Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Bakı qoçularının öldürmək istədiyi əfsanəvi sənətkar – VİDEO

Bakı qoçularının öldürmək istədiyi əfsanəvi sənətkar – VİDEO

Azərbaycanın ilk qadın opera müğənnisi, xalq artisti Şövkət Məmmmədovanın anadan olmasından 120 il keçir.

Teatr Xadimləri İttifaqında yubiley münasibətilə elmi-praktik konfrans keçirilib.

Konfransda çıxış edən Azərbaycan Teatr Xadimləri ittifaqının sədri Azərpaşa Nemətov bildirib ki, geridə qalan 120 illik tarix təkcə Şövkət xanımın yaşı ilə deyil, həmçinin Azərbaycan incəsənətinin, mədəniyyətinin, o cümlədən teatrının adı ilə bağlıdır. O qeyd edib ki, Şövkət Məmmədova çətin, olduqca gərgin, problemli həyat yaşasa da, heç vaxt sınmayıb.

“Azərbaycan mədəniyyətinin Rusiyada, Gürcüstanda və digər ölkərədə təbliğ olunmasında əvəzsiz xidmətlər göstərib. Şövkət xanım dahi sənətkar olub. Problemli, çətin günlər yaşasa da, heç vaxt sənətinə xəyanət etməyib, sınmayıb. Onu görmək mənə də qismət olub. Yadımdadır, o vaxtlar Gənc Tamaşaçılar Teatrı ittifaqın binasında yerləşirdi. Mənim bu teatrla əlaqəm vardı, tez-tez Şəmsi Bədəlbəyli ilə görüşürdük. Şövkət xanımı ilk dəfə burada görüb tanış oldum. O, Azərbaycan klassik vokalında böyük işlər görüb. Nə nə yaxşı ki, belə insan olub.

Biz keçmişimizi unutmamalıyıq. Keçmişi unudan insanın gələcəyi yoxdur. Keçmiş rahat da, ağır da olur. Ancaq onların hamısı bir sınaqdır, insan bu sınaqlardan keçir və sınaqlardan keçdikcə nəyəsə nail olur. Şövkət xanım bizim keçmişimizdir, onun kimi sənətkarlar bizim gələcək yolumuzu açıblar”.

Xalq artisti, aktyor Hacı İsmayılov Şövkət Məmmədovanın Azərbaycan mədəniyyəti üçün böyük işlər gördüyünü deyib.

“Şövkət xanım Teatr Texnikomunun direktoru olanda, Bakıda ilk dəfə kömək göstərdiyi adam aktrisa Fatma Qədiri olub. Onun ehtiyacını ödəyib, yaşaması üçün yer ayırıb, aktrisa olmasında böyük əməyi olub. Onu da qeyd edim ki, Teatr Texnikomunu yaradanlardan biri də Şövkət xanım olub”.

Əməkdar incəsənət xadimi İlham Rəhimli əfsanəvi sənətkarın uşaqlıq illərindən, onun Bakı qoçularından canını necə qurtarmasından danışıb.

“Şövkət xanımın ailəsi Borçalı mahalının Qarakilsə kəndindən olub. Atası 1889-cu ildə Tiflisə gəlib. Onun musiqiyə marağı 6 yaşından başlayıb. “Küçələrə su səpmişəm ”, “Suliko”, “Ay bəri bax” mahnılarını oxuyurmuş. Onun anasının da çox gözəl səsi olub.

İlk təhsilini Tiflisdə müasir tipli tədris ocağı sayılan Romanovlar məktəbində alıb. Hələ məktəbli olanda İtalyan mahnılarının, operalarının ifa olunduğu tamaşaları izləyib. Bundan sonra onda mahnıya maraq daha da artıb. Onun sonrakı taleyində müsbətə dəyişiklik 1912-ci ildə Hacı Zeynalabdin Tağıyevin köməkliyi ilə Bakıya gəlməsi olub.

Şövkət Məmmədovanın Bakı qoçularından qaçırılmasında Uzeyir Hacıbəyovun böyük rolu olub. Əslində hadisə bir az başqa cür olub. Qadının örtüksüz səhnəyə çıxıb İtalyan mahnısı oxuması müsəlman cəmiyyəti tərəfindən o zaman qəbul edilən mənzədə deyildi. Şövkət xanım bunu etmişdi və Bakı qoçularının qəzəbinə tuş gəlmişdi. Qoçular Şövkət Məmmədovanı öldürmək qərarına gəlmişdilər. Buna görə də Axundov onu teatrın arxa qapısından çıxardaraq öz şəxsi faytonunda Biləcəriyə aparıb, sonra Tiflisə yola salmışdı. Burada qeyd edildi ki, Teatr Texnikomunu yaradanlardan biri Şövkət Məmmədova olub. Əslində həmin müəssisəni o yaratmayıb. Şövkət xanım oranın ilk direktoru olub.

Bəs niyə onun adı ilə bağlayırlar? Onun tarixçəsi belədir: 20-ci illərdə indiki Opera və Balet Teatrı “Böyük Rus Operası” kimi fəaliyyət göstərib.Orada azərbaycanlılara çıxış etməyə icazə vermirdilər. O zaman teatrın direktoru Pavel Amiraqo idi. O, teatra Azərbaycan truppasını buraxmırdı. Nəhayət, 1925-ci ilin avqustunda Azərbaycan truppası teatra buraxıldı və onlara ayda 4 tamaşa oynamağa icazə verdilər. Həmçinin Şövkət xanımı da həmin teatrda çıxış etməyə qoymurdular. Pavel imkan vermirdi. Ora Kiyevdən, Odessadan ifaçılar gəlib müəyyən partiyaları oynayıb, çıxıb gediridlər. Bizimkiləri isə yaxına buraxmırdılar. Şövkət xanım buna görə acıq edib, Bakıdan gedirdi.

Onu saxlamaq məqsədi ilə geri qaytarıb, həmin məktəbə direktor qoydular. Məqsəd bu idi ki, Şövkət xanım getməsin. 1925-ci ildə Şövkət xanım birinci dəfə səhnəyə çıxıb “Traviata” operasında oynadı.

Rus bəstəkarı Reynqold Qlier onu çox sevirdi, hətta “Şahsənəm” operasını bu xanıma həsr etmişdi”.

İ. Rəhimli daha sonra deyib: “Aktrisa Göyərçin Əliyeva 1920-ci ildə oğul övladını Bakıda itirmişdi. Yalnız Şövkət Məmmədovanın, Barat Şəkinskayanın köməyi sayəsində oğlunu tamaşada tapmışdı. Bütün tamaşa yarım saat dayandırılmışdı, hamı ağlamışdı. Bu da Şövkət xanımın xeyirxahlığı idi. Onlar Göyərçin xanımın oğlunun axtarışı üçün xüsusi dəstə yaratmışdlılar.

Şövkət xanım 1948-ci ildə axrıncı dəfə səhnəyə çıxıb. Onun xarici görkəmi də, səsi də yerində olub. Ancaq cavanlara görə səhnəni tərk edib”.

Qeyd edək ki, Şövkət Məmmədova 1897-ci il aprelin 18-də Tiflisdə kasıb bir ailədə anadan olub. Xalq artisti 1982-ci il iyunun 8-də Bakıda vəfat edib.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın