Ana səhifə / Şou Biznes / Azərbaycanın düşmənləri sevindi, dostları məyus oldu – Üzeyir Cəfərov

Azərbaycanın düşmənləri sevindi, dostları məyus oldu – Üzeyir Cəfərov

Dəyərli dostlar, hörmətli həmkarlar!!
Bu mövzu haqqında indi danışmağın və yazmağın nə qədər riskli və xətalı olduğunu bilsəm də, bu düşüncələrimi sizin diqqətinizə çatdırmaya bilməzdim. Söhbət əlbəttə ki, dünən Sabunçu rayonunun Nardaran qəsəbəsində baş vermiş məlum hadisədən gedir. Mən məsələnin sosial, dini-əxlaqi və ya digər aspektlərinə toxunmayacağam. Mən dövlət orqanlarının, konkret vəzifəli şəxslərin öz vəzifə borclarına layiqincə, məsuliyyətlə yanaşmaması nəticəsində 6 Azərbaycanlı vətəndaşının ailə faciəsinə toxunmaq istəyirəm.
Birdəfəlik sönən 6 ailə ocağından bəhs etmək istəyirəm. Kimliyindən asılı olmayaq altı həmvətənimiz dünən dünyasını dəyişdi. İçərisində xidməti vəzifəsini yerinə yetirən iki polis nəfərimiz, həmçinin hələ ki adaları tam açıqlanmayan hadisə iştrakçıları. İnanmıram ki, onlar hansısa başqa ölkədən ora gələnlər olsun, daha çox onların da Azərbaycan vətəndaşı olduqlarını düşünürəm. Allah rəhmət eləsin, yaxınlarına və doğmalarına səbr diləyirəm. Eyni zamanda onlarla yaralı insanlarımız da var ki, hələ bilmək olmaz ki, onlardan neçəsi sağalıb normal həyatına davam edəcək, neçəsi ömürlük əzab-əziyyətə qatlaşmalı olacaq. İndi dövlət və hökumət, həmçinin ağızlarını aylarla açıb danışmayan deputatlar, dini qurumlar və din xadimləri sanki növbəyə durmuş kimi danışırlar. Özlərini çox üzgün göstərmək istəyirlər. Mən şəxsən bu konuda vəziyyətin kritik və faciəvi həddə gəlib çatmasında, onlarla insanın (ölənlərin yaxınlarını və doğmalarını nəzərdə tutaraq deyirəm- Ü.C.) faciəsində müvafiq olaraq Sabunçu Rayon Polis İdarəsinin Nardaran qəsəbəsi üzrə sahə müvəkkili olan polis zabitini, həmçinin milli təhlükəsizlik orqanlarının bu rayon üzrə cavabdeh şəxsini birinci növbədə kəskin şəkildə qınayıram. Və çox xahiş edirəm ki, mənim sözlərimi səmimi qəbul edəsiniz. Əgər o şəxslər öz üzərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirsəydilər, bu gün bu cür acınacaqlı vəziyyətlə biz üzləşməzdik. Bakıda İSESKO-nun keçirdiyi mühüm dövlət tədbiri zamanı hadisənin baş verməsi şəxsən məni çox üzdü. Biz iclas zalında dini dözümlülük, tolerantlıqdan danışdığmız zaman Nardaranda güclü toqquşma və atışma baş verdi. Ölən və yaralananlar oldu. Hadisə yerində baş verənlər ani olaraq bütün dünyaya yayıldı. Azərbaycanın düşmənləri sevindi, dostları məyus oldu. Baxın, o məşhur atalar deyimində deyildiyi kimi, “bir dəli daş atdı, min ağıllı onu çıxarda bilmədi”. Daxili İşlər Nazirliyinin Daxili Qoşunların minlərlə əsgər və zabiti, maşın və texnikası, digər qurumların məsul şəxsləri bu dəqiqələrdə hadisə yerindədirlər. Olmazdımı ki, əlaqədar qurumlar öz işlərini necə lazımdırsa vaxtında görəydilər və bu qədərə faciəyəyə və dövlət vəsaitinin sərf edilməsinə ehtiyac qalmazdı? Əlbəttə ki, olardı və vacıb idi. Üzr istəyirəm kobud ifadəmə görə. Kimə lazımdır bu “toydan sonra nağara?”
Biz bəzən dövləti maraqlar deyəndə bəzi ağzıgöyçəklər bizi ölkəmizin uğurlarını, inkişafını görməməkdə suçlayırlar. Lakin belə hallar olanda həmin o psevdopatriotlar nədənsə gözə dəymirlər. Bu ölkə hamımızındır. Onun uğurları da, uğursuzluqları da bizimdir.
Gəlin Azərbaycanımızı ürəkdən sevək və qoruyaq!! Yoxsa…
Üzeyir Cəfərov, tanınmış hərbi ekspert

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın