Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / “Azərsun” – Zahid Oruc davası qızışır – yeni açıqlamalar

“Azərsun” – Zahid Oruc davası qızışır – yeni açıqlamalar

Son zamanlar deputat Zahid Oruc çoxlarını şoka salan açıqlamalarla çıxış edir. İki gün öncə o, Azərbaycanın ən böyük istehsalçı şirkəti olan “Azərsun Holdinq”-i də ölkədəki bahalığın əsas səbəbkarlarından biri kimi sərt tənqid edib. 
“Adamlar hələ minnət də qoyurlar ki, on minlərlə insana istehsal mədəniyyəti, istehsal intizamı və s. gətiriblər. Sanki, “Azersun” olmasaydı Azərbaycan insanı burjuaziyanın nə olduğunu bilməyəcəkdi. “Azersun” düşünür ki, 10 min insanı Afrikadan, İrandan, ya da Türkiyədən gətirməli imişlər”-deyən Z.Oruc ardınca şirkəti bazara saxta məhsullar çıxarmaqda ittiham edib. Z.Oruc deyib: “”Azersun” Çindən gətirilmiş hazır konsentratın üstündə biraz da emal prosesi həyata keçirib Azərbaycan xalqının mədəsinə “tomat”ı tökür. Bundan sonra bizim səhiyyə müəssisələrimizə, tibbi qurumlarımıza nə qədər xəstə müraciət edir”.
Bu gün isə millət vəkilinin “Azərsun”a ünvanlı tənqidlərinə şirkətdən reaksiya verilib. “Azərsun Holdinq”-in elektron media vasitəsilə yayılan cavabı olduqca qəzəbli tonda hazırlanıb. Şirkətin  Mətbuat Xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda deyilir:“Mətbuatda millət vəkili Zahid Oruc bəzi qrupların təşviqi ilə Azərbaycanın mövcud iqtisadi vəziyyətində birləşdirici deyil, dağıdıcı mövqe nümayiş etdirərək iftiralara başlayıb. Xaricə pomidor ixrac edən “Azərsun Holdinq”i, Çindən tomat konsentratı gətirməkdə ittiham edərək, gülünc mövqe sərgiləyib. Buna inanan və şübhəsi olan hər kəs Azərbaycana Çindən tomat pastası gətirilib-gətirilməməsi barədə Dövlət Gömrük Komitəsindən məlumat ala bilər. Şirkətin bu çətin dönəmdə Azərbaycan xalqı və dövlətinə necə dəstək ola biləcəyini, böhrandan çıxış yollarını araşdırdığı bir zamanda, millət vəkilinin bu ali statusa yaraşmayan iftiralara başlaması təəssüf doğurur. Minlərlə çeşiddə məhsul istehsal edən, on minlərlə iş yeri yaradan, yüz minlərlə insanın məşğulluğuna şərait yaradan bir qurumun da fəaliyyəti göz önündədir, Zahid Orucun da fəaliyyəti və həyat yolu. Zahid Oruca bundan artıq cavab verməyə lüzum görmürük”.
Qeyd edək ki, bundan əvvəl Zahid Oruc bir sıra tənqidi fikirləri ilə diqqət mərkəzinə çıxmışdı. Deputatın rezonans doğuran tənqidlərindən biri də həmkarları ilə bağlı dedikləridir. Z.Oruc hazırda təmsil etdiyi regionda etirazlar olan, buna baxmayaraq xaricdə istirahətini davam etdirən həmkarlarına da səslənib: “Hökumət bu gün ekranda, məmurlar bölgələrdə olmalıdır. O cümlədən, bilavasitə sahəvi nazirliklərin təmsilçiləri məsələni daim müzakirədə saxlamalıdır. İnsanlara o inamı vermək lazımdı ki, ortada şayiə şəbəkələrindən, böhrandan qazanmaq istəyənlərdən xilas ola bilək. Parlamentin üzərinə düşən vəzifə heç də hökumətdən az deyil. Parlament üzvü kimi həmkarlarımın fəaliyyətini təftiş etməkdən çox uzağam. Etiraz olan bölgələrdə, o rayonun təmsilçiləri haqda da mənfi fikir söyləmək istəmirəm. Onların da hər birinin səlahiyyət çərçivələri var. Amma indi xalqın yanında olmalıdırlar. Bu gün başlıca vəzifə ölkə rəhbərinin kursuna uyğun olaraq prosesi insanlara izah etmək, problemin hansısa formada həllinə inandırmaqdır. Bu gün kimsə Alp dağlarının ətəyində istirahət edə bilər, amma oradan döndükdən sonra əhaliyə baş çəkməlidir”.
Zahid Oruc isə “Azərsun”un reaksiyasına cavab olaraq Musavat.com-a bunları bildirdi: “Liberal iqtisadi mühitin yaradılmasına dair etdiyim çağırışı gərək normal qarşılayaydılar. Rusiya dövləti qırıcı təyyarəsinin düşürülməsinə görə qəzəblənəndə Türkiyəni həm də pomidorla vurdu. İndi də eyni işi bir şirkət görür. “Azərsun” gərək ayrı yolla gedəydi. Publisistik cavab yerinə son bahalaşma dalğasında əl atdıqları qiymət artımını elə 30 faiz aşağı salsaydılar, bizə daha təsirli qarşılıq vermiş olardılar.
Onda titullu salonlardan elan etdikləri “gəlirlərini itirməyi müştəri itirməkdən üstün tutduqları”nı nümayiş etdirmiş olardılar. Əgər pomidoru ixrac etdiklərini söyləyirlərsə, onda qiyməti hansı əsasla qaldırırlar? Bu yerdə cavabları da məhsullarına oxşadı. Adamlar fərqində deyillər ki, cənab prezident İlham Əliyev 10 yanvar müşavirəsində inhisarçılığın ləğvini neftdən asılılığımızın aradan qaldırılması üçün bir nömrəli vəzifə kimi elan etdi. İndi görəndə ki, qida sektorunda “Azərsun”un mühüm bir gücə çevrilməsinə qarşı ölkə rəhbərinin, hökumətin və bütün vətəndaşların birgə mövqeyi var, adamlar başlayıblar müqavimət göstərməyə. Halbuki rəqabət mühiti yarandıqca təkcə bir neçə şirkət özünün biznes layihəsini millətimizə minnət kimi sırıya bilməyəcək və on minlərlə insanımız halal burjuaziyanın gerçək təmsilçilərinə çevriləcəklər. Bax, onda bazarın  kiçik bir hissəsinə çıxacaq şirkət kimi “Azərsun”un da fəaliyyəti nə mədəmizdə, nə də mənəviyyatımızda qıcıq doğurmayacaq”. Z.Oruc şəxsinə ünvanlı sərt fikirlərə də reaksiya verdi: “Millət vəkilini biznes qurumu ilə müqayisə etməyə və tərcümeyi-halımıza gəldikdə isə qanunvericiliyin şərtinə görə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq bizə yasaq edildiyindən, bütün ölkə miqyasında kiçik bir köşkə belə sahib olmadığımdan liberal iqtisadi mühitin yaradılmasına dair çağırışı gərək normal qarşılayaydılar. Haqqımızda geniş bilgini əldə etmək üçün 15 ildir müxalif medianın ünvanımıza yazdıqları təhqiri götürüb bir də baxsınlar. Görəcəklər ki, eyni üslubda cavab veriblər. Halbuki bizlər ulu öndər ideyalarına halal xidmətimizi “qara fəhlə”liklə keçiririk.”
Z.Oruc qarşıdakıda günlərdə Bərdədə açılış mərasimlərində olacağını da dedi. Eyni zamanda onun tənqidi fikirlərindən təəccüblənənləri başa düşmədiyini vurğuladı: “Biz millət vəkilləri olaraq danışsaq, insanların evdə danışdıqlarını desək, heç camaat da küçələrə çıxmaz”. Musavat.com

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın