Ana səhifə / Şou Biznes / Azərbaycanlı biznesmenin vəkilindən şok təklif…

Azərbaycanlı biznesmenin vəkilindən şok təklif…

Bir müddət əvvəl ABŞ-ın Mayami şəhərində həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərrabın məhkəməsi davam etdirilir.

Lent.az-ın məlumatına görə, ABŞ-da ən yaxşı 5 məhkəmə rəssamından biri hesab edilən və R.Zərrabın məhkəmə prosesində iştirak edən Elizabet Uilyams təəssüratlarını və iyunun 2-də keçirilmiş son iclasda baş verənləri “Hürriyet” qəzetinə danışıb.

Tanınmış rəssam deyib ki, R.Zərrab məhkəmə prosesi zamanı çox gərgin görünüb və hakimi dinləyərkən üz ifadələri ilə narahatlığını büruzə verib. Rəssamın sözlərinə görə, R.Zərrab şəkillərdə gördüyündən və təsəvvüründə canlandırdığından fiziki cəhətdən daha cılızdır: “Kifayət qədər enli qısaqol futbolka geyinmişdi və bütün iclas boyu ayağa qalxmadı, hakim danışdıqca yanında oturmuş tərcüməçi onun qulağına pıçıldayırdı. O, vəkili, hakim və prokuror danışarkən çox diqqətli idi, amma bir neçə dəfə arxaya boylanaraq dinləyiciləri diqqətlə süzdü”.

R.Zərrabın hüquqlarını müdafiə edən vəkili Benjamin Brafman iyunun 2-dəki iclasda 1 saatlıq təqdimat çıxışı edib. Vəkil prosesə sədrlik edən hakim Riçard Bermana R.Zərrabın zəmanətə buraxılması ilə bağlı maraqlı təklif də verib. O, prokurorluğun R.Zərrabın zəmanətə buraxılmaması ilə bağlı qəti mövqeyini tənqid edərək deyib: “Əgər Rza Zərrab qaçmağa çalışarsa, təhlükəsizlik qüvvələri güc tətbiq edə bilər. Hətta əgər, icazə verirsinizsə, qaçarkən onu güllələyə də bilərlər. Əla təklifdir, deyilmi?”.

Türkiyədə fəaliyyət göstərən iş adamının vəkili əlavə edib: “50 milyon dollarlıq zəmanət paketi ilə birlikdə tanınmış təhlükəsizlik şirkətlərindən biri ilə müqavilə bağlamışıq. Hətta Manhettendə yerləşən binalardan birinin 15-ci mərtəbəsində Rza Zərrabın saxlanılması üçün ev də kirayə götürmüşük. Onun tələbatlarını qarşılamaq üçün məscidə gedişi, həkim müayinəsi və məhkəməyə gətirilib-aparılması üçün xüsusi sürücü ilə mikroavtobus da ayırmışıq”.

Vəkilin bütün təkliflərinə baxmayaraq ittihamçı-prokuror R.Zərrabın zəmanətə buraxılmasını qəbuledilməz hesab edib və hakimdən xahiş edib ki, vəsatəti təmin etməsin. Prokuror Prit Bhararanı təmsil edən köməkçisi Maykl Lokard vəkilə işarə edərək deyib: “Bunlar pulu dustaqdan alan xidmətçilərdir. Zəmanətlə azadlıqda olarkən qaçmaq həbsxanadan qaçmaqdan çox asandır. Zərrab haqqındakı ittihamlar çox güclüdür və qaçmaq ehtimalı həddindən artıq böyükdür. Bu vəziyyətdə onu Manhettendə yüngül silahla silahlanmış iki nəzarətçiyə təslim etmək həm də qonşu və ətrafda yaşayanların həyatını risk altına alar”.

Qeyd edək ki, sonuncu iclas 2,5 saat davam edib. Hakim R.Zərrabın vəkilinin vəsatətini təmin etməyib. Hakim Riçard Berman prosesin iyunun 16-da keçiriləcək növbəti iclasla davam etdiriləcəyini və R.Zərrabın cəzasının ən qısa müddətdə açıqlanacağını deyib.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın