Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanda dini radikalizmin və ekstremizmin sosial bazası yoxdur

Azərbaycanda dini radikalizmin və ekstremizmin sosial bazası yoxdur

Avqustun 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və “BP Azərbaycan” şirkətinin birgə təşkilatçılığı ilə dini radikalizmə qarşı mübarizəyə dair maarifləndirici xarakterli seminar-müşavirə keçirilib.

Azinforum.az Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinə istinadən bildirir ki, tədbirdə DQİDK sədrinin müavini Səyavuş Heydərov, “BP Azərbaycan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli və şirkətin əməkdaşları iştirak ediblər.

Seminar-müşavirə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş, dini ekstremizmin və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filminin nümayişi ilə başlayıb.

Sonra “BP Azərbaycan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli bu cür tədbirlərin keçirilməsinin, xüsusilə dini radikalizmə qarşı mübarizədən bəhs edən “Fitnə” filminin maarifləndirmə sahəsində əhəmiyyətini vurğulayıb. O, Dövlət Komitəsinin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib.

Səyavuş Heydərov çıxışında ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətlərinin dünyaya nümunə olduğunu qeyd edib. O, Azərbaycanda dini etiqad azadlığının ən yüksək səviyyədə təmin olunduğunu bildirib, həmçinin milli təhlükəsizliyimizin qorunması ilə bağlı respublikamızda son illər qəbul edilən qanun və qərarların əhəmiyyətindən, ölkəmizdə həyata keçirilən dini radikalizmlə mübarizə tədbirlərindən danışıb.

Komitə sədrinin müavini Azərbaycan dövlətinin hər zaman İslam və digər dini konfessiyalara diqqət və qayğısını qeyd edərək, respublikamızda 2016-ci ili “Multikulturalizm İli”, 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməklə prezident İlham Əliyevin dünyada dini məzhəbçilik zəminində baş verən münaqişələrin həlli üzrə yol xəritəsini göstərməsini diqqətə çatdırıb.

Hazırda qlobal təhlükəsizlik problemlərinin həllinə Azərbaycanın böyük töhfələr verdiyini vurğulayan Dövlət Komitəsi sədrinin müavini qeyd edib ki, Azərbaycanda dini radikalizmin və ekstremizmin sosial bazası yoxdur. Yaxın Şərqdə gedən proseslərə nəzər salan S.Heydərov radikalizmin və ekstremizmin yaranma səbəblərinə toxunub. O, hər kəsi həmin bölgədə baş verən hadisələrdən nəticə çıxarmağa və dini radikalizmlə mübarizədə fəal olmağa çağırıb.

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev İslam dinində radikalizmin və ekstremizmin olmadığını, tam əksinə, İslam dininin sülh, qardaşlıq, birlik dini olduğunu “Qurani Kərim”dən ayələr kontekstində dinləyicilərin diqqətinə çatdırıb.

Tədbir iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın