Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanda nə qədər uşaq vaxtından əvvəl doğulub? – STATİSTİKA

Azərbaycanda nə qədər uşaq vaxtından əvvəl doğulub? – STATİSTİKA

Keçən il beynəlxalq meyarlara uyğun olaraq yüksək ixtisaslı müalicə tədbirləri nəticəsində vaxtından əvvəl, 1000 qramdan az çəki ilə doğulan uşaqların 30 faizdən çoxunu həyatda saxlamaq mümkün olub. Bu barədə məlumat Azərbaycan Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Hesabatda qeyd olunub ki, ölkədə ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika davam edir. Belə ki, əgər 2010-cu ildə körpə ölümü göstəricisi 11,2, 2014-cü ildə 10,2 promilli idisə, 2015-ci ildə bu rəqəm 11 promilli təşkil edib. Bu göstəricinin artması keçən ildən başlayaraq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qəbul etdiyi daha sərtləşdirilmiş beynəlxalq diridoğulma meyarlarının respublikada tətbiqi ilə əlaqədardır. ÜST-nin məlumatına əsasən, yeni meyarlara keçid zamanı körpə ölümü göstəricisinin orta hesabla 20-25 faizə qədər artım gözlənilir. Azərbaycanda isə bu artım 10 faizdən az olub ki, bu da həmin göstəricinin əvvəlki illə müqayisədə yaxşılaşması deməkdir.
Ana ölümü əmsalı 2014-cü illə müqayisədə hər 100 min diri doğulana 14,6-dan 14,4-ə kimi azalıb.
Sənəddə o da bildirilir ki, ölkədə onkoloji xəstələrin sayı hər 100 min nəfərə 2014-cü ilə (101) nisbətən keçən il (106,8) bir qədər artıb.
Bundan başqa, keçən il şəkərli diabet xəstəliyi səbəbindən ölüm göstəricisində artım olmayıb. Eyni zamanda, bütün dünyada olduğu kimi, Azərbaycanda xroniki böyrək çatışmazlığına düçar olan və hemodializ müalicəsi alan xəstələrin sayı ilbəil artır.
Həmçinin, hesabat ilində 81 nəfərə böyrək köçürülüb. Bundan əlavə, 606 nəfər xəstədə angioplastika, 820 nəfərdə açıq, 151 nəfərdə isə qapalı ürək əməliyyatları aparılıb.
İlk dəfə olaraq Səhiyyə Nazirliyinin müəssisələrində anadangəlmə neyrosensor ağır eşitməsi olan 4 uşağa koxlear implant qoyulub.
Ölkə üzrə peyvənd planı təxminən 95-97 faiz yerinə yetirilib. Keçən il qızılca, məxmərək, difteriya, göyöskürək xəstəlikləri qeydə alınmayıb, epidemik parotitə yoluxma hadisəsi 2014-cü illə müqayisədə 33 faiz azalıb.
Bundan başqa, hesabat ili ərzində sanitariya epidemioloji qaydaların və normaların pozulmasına görə 1200-dən çox cərimə tətbiq edilib, 200-dən artıq obyektin fəaliyyətinin dayandırılması haqqında qərar qəbul edilib, 250 nəfər müvəqqəti olaraq işdən kənarlaşdırılıb.
Dərmanların keyfiyyətinə nəzarət məqsədi ilə keçən il ölkə ərazisində fəaliyyət göstərən 113 əczaçılıq müəssisəsində yoxlama keçirilib. Xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olan 4 aptek aşkarlanaraq fəaliyyəti dayandırılıb. Həmçinin, qeydiyyatsız və dövlət nəzarətindən keçməyən 835 adda 2874 qutu dərman preparatı satışdan çıxarılıb.
Qeyd edək ki, hökumətin hesabatı Milli Məclisin martın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın