Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Bakı merinin sökdürdüyü villaların sahiblərinə torpaq satanlar mühakimə olunublar

Bakı merinin sökdürdüyü villaların sahiblərinə torpaq satanlar mühakimə olunublar

Bakı Ağır Cinayətlər Məhkəməsində Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən “Dostluq parkı” ərazisindəki torpaq sahələrinin qanunsuz olaraq alqı-satqısını həyata keçirməkdə ittiham olunanların cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Məhkəmə prosesində şahidlər ifadə verib.

Şahid qismində ifadə verən Paşa Quliyev təqsirləndirilən şəxslərdən yalnız Tərlan Hüseynovu tanıdığını deyib.

P.Quliyev dostunun qardaşı olan T.Hüseynova torpaq sahəsi alması üçün şəxsiyyət vəsiqəsini verdiyini bildirib: “Mənim Tərlanla münasibətim olmayıb. Onu qardaşımın dostu kimi tanıyırdım. Şəxsiyyət vəsiqəmi istədi. Dedi ki, torpaq sahəsi alacam. Sonra öz adına keçirəcəyini dedi. Notariusdan etibarnamə verdim. Başqa bir məlumatım yoxdur. Harada torpaq aldığını, neçəyə alındığını bilmirəm”.

Digər şahid Aydın Kərimov təqsirləndirilən şəxslərdən 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi olmuş Famil Quliyevi tanıdığını və şəxsiyyət vəsiqəsini ona verdiyini deyib.

A.Kərimov ifadəsində F.Quliyevin ondan şəxsiyyət vəsiqəsini hansı məqsədlə istədiyini bilmədiyini söyləyib: “Famil yeznəmin qardaşıdır. Şəxsiyyət vəsiqəmi istədi. Mən də etibar edib verdim. Ancaq mənə nə edəcəyini deməmişdi. Torpaq alınmasından xəbərim yoxdur. Heç sonradan da xəbərim olmayıb və torpağa da baxmamışam”.

Şahid Ülvi Məmmədov isə öz ifadəsində təqsirləndirilənlərdən yalnız Tərlan Hüseynovu tanıdığını və onunla birlikdə 8 ilə yaxın çalışdığını deyib: “Mən Tərlan müəllimlə 2007-ci ildən bir yerdə işləmişəm. Ona etibar edirəm. Şəxsiyyət vəsiqəmi istəyəndə də verdim. Torpaq alacağını, sonra öz adına keçirəcəyini dedi. Mən Bakı şəhərində qeydiyyatda olduğum üçün belə bir təklif etmişdi. Sonra notariusdan etibarnamə verdim”.

Təqsirləndirilən şəxs olan Tərlan Hüseynovun vəkili İlhamə Həsənova ondan həmin şəxslərdən şəxsiyyət vəsiqələrini nə məqsədlə aldığını və həmin şəxsləri aldatmaq kimi bir məqsədinin olub-olmadığını soruşub. T.Hüseynov cavabında bildirib ki, Bakı şəhərində qeydiyyatda olmadığı üçün adıçəkilən şəxslərdən torpaq sahələrinin onların adına alınması ilə bağlı xahiş edib.

“Onları aldatmaq məqsədim olmayıb. Şəxsiyyət vəsiqələrini nə məqsədlə aldığımı özlərinə demişdim. Sadəcə olaraq onlar Bakı qeydiyyatında idilər” – deyə təqsirləndirilən şəxs bildirib.

Məhkəmə prosesində 19 nəfərin şahid qismində ifadə verməsi nəzərdə tutulsa da onlardan sadəcə 3-ü prosesdə iştirak edib.

Məhkəmə prosesinin davamında təqsirləndirilən şəxslərdən Famil Əhmədovun vəkili vəsatət qaldıraraq hüquqlarını müdafiə etdiyi şəxsin səhhətində ciddi problem olduğunu və hazırda müalicə müəssisəsində müalicə aldığını əsas gətirərək onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib. Prokuror vəkilin bu vəsatətinin təmin edilməsi üçün heç bir əsasın olmadığını və təqsirləndirilən şəxsin müalicəsi üçün şərait yaradıldığını bildirib.

Müşavirəyə yollanan məhkəmə heyəti qayıtdıqdan sonra vəsatətin təmin edilmədiyi açıqlanıb.

7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi olmuş Famil Quliyev məhkəmədə verdiyi ifadəsində özünü günahkar bilmədiyini və həbsinin səbəbinin ona aydın olmadığını bildirib. O, qeyd edib ki, yeganə günahı Səbail rayonunun icra başçısının müavini Yavər Allahverdiyevin göstərişinə əməl etməsi olub: “Saxta möhürdən, ştampdan xəbərim yoxdur. Mənə Yavər müəllim zəng edib yaxın adamlardan bir neçəsinin şəxsiyyət vəsiqəsinin surətini ona şatdırmağımı istədi. Mən də işimi itirməmək üçün deyiləni etdim. Mən torpaqların ayrılması ilə məşğul olmamışam. Həmin ərazilərin Dövlət Torpaq Fonduna aid olduğunu da bilmirəm. Bu işdə heç kimlə əlbir olmamışam. Yeganə günahım şəxsiyyət vəsiqələrinin surətini vermək olub. Bilmirəm ki, məni niyə həbs ediblər”.

Xatırladaq ki, “Dostluq parkı”nda qanunsuz tikilən villaların sökülməsi ilə bağlı prezident İlham Əliyev 2015-ci ildə keçirdiyi müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq vermişdi. Tapşırığa əsasən, həmin parkdakı villaların sökülməsinə başlanılıb. Şəxsən H.Abutalıbovun rəhbərliyi ilə başlayan söküntü işlərindən sonra həmin torpaq sahələrinin qanunsuz olaraq satılması ilə bağlı cinayət işi açılıb.

İlk olaraq Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşları 1972-ci il təvəllüdlü Tərlan Hüseynovu istintaqa cəlb ediblər. 2015-ci ilin iyun ayından T.Hüseynov barəsində BŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Xətai Rayon Məhkəməsinin qərarı ilə T.Hüseynov barəsində 3 aylıq həbs-qətimkan qərarı çıxarılıb. Daha sonra o, ev dustaqlığına buraxılıb.

Əmlak alqı-satqısı ilə məşğul olmuş Tərlan Hüseynov rejissor, xalq artisti Tofiq İsmayılovun kürəkənidir.

T.Hüseynovdan sonra isə 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Quliyev Famil Əhməd oğlu və Səbail rayonu Bibiheybət Bələdiyyəsinin baş memarı Etibar Məmmədov tutulub.

F.Quliyev Cinayət Məcəlləsinin 320.1, 320.2, 178.3.2-ci maddələri, Etibar Məmmədov isə Cinayət Məcəlləsinin 313, 320, 29, 178, 178.3.2-ci maddələri ilə təqsirli bilinirlər.

Məlumat üçün onu da əlavə edək ki, “Dostluq parkı”ndkı villaların söküntüsü zamanı yadda qalan ən əsas məqamlardan biri Hacıbala Abutalıbovun həmin dəbdəbəli mlükləri musiqi sədaları altında yerlə-yeksan etdirməsi idi. Villaları sökdürən H.Abutalıbov həmin ərazidə sonradan bir neçə dəfə iməcilik keçirib, şam ağacları əkdirib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın