Ana səhifə / Şou Biznes / Azyaşlı uşaqların zəvvar olması nə dərəcədə doğrudur?

Azyaşlı uşaqların zəvvar olması nə dərəcədə doğrudur?

Bir neçə gün əvvəl İraqın Kərbəla şəhərində 5 yaşlı azərbaycanlı uşağın vəfat etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu. İlkin ehtimallara görə, azyaşlı Zəhra Rəhimova günvurmadan dünyasını dəyişib. Məlumatda deyilir ki, onun atası Habil Rəhimov Suriyada dini təhsil alırmış. Suriyadakı məlum hadisələrdən sonra o, təhsilini Nəcəf şəhərində davam etdirib. Bu səfərdə də məqsəd H.Rəhimovun dövlət imtahanı verməsi ilə bağlı olub.

Ümumiyyətlə, statistik məlumata görə, təkcə Həcc ziyarətinə hər il minlərlə uşaq gəlir ki, onların da əksəriyyəti 10 yaşından aşağı olanlardır. Xüsusən də Məkkə və bu kimi şəhərlərdə havanın temperaturunun 40 dərəcədən yüksək olduğunu nəzərə alaraq bunun azyaşlı uşaqlar üçün necə təhlükəli olduğunu müəyyənləşdirmək o qədər də çətin deyil.
İki il öncə Səudiyyə Ərəbistanı rəsmiləri 10 yaşından aşağı olan uşaqların valideynləri ilə birgə Həcc ziyarəti zamanı Məkkəyə gəlməsinə qadağa qoyulması ilə bağlı müzakirələr aparmışdılar. Həcc işləri üzrə nazirlikdən bildirilirdi ki, uşaqların çoxu isti hava şəraitində açıq havada, hər hansı sanitar qaydalara riayət edilməyən yerlərdə yatmalı olur və bu da onların sağlamlıqları üçün kifayət qədər təhlükəlidir. Lakin zəvvarlar qrupuna rəhbərlik edənlər bu məhdudiyyətlə razı olmadıqlarını, bəzi zəvvarların uşaqlarını qoymağa yerləri olmadığı üçün özləri ilə birgə apardıqlarını bildirmişdilər.

Bəs görəsən, azyaşlı uşağın Həcc və digər ziyarətlərə getməsi nə dərəcədə doğrudur? İslam dininə əsasən zəvvarlıq üçün yaş həddi varmı?

Dini ekspert Kənan Rövşənoğlu məsələyə bu cür aydınlıq gətirdi: “İslam dininə görə bütün ibadətlər və o cümlədən, Həcc ziyarəti bəlli bir yaşdan, yəni yeniyetməlikdən sonra vacib olur. Eyni zamanda, hətta yaşı da yerində olan insan üçün də bir sıra şərtlər var, maddi imkanları, əqli və fiziki imkanları yetərli olsun. Yalnız bu şərtlər olduğu halda insanın ibadət və ziyarətə getməlidir. Təbii ki, vacib hökm olmadığı halda onun ziyarəti də vacib ibadət sayıla bilməz, Həcc ibadəti sayılmır.

Kiçik uşaqların ziyarətə getməsi bu mənada vacib deyil, sadəcə valideynlər bəzi hallarda imkanları olduqda övladlarını gəzib görmələri və dini ruhda tərbiyə almaları üçün ziyarətə aparırlar.

Konkret son hadisəyə, yəni 5 yaşlı uşağın Kərbəla ziyarətinə getməsinə gəlincə, əvvəla, Kərbəla ziyarəti vacib bir dini ibadət deyil. İnsanlar İmam Hüseyn (ə) ziyarətinə getmək üçün Kərbəlaya gedirlər. Təbii ki, mənəvi baxımdan valideynin uşağını həddən artıq isti bir yerə apardığını nəzərə alıb onun qorunmasını da düşünməli, tədbir görməli idi. Ancaq hüquqi baxımdan o valideyn hər hansı məsuliyyət daşımır, yetkinlik yaşına çatmamış övladını öz inancları əsasında tərbiyə etmək valideynin müstəsna hüququdur.
Bu bir qəzadır, hər yerdə, hər zamana rastlaşa biləcək haldır. Ancaq valideynlərin xüsusilə müqəddəs yerlərə ziyarətə gedəndə bunları nəzərə alması, havanı, təhlükəni diqqətə almaları lazımdır”.

Dini ekspertin sözlərinə görə, azyaşlı uşaqların yüksək dərəcəli isti hava şəraitində ziyarətgahlara aparılmasına qanunla qadağa qoyula bilməz: “Antalyada da havanın temperaturu 40 dərəcə olur. Misirdə, Şarm əl-Şeydə daha yüksək olur. Övladını hara aparmaq, hansı tarixi və ya dini abidəni ziyarət etməsini təşkil etmək valideynin hüququdur. Burda sadəcə mənəvi olaraq valideynlərin bu durumu nəzərə alması lazımdır”. Musavat.com

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın