Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Bakı Şəhər Baş Polis İdarəsində əməliyyat müşavirəsi keçirilib

Bakı Şəhər Baş Polis İdarəsində əməliyyat müşavirəsi keçirilib

Bu gün Bakı Şəhər Baş Polis İdarəsində 2016-cı ilin 9 ayının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

İdarədən APA-ya verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan Baş İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov qeyd edib ki, prezident İlham Əliyev tərəfindən aparılan hüquqi dövlət quruculuğu prosesi 2016-cı ilin 9 ayı ərzində də uğurla davam etdirilib, ölkədə insan hüquq və azadlıqlarının qorunması təmin edilib. Bütün bu uğurların, iqtisadi inkişafın əsasını təşkil edən siyasi sabitliyin qorunmasında, ölkədə cinayətkarlıqla mübarizə və təhlükəsizliyin təmini sahəsində Daxili İşlər Nazirliyi və onun əsas qurumlarından biri olan Bakı Şəhər Baş Polis İdarəsi üzərinə qoyulmuş vəzifələri layiqincə yerinə yetirib.

Qeyd olunub ki, ötən dövr ərzində vətəndaşların ərizə və şikayətlərinə baxılması, onların qəbulu işi ciddi nəzarətdə saxlanılıb. Baş Polis İdarəsinə 22919 ərizə və müraciət daxil olub, 2441 vətəndaş qəbul edilib. Müraciətlərin 2,145-i Nazirliyin və Baş İdarənin rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb, beynəlxalq və respublika əhəmiyyətli çoxsaylı kütləvi tədbirlərdə, xüsusən “2016 Formula-1 üzrə Avropa Qran Pri” yarışları, eləcə də Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikliklərlə bağlı keçirilən referendum zamanı asayişin mühafizəsi daha da gücləndirilərək mümkün təxribat hallarının, o cümlədən qanunsuz aksiyaların qarşısının vaxtında alınması üçün bütün zəruri tədbirlər görülüb.

Müşavirədə Bakı polisinin bir sıra xidmət və ərazi polis orqanlarının rəisləri məruzə ətrafında çıxış edib, mövcud nöqsan və çatışmazlıqları qısa müddətdə aradan qaldıracaqlarına söz veriblər. Əməliyyat müşavirəsinə yekun vuran Baş İdarənin rəisi Mirqafar Seyidov 2016-cı ilin 9 ayı ərzində paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahələrindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, müxtəlif hüquqpozmaların, o cümlədən insan hüquq və azadlıqlarının pozulması hallarının əvvəlki illə müqayisədə xeyli azaldığını qeyd edib. O, müşavirə iştirakçılarının diqqətini qarşıda duran bir sıra həlli vacib məsələlərə yönəldib, tapşırıq və tövsiyələrini verib, nöqsanların aradan qaldırılması yollarını göstərib. Baş İdarənin rəisi daxili işlər nazirini və ölkə rəhbərliyini əmin edib ki, Bakı polisi bundan sonra da cinayətkarlığa qarşı mübarizəni əzmlə davam etdirəcək, əmin-amanlığın, ictimai asayişin təmini istiqamətində qarşıya qoyulan vəzifələri, verilən göstərişləri layiqincə yerinə yetirəcək, paytaxtın sabitliyinin və təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacaq.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın