Ana səhifə / Şou Biznes / Azərbaycan gözəli: “Çılpaq obrazla gündəmə gəlmək…” – Video

Azərbaycan gözəli: “Çılpaq obrazla gündəmə gəlmək…” – Video

Nərmin Hacıyeva: “Arzum Kənan M.M-in filmində çəkilməkdir”.

“Miss Azərbaycan-2018” müsabiqəsinin qalibi Nərmin Hacıyeva “Yeni Müsavat”ın redaksiyasında qonaq olub. Suallarımıza cavab verən Azərbaycan gözəli ilə söhbətə müsabiqədən başladıq:

–  İqtisad Universitetini bitirmiş birinin yolu modelliyə necə düşdü?

– Təhsil aldığım sahə üzrə çalışırdım. Amma hər zaman içimdə incəsənətə qatılmaq istəyi olub. 24 yaşımda qərara gəldim ki, arzularımın arxası ilə getməliyəm. Onları gerçəkləşdirmədiyim üçün nə vaxtsa peşman olmaqdan qorxuram. Bu dəfə arzularımın dalınca getdim. Uşaqlıqdan boyuma görə hər kəs mənə deyirdi ki, model ol. Mağazada mənə qızlar yaxınlaşırdı ki, siz modelsiniz? “Yox” desəm də, içimdə hə demək istəyi vardı. İndi rahatlıqla “Modeləm” deyirəm. Bu sahəyə gəlişim müsabiqə haqqında eşitdikdən sonra oldu. Qərar verdim və qatıldım. Əvvəlcədən hədəfim 1-ci yer idi. Məqsədimə çatdım.

– Azərbaycanda modelliyə ciddi yanaşmırlar. Bu gerçəklik ilə barışmışınız?

– Əvvəllər durum daha pis idi. Indi isə inkişaf var. Illər keçdikcə bizim sahə də inkişaf edəcək. Mən yerimdə saymağı düşünmürəm. Modelliyin inkişafı üçün töhfələrim olacaq.

– Bu qərarınıza ailənizin reaksiyası necə oldu?

– Dəstəklədilər, anam çox sevindi. Çünki uşaqlıqdan hamı mənə deyirdi ki, model ol. Ailəm məni model kimi görməyə artıq hazır idi.

– Son zamanlar müsabiqələrdə pul qarşılığı birinci olmaqla bağlı qalmaqallar artıb. Başqa bir müsabiqədə hətta  saç yoldu olmuşdu.

–  O müsabiqədə yaşananlarla mənim qalibiyyətim üst-üstə düşdü.  Çox adam elə bildi ki, eyni müsabiqədir. Amma elə deyil. Bizim müsabiqədə puldan söhbət  gedə bilməz. Bizdə hər şey ciddi  idi.

– Deyirlər ki, estetik əməliyyat etdirən qadınlar gözəllik müsabiqəsinə iştirak etməsin. Onlar qalib olanda sərt reaksiya ilə qarşılaşır. Hətta sizin də estetik əməliyyat etdirdiyiniz iddia olunurdu.

– Mən heç bir əməliyyat olunmamışam. Sadə Azərbaycan qızıyam. Düşünürəm ki, əməliyyat insanların gözəllik müsabiqəsində qalib olma şansını artırır. Amma ədalətli deyil. Insan təbii gözəlliyi ilə seçilməlidir.

– Son zamanlar model yarışmalarından çıxan modellər özlərini aktrisa kimi sınayır. Siz bundan sonrakı fəaliyyətinizi necə davam etdirəcəksiniz?

– Modellik bir başlanğıcdır. Azərbaycanı dünyada təmsil etmək istəyirəm. Peşəkar model olmaq istəyirəm. Özümü aktrisa kimi sınamaq istəyim də var. Azərbaycanlı rejissorlardan Kənan M.M-i bəyənirəm.  İnşallah bir gün onun filmində rol alaram. Bu arzularımdan biridir. Bəzən deyirlər ki,  Azərbaycanda film yoxdur. O insanlar səhv edir. Kənan M.M Azərbaycanda ən yaxşı filmləri çəkir. Onun “Qayıdış” və  “Gecə qonağı- 2”  filmlərini çox bəyənirəm.

– Bəzən modeller, tanınmış xanımlar onlara olunan əxlaqsız təkliflərdən və ya sevgililik qarşılığı sponsor olan kişilərdən gileylənir və ya özlərini bu üsulla reklam edirlər. Sizin başınıza gəlib?
– Mənə çox adam bu haqda demişdi. Dedilər ki, hərə haqqında bir söz danışacaq. Mən bu çətinliklərə hazır idim. Bəlkə də, uğur qazanmağımı istəməyən şəxslərdir. Hər şey insanın özündən asılıdır. Kimsə mənə əxlaqsız təklif etməyib. Mən də elə şərait yaratmaram. Kiminsə də cürəti çatmaz.

– Dəbi izləyirsiniz?

– Əlbəttə, izləyirəm. Müsabiqədə geyimləri özüm seçirdim. Hətta, final günü geyindiyim libasa öz əlavələrim vardı. Paltarımda problem yaranmışdı, çimərlik geyimimin üzərindəki tülü libasıma əlavə etdim, çox maraqlı obraz yarandı. Hamı məndən soruşdu ki, onu haradan tapmısan? Fərqlilik yaratmağı bacarmalısan.

– ABŞ-ın ən nüfuzlu gözəllik yarışması “Miss Amerika”nın qaydalarında dəyişiklik edilib. Müsabiqədə artıq modellər çimərlik geyimi ilə podiuma çıxmayacaq.

– Bizim müsabiqədə də o qayda  həyata keçirilir. Məndə çimərlik geyimində podiuma çıxmağa qarşıyam. Alt paltarlarında və bikinidə kamera qarşısına keçmərəm. Müsabiqədən sonra bu cür təkliflər artıb. Bəlkə də,  yay aylarıdır. Ona görə bu təkliflər çoxalıb.

– Filmlərə çəkilmək istədiyinizi dediniz. Yəqin, orda da qadağalarınız olacaq?

– Bu haqda düşünməmişəm. Amma çılpaq obrazla gündəmə gəlmək fikrim yoxdur.

– Böyük məbləğli və dünyaca məşhur bir şirkətdən təklif gəlsə, o zaman da fikriniz dəyişməyəcək?

– Onu düşünməmişəm.

– Modellər arasında rəqabət var, özünə bu sahədə rəqib kimi görürsünüz? Bəyəndiyiniz, örnək götürdüyünüz model var?

– Azərbaycanda modellər, gözəl xanımlar çoxdur. Özümə rəqib heç kimi görmürəm. Məni qısqananlar, yerimdə gözü olanlar çoxdur. Azərbaycanda örnək götürdüyüm, bəyəndiyim model yoxdur. Əcnəbilərdən Adriana Limanı çox bəyənirəm.

– Daş-qaşlarla aranız necədir?

– Qızılı rəngi də, qızılı da çox sevirəm. Qızılı sevməyən qadın varmı? Ən çox sevdiyim rəng ağ, qara, qırmızıdır.

– Gələcək hədəfləriniz nələrdir?

– Hazırda tək istəyim ölkəmizi müsabiqələrdə təmsil etməkdir. Çünki ölkəmizdə modellik sahəsi yeni inkişaf edir. Bacarıqlı təşkilatçılarımız, gözəl qızlarımız, peşəkar modellerimiz var. Niyə bizdən də dünyaca məşhur model olmasın? Hər şey öz əlimizdədir.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …