Şənbə , Avqust 13 2022
Ana səhifə / Şou Biznes / “Bəzi müğənniləri səhər-axşam otellərə daşıyırlar” – Maral Tahirqızı

“Bəzi müğənniləri səhər-axşam otellərə daşıyırlar” – Maral Tahirqızı

Maral Tahirqızının “Yeni Sabah”a müsahibəsi: 

– Maral xanım, məşhurlar çox qazanmasına baxmayaraq, TikTokda hədiyyələr üçün canlı yayımlar açırlar. Sizcə, bunun səbəbi nədir? Qazanclarına qane olmamaq, yoxsa, nəfslərinə düşkün olmaq?

– Onlar bu gün TikTok hədiyyələrinə ehtiyacları olduğunu deyirlərsə, deməli, qazancları  onları qane etmir. Nəfslərinə düşkün də ola bilərlər. Hər şey mümkündür.

– Sənətdən qazancınız nə qədərdir?

– TikTokda şir hədiyyəsinin 650 manat olduğunu deyirlər. Mən Bakıda məclislərə gedəndə bu pulu vermirlər. Rayondan dəvət alanda 1000 manat deyirəm, yüksək olduğunu deyirlər. Əslində, 1000 manat  elə də yüksək qiymət deyil.  Çünki məclisin  geyimi, müğənninin  səs yazmaları və digər texniki işlər var.  Sənət elə-belə əmələ gəlmir. İndi hər kəs oxuyur. Oxumaq sənətinin olması demək deyil.  Müğənninin xərci çoxdur. Bunları nəzərə almaq lazımdır.

– Sənətiniz sosial durumunuzu yaxşılaşdırmağa kömək edirmi?

– Mən hələ sənət yoluyla heç nə artırmamışam.  Hər şeyimi sənətimə xərcləmişəm.

– AzTV-dəki ifaçılıq görüntülərinizi ictimailəşdirəndən sonra sizə qarşı münasibət sanki, dəyişdi. Bunu hiss edirsinizmi?

–  Mənə məzəli yanaşanlar naməlum cinslilərdir. Özləri anormal, məzəli olduqları üçün mənə də özləri kimi yanaşırlar. Onların milliyyəti sual altındadır. Millətimizi daşlayırlar, topa tuturlar. Ona görə də bunların bizim millətdən olduğunu düşünmürəm.

 Videolarınızın birində sizi məclisə oxutdurub pul vermədiklərini demişdiniz. Doğrudurmu?

– Belə bir şey olmayıb.  Mən hara getmişəmsə,  məclis sahibləri hamısı hörmətli adam olub.  Elə adam da olub ki, pulun hamısını qabaqcadan ödəyib. Mən elə bir söz deməmişəm. Mənim zil səsim olduğuna görə, mənə olan təzyiqlər daha çoxdur.

–  Konsertlə sevənlərinizin qarşısına çıxmağı düşünürsünüzmü? 

– Tamaşaçı qarşısına yüksək səviyyədə çıxmaq lazımdır. Mənim səsim əsl sənətçinin səsidir. Mən də tamaşaçı qarşısına yüksək səviyyədə çıxmaq istəyərəm.

– Sizə dəstək olmaları üçün sponsorlara müraciət eləmisiniz? Yaxud onların sizə  təklifləri olubmu?

-Bu günə qədər kimsə mənə mahnı yazdırmağım üçün  1 manat belə, verməyib. Heç özüm də müraciət etməmişəm. Bunu özümə sığışdırmamışam. Çünki sponsorların əksəriyyətinin məqsədləri ayrıdır.

– Sizcə, maliyyə dəstəyi olmadan yaşamaq müğənni üçün çətin deyil?

– Sponsor yaxşı şeydir. Sadəcə, sponsorun  müğənninin sənətinə xidmət edib-etməməsi sual doğurur. Hansısa müğənniylə əlaqəsi olmayan müğənniyə sponsorluq eləmir.

– Bu gün məşhur omaq üçün hansı kriteriyalara sahib olmaq lazımdır?

– Bu gün ictimaiyyət məşhurları özləri seçir. İnsanların səs anlayışları var. Səsin saxta olub-olmadığını daha yaxşı bilirlər. Saxta, exolu səslə oxuyan məşhurlar da var. Elə səsyazma studiyaları da var ki, müğənninin səsini qəsdli şəkildə aşağı salırlar.

– Kimləri Azərbaycan estradasında özünüzə rəqib görürsünüz?

– Hərənin öz janrı var. Hərə öz repertuarıyla tanınır.  Bəzən görürsünüz ki, lağlağı mahnıyla məşhur olanlar var.  Mən belə adamları sənətçi hesab etmirəm. Onları pul verib başqa şeyə görə çağırırlar. Məclis sahibləri həmin xanımın sənətinə yox, özünə pul xərcləyirlər.

– Ad çəkə bilərsiniz?

– Bayağı musiqilərdən istifadə edən  adamların adlarını çəkib onlara reytinq gətirmək istəmirəm. İnsanlar kimin hansı işlə məşğul olduğunu yaxşı bilirlər. Elə mahnılar var ki onların öhdəsindən hər kəs gələ bilər. O mahnılara güclü səs diapazonu lazım deyil. Ələ salınan da belələridir.

– Zaur Kamal Afşin Azərini efirdən qovanda aparıcıya dəstək oldunuz. Sizcə, aparıcı bu hərəkətində haqlı idimi? 

– Mən qonaq getdiyim evdə ev sahibinə nəyi necə etdəcəyi ilə bağlı təlqin edə bilməyəcəm kimi, eləcə də qonaq efir aparcısına istiqamət verməməlidir.  Aparıcıya ağıl vermək heç kimin işi deyil. O da bunu edib cavabını aldı. Mən  Zaurun bu hərəkətinə haqq qazandırıram.

– Amma o söz efirdən əvvəl deyilmişdi. Sizcə, efirdən əvvəl,  yoxsa  efir  vaxtı cavab verilməliydi? 

 – Təbii ki efirdən əvvəl cavab verilməliydi. Amma ola bilsin ki, efirdən əvvəl cavab verilsəydi, Zaura şər də atıla bilərdi. Ona görə hər şeyi efirdən demək daha doğru idi. Aparıcı ona daxili işlərinə müdaxilə etdiyi üçün irad tutdu. Afşin Azəri ağıl öyrətməkdənsə, gözəl səsli müğənniləri efirə çıxarılmasını xahiş etməliydi.

– Amma Afşin Azərinin dediyini müğənnilərimiz də deyir.  Hətta, aparıcının dediyinə görə, bir xalq artistinin efirdə onun yanında özündən kiçik hesab elədiyi müğənninin oturmasıyla bağlı Zaura irad da bildirib…

–    Yəqin, sənətinin kiçilməsi baxımından deyib.

– İzləyiciləriniz sizin aparıcının tərəfini saxlamağınızı bir neçə il öncə Xəzər Tv- də yayımlanan “Beşdə beş” verilişində  Zaur Kamalın “Dünyanın ən zil səsli müğənnisi” mükafatını  verməsiylə əlaqələndirdi. Bu iddialarda doğruluq payı varmı?

– Zaur neçə illərin aparıcısıdır.  Həmin mükafat mənə  ictimaiyyətin çoxsaylı rəyinə əsasən verilib. Orada bəstəkar Elza Seyidcahan  mükafatın ona verilməsini xahiş etdi. Zaur da münsif və ictimaiyyətin rəylərinə əsasən təyin edildiyini deyərək, mükafatı ona yox, mənə təqdim etdi.

– Sizcə bu mükafat sizə sataşmaq üçün verilməmişdi?

– Niyə sataşsınlar ki?! Mənim səsim göz qabağındadır.  Sosial şəbəkələrdə hər cür adamlar var. Bəzi mənşəyi bilinməyənlər müğənniləri səhər-axşam otellərə daşıyırlar. Bunların dediklərinə fikir vermək olmaz.

Həmçinin oxuyun

Emin Ağalarov: “Biz ailə olaraq qalmağı bacarmışıq!

“Azərbaycanda bizneslə məşğul olmaqdan böyük zövq alıram”. Bunu Azərbaycanla yanaşı Rusiyada da yetərincə məhşur olan …