verəcəyini, ya da sənədin qanun layihəsi şəklində Milli Məclisdə müzakirəyə çıxarılacağını deyib.

Image result for kənan rövşənoğlu

“Bu sənəddə müxtəlif məsələlər nəzərdə tutulur. Sənədə görə, böyük yerlərdə qəbiristanlıqlar dövlətin balansında olacaq. Müəyyən yerlərdə isə, məsələn, kəndlərdə, bələdiyyələrin balansına verilməsi nəzərdə tutulur. Sənəd tam hazırdır, bütün yerlərdən də rəylər alınıb”-deyə deputat qeyd edib. Siyavuş Novruzovun sözlərinə görə, sənəddə göstərilir ki, qəbiristanlıqlar, məzar yerləri, başdaşları hər yerdə eyni cür və eyni qiymətə olmalıdır.
Baş daşlarınıın eyni cür və eyni qiymətə olacağı məsələsi ilə bağlı qəbiristanlıqdan bir az aralıda yerləşən baş daşı düzəldilən sexə də baş çəkdik. Baş daşı düzəldən Səxavət Alışov baş daşlarının qiymətinin eyni olacağına sevinmədiyini dedi və bunun onların qazancına istər-istəməz təsir edəcəyini bildirdi: “Hər bir sənətin çətinliyi var. Bizim də işimiz asan deyil və biz işimizi təyin etdiyimiz məbləğlə qiymətləndiririk. Baş daşlarının qiyməti fərqlidir. Bir var adi daşdan, bir də var ki, mərmərdən olan baş daşları. Elə baş daşları var ki, onun üzərinə yalnız ölünün kiçik bir rəsmi çəkilir, doğum və ölüm tarixi qeyd edilir. Elə baş daşı sifariş edənlər də olur ki, baş daşının hər iki tərəfində ölmüş şəxsin portret və düz ayaq üstə şəklinin çəkilməsini istəyir. Həmçinin sinə daşında da hansısa bir uzun şeir. Bütün bunlar qiymətlərə təsir edir. Çünki onların hər birinin əziyyəti var”.
Baş daşı ustası artıq dəbdəbəli qəbir daşı sifariş edənlərin azaldığını dedi: “İndi çox adam artıq sadə başdaşlarına üstünlük verir. Bu da təbii ki, bizim qazancımıza təsir edir. Hələ belə bir şey eşitmişik ki, bütün qəbiristanlıqlar standart olacaq. Bu bizim işimizə çətinlik törədəcək, qazancımız aşağı düşəcək. Düzdür, bu yaxşı haldır, ancaq bizim üçün yox”.
Qeyd edək ki, əksər ölkələrdə qəbiristanlıqlarda yer pulsuz olaraq bələdiyyələr tərəfindən verilir. Təmizliyinə isə bir qurum nəzarət edir. Paytaxtda qəbir yerlərinin qiymətləri qəbiristanlıqların yerləşdiyi ərazilərə görə də dəyişir.
Mia.az şəhərin müxtəlif yerlərində olan qəbir qiymətlərinin aşağıdakı kimi olduğunu qeyd edir: Biləcəri qəbiristanlığı – 400-500 AZN, Xırdalan qəbiristanlığı – 800-1500 AZN, Badamdar qəbiristanlığı – 800-2000 AZN, Günəşli qəbiristanlığı – 600-1500 AZN, Qaraçuxur qəbiristanlığı – 200-1000 AZN, Qurd qapısı qəbiristanlığı – 2000-3000 AZN, Hövsan qəbiristanlığı – 150-300 AZN.
Qeyd edək ki, İslam dininə görə, əslində qəbir müəyyən müddətdən sonra itməli, diqqət çəkməməlidir. Yəni ölü üçün qoyulan heykəllərin, bahalı baş daşlarının, sərdabələrin əslində ölü üçün heç bir savabı və ya xeyri yoxdur.
Dini ekspert Kənan Rövşənoğlu dəbdəbəli başdaşlarının haram sayıldığını dedi: “İslam dininə görə qəbir müəyyən zaman sonra itməlidir. Çox dəbdəbəli qəbirlər, başdaşları israf olduğu üçün haram sayılır. Bunun nə ölüyə, nə də qohumlarına heç bir xeyri yoxdur. Bizdə daha çox qonşudan dala qalma prinsipi ilə edilir. Ölümü xatırlamaq üçün özünə qəbir qazdıranlar kifayət qədərdir. Bunun bir növ dəbə çevrilməsi və böyük məbləğdə xərc çəkilməsi günahdır. İslam dinində ən böyük günahlardan sayılır. Gərək müsəlmanın qəbiri sadə olsun, digərlərindən fərqlənməsin və zamanla itsin. Şeyxlər olub ki, sağlığında qəbir yeri götürərək arada gedib baş çəkirmiş. Qəbiristanlığa bir növ ibrət yeri kimi baxırmışlar”.
Qəbir yerlərinin satılması məsələsinə gəlincə isə, ekspert qəbir yerlərinə görə pul alınmasının İslam dinində olmadığını dedi: “Qəbiristanlıqlar adətən vəqf yerləri olur. Bu səbəbdən də bir qayda olaraq qəbir yerləri satılmır. Təbii ki, orda xidmət və cüzi işlərə görə pul toplanması istisnadır. Amma ümumilikdə qəbir yerlərinə görə pul alınması müsəlman ənənələrində olmayıb. Bu, yalnız son yüz ildə daha çox böyük şəhərlərlə ortaya çıxmış məsələdir”.

 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın