Ana səhifə / Şou Biznes / Azərbaycanda üz dəyişdirmək mümkündür? – VİDEO

Azərbaycanda üz dəyişdirmək mümkündür? – VİDEO

Üz nəqli əməliyyatı ilə çoxumuz filmlərdən tanışıq. Məsələn, Jon Travolta və Nikolas Keygin baş rollarda olduğu “Üzsüz” filmində qəhrəmanlar bir-birinin simasına yiyələnir. Ancaq reallıqda bu əməliyyat filmlərdəki qədər sadə olmur, eləcə də üz cərrahi müdaxilədən sonra kinolardakı kimi mükəmməl görünmür.

ARB TV-nin “Günə doğru” verilişində mövzu ilə bağlı maraqlı sujet yayımlanıb.

Rauf Kərimov – plastik cərrah: “Üz dəyişdirmək əməliyyatı çox mürəkkəb bir əməliyyatdır və dünyada bir neçə ölkədə, bir neçə xəstəyə aparılır cəmi. Çox başarılı və üz güldürücü nəticələri də yoxdur. Amma yenə də xəstələrə şans verilir. Aralarında ölən xəstələr də var. Bu xəstələr ömür boyu dərmandan istifadə edirlər ki, üz qalsın, ayrılmasın”.

Əməliyyat zamanı pasiyentə ölmüş adamın üzü köçürülür. “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” qanuna görə ölkəmizdə meyitdən orqan köçürülməsi mümkün olsa da, təcrübədə bir çox problemə rast gəlinir. Belə əməliyyat hələ ki, baş tutmayıb. Məsələylə bağlı dünyada fərqli qaydalar var. Müəyyən ölkələrdə şəxsin dünyasını dəyişmədən öncəki razılığı əsas götürülsə də, bəzilərində vəfat edən insanın qohumlarının icazəsi də şərtdir. Ölkəmizdə isə artıq bir neçə ildir bununla bağlı müzakirələr gedir.

Üzün nəqlinə gəldikdə isə problem təkcə təcrübədə yaşanmır. Qanunlarımızda üz köçürülməsinə ümumiyyətlə toxunulmayıb.

Vüqar Səfərli – hüquqşünas: “Qanunda elə orqanın transplantasiyasından söhbət gedir ki, o orqan cüt olsun və bundan sonra donora həyatını davam etməsi imkanı yaransın. Üzün transplantasiyası zamanı donor həyatını davam etdirə bilməz”.

Dünyada üzün cərrahi müdaxiləylə müəyyən qədər dəyişdirilməsi hallarına rast gəlinir. Ehtimallara görə, bu kriminal avtoritetlər arasında baş verir. Amma bu əməliyyatlar leqal olmur və gizli aparılır. Üzün dəyişdirilməsinə rəsmi icazə verildiyi hallar da var. Məsələn, bəzi ölkələrdə önəmli məhkəmə proseslərində şahidlik edən şəxslərin qorunması üçün əməliyyata icazə verilir. Bu zaman başqa hüquqi məsələlər də ortaya çıxır.

Rauf Kərimov – Plastik cərrah: “Üz dəyişdirilməsi belə hüuqi prosesdir. Bu böyük bir dövlət xəstəxanasından aparılcaq əməliyyatdır. Hər yerdən icazə alınır və təsdiqlənir. Böyük ehtimal onun şəxsiyyət vəsiqəsi də dəyişilir”.

Reallıq odur ki, ölkəmizdə üz transplantasiyası hələ ki mümkün deyil. Üzün dəyişdirilməsinə qədərki proseslər kimi, əməliyyat baş tutduqdan sonra şəxsin həyat və fəaliyyəti qanunla tənzimlənmir. Meyitdən orqanların köçürülməsi məsələsi isə müzakirə olunsa da, reallaşdırmaq çətindir. Üz transplantasiyasının nə zaman mümkün olacağını isə təcrübə göstərəcək.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın