Ana səhifə / Şou Biznes / “Azərbaycanda falçılığa qarşı daim mübarizə aparılır və vəziyyət nəzarət altındadır” Mübariz Qurbanlı

“Azərbaycanda falçılığa qarşı daim mübarizə aparılır və vəziyyət nəzarət altındadır” Mübariz Qurbanlı

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib.

Falçılığın dini xurafatın elementi olduğunu deyən Komitə sədri, bütün dinlərin falçılığı pislədiyi kimi İslamın da ona qarşı olduğunu vurğulayıb: “Qurani-Kərim”də falçılığın məqbul olmadığını özündə ehtiva edən ayə var. Falçılıq fırıldaqçılıqdır. Bu ad altında insanları aldadaraq onların əmlakını, vəsaitini əlindən almaq Cinayət Məcəlləsində dələduzluq maddəsi ilə tövsif edilir. Eyni zamanda, insanı aldadıb pulunu mənimsəmək Cinayət Məcəlləsində və digər hüquqi aktlarda öz əksini tapıb”.

Komitə sədri əlavə edib ki, falçılıq problemi iki vətəndaş arasında olan məsələdir. Belə ki, vətəndaşdan şikayət olarsa, hüquqi müstəvidə bu məsələyə toxunmaq mümkün olur: “Hansısa bir şəxs kiminsə evinə gedib ona hansısa tövsiyələr verib və qarşılığında həmin adamdan ödul alıbsa, bunu müəyyənləşdirmək o qədər də asan deyil. Hüquq-mühafizə orqanları ilə bizim yerli şöbələrin keçirdikləri əməliyyatlar şikayətlər əsasında olur. Şikayət olanda reydlər keçirilir, cərimə və xəbərdarlıqlar edilir. Bu cür məlumatlar mediada olanda da dərhal ona reaksiya veririk, proflaktik tədbirlər görülür. Falçılıq adı altında dələduzluqla məşğul olanlar ifşa olunmalıdır. Vətəndaşlarımız da məlumatlı olmalıdırlar. Onları daha çox maarifləndirməliyik. Biz dünyəvi dövlətik. Azərbaycan xalqının intellektual səviyyəsi yüksəkdir. 21-ci əsrdə xurafata yuvarlanmaq, həkimi qoyub falçıya getmək, problem üçün falçıya müraciət xurafat elementidir. Ona görə buna qarşı ictimai mübarizə olmalıdır”.

M.Qurbanlının fikrincə, primitiv falçılıqla ekstrasensliyi qarşı-qarşıya qoymaq doğru deyil: “Bu məsələyə toxunanda bəzi mətbuat orqanları dedilər ki, guya biz düz demirik və ekstrasenslik də falçılıqdır və s. Ekstrasenslikdə sehirbazlığın da olduğu bəllidir. Bu məsələ sübut olunub. Dünyada da onlarla bağlı mübahisəli münasibətlər var. Hətta dünyamiqyaslı ekstrasenslər var ki, onların da sehirbazlıqla məşğul olduğu məlumdur. Amma fitrətən müəyyən məsələlərlə əlaqədar öncədən fikir söyləyən insanların olduğu tarixdən bəllidir, müasir dövrdə də var. Mübahisəli məsələ olduğu üçün bununla bağlı tam fikir söyləyə bilmərəm”.
Komitə sədri, bəzi ölkələrdə ekstrasenslərə sertifikatların verilməsi məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, bəzi ölkələrdə, məsələn Rusiyada, Qərb ölkələrində, fitrətən istedadlı olanlar, ekstrasenslərlə bağlı hüquqi müstəvidə problemlər ortaya çıxmasın deyə, onlara sertifikatlar verilməsi praktikası var: “Azərbaycanda bununla bağlı hər hansı sistem yaratmamışıq. Hesab edirəm buna ehtiyac da yoxdur. Kiminsə fitrətən istedadı varsa və bunu nümayiş etdirə bilirsə, bunun üçün problem yoxdur. Əgər ekstrasensliklə məşğul olan biri hər hansı problemini həll etmək üçün ona müraciət edən şəxsdən vəsait alırsa və vəsaiti ödəyən adam da şikayət edirsə həmin ekstrasenslə primitiv formada insanı aldadan falçı arasında fərq olmur. Əsas məsələ odur ki, kimsə insanları düşdükləri problemdən sui-istifadə edib aldatmasın. Bəzən ümidsizliyə qapılanlar ekstrasenslərin qapısına gedir və onlara böyük miqdarda vəsait verir. Yaxşı olar ki, problemi olan insanlar aidiyyəti qurumlara müraciət etsinlər: psixoloji problemi varsa psixoloqa, xəstəliyi varsa həkimə, dələduzluqla qarşılaşıbsa hüquq-mühafizə orqanlarına və s. Hətta bizneslə bağlı problemi olan da falçıya müraciət edir. Ortaya sual çıxır ki, falçı problemlə üzləşəndə nə üçün öz problemini həll etmir?”.

Report.az

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın