Ana səhifə / Şou Biznes / “Bakıda aşkar şəkildə qucaqlaşıb öpüşmürük” – Braziliyalı cütlük

“Bakıda aşkar şəkildə qucaqlaşıb öpüşmürük” – Braziliyalı cütlük

Futzal üzrə Azərbaycan milli komandasının üzvü Qalo Kordozo və həyat yoldaşı Elis Toniolonun “Qafqazinfo”ya müsahibəsi:

– Azərbaycan millisini niyə seçdiniz?

– Öz doğma şəhərim olan Santa Katarinada idim. Oradakı klubumda çıxış edirdim. Agentim bir gün dedi ki, sənə Azərbaycandan təklif var. Təklifə nəzər salıb dərhal qəbul etdim.

– Ölkəmiz haqqında nə bilirdiniz ki, təklifi asanlıqla qəbul etdiz?

– Azərbaycandan mənə hələ 2012-ci ildə təklif gəlmişdi. Gənc idim və həmin vaxtlar tərəddüd edirdim. Üstəlik də Braziliyanın əsas çempionatı olan Liqa Nasionalda iştirak hüququ qazanmışdıq. Komandamızla orada çıxış etmək istəyirdik. Bu səbəbdən təklifi qəbul etməmişdim.

– Bu gün dünyanın əksər yığmalarında braziliyalı futzalçılar var. Bunun üçün ölkənizdə xüsusi hazırlıqlar var?

– Bizdə uşaqlar topla dünyaya gəlirlər. Başlayırlar həyətdə, küçədə futbol oynamağa. Valideynlər də daim onlara dəstək olur. Ya futbolçu, ya futzalçı olmaq bizim taleyimizdə var. Sonra xaricdə oynamaq arzusu yaranır. Arzudan arzu doğur və biz buralara gəlib çıxırıq.

– Elis xanım, Azərbaycan adını eşidəndə ilk reaksiyanız nə olmuşdu?

– Elis Toniolo: Dərhal internetdə axtarmağa başladım. Çünki çox narahat idim ki, müharibə gedən ərazilər ola bilər. Amma fikirlərimdə yanıldım. Axtarış zamanı möhtəşəm Bakı şəhərini gördüm. Ölkə haqqında bütün təəssüratlar sadəcə xoş idi. Bu səbəbdən  də düşünmədim. Qərarında Qalonu dəstəklədim.

– Braziliyalılar üçün dünyanın heç bir yerinə öyrəşmək, uyğunlaşmaq çətin deyil. Bunun sirri nədir?

– E.T: Braziliya çox böyük ölkədir. Bu ölkənin daxilində o qədər millətlər yaşayır ki,.. Bir şəhərdən digərinə keçdiyində fərqli mədəniyyətə rast gələ bilərsən. Bunu yaşayan braziliyalı üçün dünyanın başqa ölkələri qəribə gəlmir və tez uyğunlaşırıq. Əsas səbəb budur.

– Q.K:  Yoldaşımın dediklərinə qatılıram. Bir şeyi də əlavə edim ki, bizim ölkəyə o qədər turistlər gəlir ki, sayı-hesabı yoxdur. Belə turizm ölkələrində insanların psixologiyasını öyrənmək asandır. Biz də digər ölkələrdən gələnlərlə tanış olub hər şeyi bilirik. Bu da bizə yardım edir. Mənim italiyalı, portuqaliyalı tanışlarım var. Özüm də Braziliyanın müxtəlif şəhərlərində yaşamışam.

– Özünüzü azərbaycanlı kimi hiss edə bilirsiniz?

– Q.K: Millidə oynamaq hər zaman şərəfdir. Mən öz ölkəmizin yığmasında da çıxış etmişəm. Millətlər Kuboku deyilən futzal turniri var. Orada Amerika ölkələri çıxış edir. Həmin vaxt yığmaya çağırıldım və turnirdə oynadım. Amma 2016-cı ildə bura gəldim və millidə oynamağı təklif etdilər. Braziliyada o qədər yüksək səviyyəli futbolçular var ki, oranın əsas komandasına düşmək çox çətindir. Bu səbəbdən Azərbaycanın təklifini qəbul etdim.

– Bəzən Avropada futzal oyunlarında milli komandaların qarşıdurması Braziliya çempionatını xatırladır. Başqa komandalardakı həmyerlilərinlə üz-üzə gələndə bu barədə danışırsız?

– 7 yaşından futzalın içindəyəm. Həmyaşıdlarımdan çoxu başqa komandalarda çıxış edir. Onlarla danışmağa çox şey olmur. Çünki əgər o, hər hansı ölkəni seçibsə, deməli xoşbəxtdir. Kolumbiyada keçirilən dünya çempionatında bir həmyerlimlə bu barədə danışdıq. O, başqa millidə oynayırdı və adı yadımda qalmadı. Üstəlik Azərbaycan yığmasını seçərkən komandanın dünya çempionatında oynaması da diqqətimi çəkdi.  Bu da qərarıma təsir etdi. Öz ölkəmlə dünya çempionatında oynaya bilməsəm də, Azərbaycanla alındı. Rəqiblərimin heyətində öz həmvətənlərim oynasa da, onları gözüm görmür. Çünki sadəcə onları məğlub etmək haqqında düşünürəm.

– Futzal barədə bu qədər. Bir az da şəxsi həyatdan danışaq. Tanışlığınızın idmanla əlaqəsi var?  

– E.T: Yox, 6 il öncə bir rəfiqəmin vasitəsilə tanışdım. O, həm Qalonu, həm də onun dostlarını tanıyırdı. Şam yeməyində idik. Orda tanış olduq və aramızda dostluq başladı. Bu dostluğun sonu sevgi oldu.

– Q.K: Dostlarımızla şam yeməyində Elisi görəndən sonra onlara dedim ki, bu qız çox xoşuma gəldi. Nəyin bahasına olursa-olsun o, mənim olacaq. Çox cəhd etdim və alındı. Allaha təşəkkür edirəm ki, biz evləndik.

– Elis xanım, burada nə işlə məşğul olursunuz?

– Daha çox kitab oxuyuram. Psixologiyadan qiyabi təhsil alıram, pedaqoji təhsilim var. Vaxtımın çoxu oxumaqla keçir.

– Azərbaycanlı cütlüklərlə aranızda hansı fərqləri görürsünüz?

– E.T: İctimai nəqliyyatda qadınlara xüsusi hörmət var. Xanımlar metroya və ya avtobusa minəndə kişilər onlara yer verir və ya sevgililər xanımına daha çox hörmət göstərir. Bir məsələ var ki, Braziliyada sevgililər hər yerdə qucaqlaşıb öpüşürlər, Azərbaycanda isə bu yoxdur.

– Q.K: Mən  komanda yoldaşlarımla söhbət edərkən onlar deyirlər ki, 10 il əvvəl burada hər şey tamam fərqli idi. İndi yaxşı mənada Azərbaycanda çox şey dəyişib. İnsanlar daha müasir düşüncəli olublar.

– Şəhərdə gəzərkən siz də özünüzü azərbaycanlılar kimi apara bilirsiniz, yoxsa çox rahat olursunuz?

– Q.K: Onsuz da Braziliyada olanda da aşkar şəkildə qucaqlaşıb öpüşmürdük. Burda da o yoxdur. Ölkənin mentalitetinə uyğun olaraq bunu etmirik. Özümüzü isə rahat hiss edirik.

– Azərbaycanı gəzməyi xoşlayırsız?

– E.T: Bizim çimərlikdə gəzməkdən xoşumuz gəlir. Adətən dənizkənarı bulvarda gəzirik. Azərbaycanda hər şeyə xüsusi diqqət ayrılır. Bunu müşahidə etməmək mümkün deyil. Əkilən güllərə, ağaclara, bank binalarına çox yaxşı baxılır, işıqlandırılır. Yaşadığınız yerin qeydinə qalırsız. Braziliyada bu, mümkün deyil.

– Oteldə qalırsınız?

– Q.K: Klub bizim üçün kirayə ev tutub.

– Qonşularla münasibət yarada bilirsiniz?

– E.T: Yox, heç kimlə əlaqəmiz yoxdur. Çox sakit həyat tərzimiz var. Çox qəribədir ki, insanlar liftə minəndə sanki bizə baxmağa utanırlar. Bəzən düşünürəm ki, onlar danışa bilmirlər. Mənə elə gəlir ki, insanlar ünsiyyətə qapalıdırlar, çox da açıq münasibət qurmurlar.

– Futzalda böyük futbol qədər qazanc varmı?

– Q.K: Arada fərq həddən çoxdur. Heç müqayisə etməyə dəyməz. Bərabər səviyyədə olması bir yana, heç yaxın da gələ bilmir.

– Braziliyaya tez-tez gedirsiz?

– Q.K: Bura gələndən bəri hələ də getməmişik. Qış fasiləsində digər komanda yoldaşlarım Braziliyaya getdilər. Biz isə İtaliyaya səyahət etdik.

– Bilet çox bahadır?

– Q.K: Çox bahadır. Amma bunu federasiya ödəyir.

– Komandamızdakı braziliyalıların demək olar ki, əksəriyyəti rus dilini öyrənir. Bunun səbəbi nədir? Daha asan ünsiyyət üçün Azərbaycan dilini öyrənməyə cəhd etmək olmazmı?

– Q.K: Buradakı futbolçuların əksəriyyəti Qazaxıstanda oynayıblar deyə rus dilini bilirlər. Digər tərəfdən hazırda komandanın baş məşqçisi olan Biro Jadenin həyat yoldaşı rusdur. O da Azərbaycan yığmasında braziliyalılarla rəhbərlik arasında rus dilində ünsiyyət qurmağa kömək edib. Futbolçular da rus dilini eşitdikləri üçün onu öyrəniblər. Azərbaycan millisində ortaq dil rus dilidir. Düzdür, biz yerli dili öyrənmək istəyirik. Amma çətindir. Hər şey vəziyyətə görə müəyyənləşir.

– Azərbaycanda icitmai nəqliyyatı Braziliya ilə necə müqayisə edərsiniz?

– E.T: Struktur baxımından nəqliyyat burada daha yaxşıdır. Braziliyada heç zaman metroya və ya avtobusa minməmişəm. Jurnal və qəzetlərdən oxuduğuma görə, orada metroya girmək çox təhlükəlidir, hətta avtobusa minmək də. Çünki oğurluq halları olur, dəhşətli hadisələr baş verir. Üstəlik, kişilərin qadınlara qarşı hörmətsiz, əxlaqsız davranışları var. Bakıda elə bir şeyə rast gəlməmişəm. Həmçinin ictimai nəqliyyat bizdə çox bahadır.

– Mətbəximiz deyəsən daha zəngindir? 

– E.T: Braziliyada olanda işləyirdim deyə vaxtım olmurdu. Bütün yeməklərimizi restoranda yeyirdik. Amma burada vaxtım çox olduğu üçün yemək hazırlayıram. Sadəcə arada restorana da gedirik.

– Azərbaycanlı futbolçuların, idmançıların əksəriyyəti dinə meyillidir. Siz necə?

– Q.K: Mən dinə meyilli insanam və özüm katolikəm. Bakıda katolik kilsəsi olduğunu bilmirdim. Azərbaycanda məscidlərdən birinə baş çəkəcəm.

– E.T: Dualarımı daha çox evdə edirəm. Dinlərlə bağlı problemimiz yoxdur.

 



Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın