Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanda nikah müqaviləsi bağlayanların sayı artıb

Azərbaycanda nikah müqaviləsi bağlayanların sayı artıb

“Azərbaycanda ailə quran tərəflər arasında əmlak münasibətlərini tənzimləyən nikah müqavilələrinin bağlanması halları artıb”.

Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

Onun sözlərinə görə, 2015-ci ildə bağlanan nikah müqavilələrinin sayı 124 olub: “Bağlanan nikah müqavilələrinin sayı ümumi nikahların bir faizini də təşkil etmir. Amma əvvəllər nikah müqavilələrinin sayı 50-60 fakt idi. Bu gün isə müqavilələrin sayı artıq 124 olub. Əksər müqavilələr yerli vətəndaşlar arasında bağlanır”.

Qeyd edək ki, ər-arvad nikah müqaviləsi bağlamaqla ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq etmək imkanına malikdirlər.

Nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər. Nikah müqaviləsinin bağlanması məcburi deyil, tərəflərin iradəsindən və qarşılıqlı razılığından asılıdır.

Nikah müqaviləsində nikah pozulduqdan sonrakı dövr üçün nəzərdə tutulan vəzifələr istisna olmaqla, nikaha xitam verilməsi anından nikah müqaviləsinə də xitam verilir.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın