Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Azərbaycandakı sələfilərin biznesi

Azərbaycandakı sələfilərin biznesi

Bu dini təriqətin üzvlərinin xüsusilə istilik sistemləri, gümüş əşyalar və ətirlərin satışında monopoliya qurduqları deyilir

Son günlər mətbuatda yayılan məlumatlarda iddia olunur ki, Milli Təhlükəsizlik Nazirliyinin ifşa olunan bəzi əməkdaşları, ölkədə sələfilərin (vəhhabilərin) də fəaliyyətinə dəstək veriblər. Məlumatlara görə, son illər “vəhhabi” məsələsi, demək olar ki, bütövlükdə MTN-in monopoliyasına keçibmiş. Əməliyyat sirri və əməliyyat zərurətini bəhanə gətirən bu qurumun rəsmiləri, vəhhabilərlə bağlı nə varsa – onların bizneslərindən tutmuş məişət cinayətlərinədək – digər strukturları (Gömrük, Vergilər, hətta DQİK və QMİ) kənarda saxlayıblar. Nəticədə isə onlara nəzarət bir strukturun-MTN-in əlində cəmləşib ki, bu da hər iki tərəfə sözün həqiqi mənasında xeyir verib.

Lakin musavat.com-a daxil olan məlumata görə, MTN-də son həbslər fonunda dövlət əleyhinə olan bir sıra məqamlarla bərabər, sələfilərin də Azərbaycanda kök salmasının qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən işlərə başlanılıb. Bəs sələfilər Azərbaycanda necə kök salıblar?

Sələfilərin biznesləri

Sələfilərin Azərbaycanda müxtəlif sahələr üzrə, xüsusilə də istilik sistemləri, gümüş əşyalar, ətirlərin satışı istiqamətində monopoliya qurduqları haqqında daha öncə mətbuat səhifələrində yazılar dərc olunub. Görünür, bu biznes fəaliyyətinin nəticəsidir ki, sələfilərin maddi durumları digər dini cərəyan üzvlərinin vəziyyətindən yaxşıdır. Belə ki, müşahidələr göstərir ki, Azərbaycandakı sələfilərin kifayət qədər biznes strukturları, bahalı avtomobilləri, əmlakları var.

Sələfilər biznes şəbəkələrini isə demək olar ki, 8-ci kilometr qəsəbəsində qurublar. Buradakı avtomobil servislərində və xırda obyektlərin bir çoxunda onlara rast gəlmək olur. Eyni zamanda məşhur oboy şirkətlərinin distribütorlarının da bu cərəyanın üzvlərinə məxsus olması iddia olunur.

“MTN işi”nin sələfilərin biznes fəaliyyətinə təsiri

 

Əldə etdiyimiz məlumata görə, “MTN işi” ilə bağlı aparılan əməliyyatlar çərçivəsində sələfilərin də fəaliyyətlərinin məhdudlaşdırılması istiqamətində müvafiq qurumlar hərəkətə keçiblər. Hətta son günlər mətbuatda yazılmasa da, fəaliyyəti şübhə doğuran bir neçə vəhhabinin saxlanıldığı da bildirilir.

Paytaxtda vəhhabilərin biznes fəaliyyətinin geniş olduğu qeyd olunan məkanlara üz tutduq.
8-ci kilometr yaxınlığında yerləşən köhnə maşın bazarında az sayda da olsa, sələfilərə hələ də rast gəlmək olur. Bazarda satıcılarla söhbətimiz zamanı onlar bildirdilər ki, təxminən bir il öncə sələfiləri oradan qovublar. Ancaq hadisədən iki ay sonra, yenidən hansısa qüvvə onları bazarda yerləşdirib. Satıcılar bildirdilər ki, bazarda son günlər sözügedən dini cərəyan üzvlərinin sayı yenidən azalmağa başlayıb. Adının çəkilməsini istəməyən satıcının sözlərinə görə, onların biznes şəbəkələrini genişləndirmək üçün xüsusi yöntəmləri də olub: “Əgər onlarda müştərinin istədiyi hər hansı bir detal olmurdusa, həmin şəxsi digər cərəyan üzvü olan satıcının yanına göndərirdilər. Eyni zamanda onlar özləri üçün bazarda elə sistem qururlar ki, hamısı gün ərzində müəyyən miqdarda pul qazana bilir. Birinin yanına gələn müştəri mal alırsa, başqa bir şey də istəyəndə onu göndərirlər ”qardaş” dedikləri digər sələfinin yanına. Son zamanlar isə bazardan çıxıblar. Görünür, başqa yerdən də gəlirləri var”.
Azərbaycanda istilik sistemləri bazarında da sələfilərin çoxluq təşkil etdiyi heç kəsə sirr deyil. Xüsusilə də onlara kombi satılan mağazalarda daha çox rast gəlinirdi. Yayılan məlumatlara görə,Azərbaycanda radikalizmə qarşı hüquq-mühafizə orqanlarının son günlər başladığı təhlükəsizlik tədbirləri və əməliyyatların bir tərkib hissəsi də kombi biznesinin vəhhabilərin əlindən alınmasına yönəlib.

“8-ci kilometr bazarı”nda, eləcə də “Laçın” ticarət mərkəzində olduğumuz zaman çox az sayda sələfiyə rast gəldik. Onlar isə bazarda satıcı yox, alıcı qismində idilər. “Laçın” ticarət mərkəzində fəaliyyət göstərən satıcılar bildirdilər ki, təkcə istilik sistemi yox, geyim satışında da onlar olduqca fəaldırlar. Lakin satıcıların dilləri ilə desək, son zamanlar “saqqallılara” az rast gəlinir.

Məsələ ilə bağlı “Yeni Müsavat”a siyasi şərhçi Azər Rəşidoğlu danışıb. O bildirib ki, hakimiyyətin din siyasətində ciddi boşluqlar mövcuddur: “Ölkədə dini maarifçilik aparılmadığına görə xarici ölkələr boşluğu doldurmağa cəhd göstərirlər. Öz ölkəsinin maraqlarına deyil, xarici güc mərkəzlərinin maraqlarına xidmət edən hər bir qrupdan təhlükə gözləmək mümkündür. Odur ki, dövlət bu məsələlərə nəzarəti gücləndirməlidir. Lakin mən hesab etmirəm ki, qadağalar yolu ilə problemi həll etmək mümkündür. İlk növbədə, dini sahədə düzgün marifləndirmə işinə önəm verilməlidir. Azərbaycan daima dini tolerantlığına görə seçilib. Düşünürəm ki, məzhəb savaşını yaratmaq istəyənlər barəsində ciddi ölçülər götürülməlidir. Qanunvericilikdə dəyişiklik edilməli və dini ayrı-seçkilik salmaq istəyənlər barəsində ən ağır cəza verilməlidir. Bu, amansız görünə bilər, lakin Yaxın Şərqin yaxın və uzaq tarixinə nəzər etsək, belə addımların vaxtında atılmamasının hansı fəsadlara gətirib çıxartdığını görə bilərik”.

Əli RAİS

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın