Ana səhifə / Şou Biznes / “Azəri adlı millət yoxdur” deyən türk tarixçiyə cavab: “Bunu Stalin uydurmayıb”

“Azəri adlı millət yoxdur” deyən türk tarixçiyə cavab: “Bunu Stalin uydurmayıb”

Tanınmış türkiyəli tarixçi, professor İlber Ortaylı bildirib ki, türklər arasında Azəri adlı millət yoxdur və Azərbaycanlı ilə Azəri başqa-başqa anlayışlardır. Onun sözlərinə görə, Azəri milləti anlayışını Stalin uydurub:

“Kommunist şairlər hələ də türk qızları yazırlar. Bunu Stalin uydurub. Stalin millətlərdən başı çıxmayan cahil gürcü olub”.

Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili Nizami Cəfərov AzVision.az-a bu məsələ ilə bağlı açıqlamasında deyib ki, Azəri milləti anlayışı siyasi-ideoloji məqsədlər üçün ortaya atılmayıb.

“Azəri türkcəsi, Azəri xalqı ifadələri 20-ci əsrin əvvəllərində meydana çıxıb. Hətta bu ifadəni Bəkir Çobanzadə işlədib. Bu, 1920-30-cu illərdə elmi kontekstdə, elmi əsərlərdə geniş istifadə olunub. Sonradan Türkiyədə Azəri türkcəsi, Azəri xalqı, Azərilər formasında məşhurlaşıb. Bu ifadəni İran mənşəli Azərilərlə bağlamaq cəhdləri meydana çıxmışdı. Mütəxəssislər yaxşı bilirdilər ki, bu komik bir məsələdir. Bu səbəbdən mülahizələr irəli sürmədilər. Əksinə mübahisələr oldu. Nəticədə mülahizə və təkliflərin elmi fikirdə elə də əhəmiyyəti olmadı. Sadəcə, 60-cı illərdə Azərbaycan dili əvəzinə dərsliklərimizdə Azəri dili yazıldı. Bir müddət bu proses getdi, sonradan aradan qalxdı”.

N.Cəfərov qeyd edib ki, rəsmən belə bir ifadə olub və hərdənbir işlədilir: “Bu gün dünyanın bir çox yerində Azəri sözünə rast gəlinir. Bunu təhlükəli bir şey hesab etmirəm. İşlədilə bilər. Hesab edirəm ki, bu, daha çox Azərbaycan xalqı, Azərbaycan dili ifadələrini qısaltmaq məqsədi ilə işlədilir. Təbii ki, elmi, siyasi termin deyil və bu ifadələr elmi-siyasi, xüsusilə elmi kontekstdə işlədiləndə mütləq izahat verilir. Amma, siyasi, inzibati kontekstdə Azərbaycan dili, Azərbaycan xalqı şəkilində işlədilməlidir. Buna qarşı xüsusi cəbhə açmaq olmaz. Hesab edirəm ki, ən azından düzgün deyil. Bu ifadə hansısa siyasi-ideoloji məqsədlər üçün ortaya atılmayıb. Daha çox texniki məsələdir. Nə qədər onun üzərinə ideoloji, siyasi, etnik motivlər əlavə etsələr də, özünü doğrultmur. Azərbaycan xalqı və Azərbaycan dili çoxdan məlum anlayışlardır. Doğrudur, bizim bəzi türkoloqlar, Azərbaycan dili mütəxəssislərimiz, tarixçilərimiz bəzən Azəri yox, Azər xalqı, Azər dili deyirlər. Bunu çox-çox qədim dövrlərlə bağlayırlar. Mənə elə gəlir ki, bu da əsaslandırılmamış fərziyyələrdir. Fərziyyələr həyatımızın, reallığımızın tərkib hissəsidir”.

Türkiyəli professorun Azəri milləti anlayışını Stalin uydurub fikrinə münasibət bildirən N.Cəfərov hesab edir ki, bu, doğru yanaşma deyil: “Bu anlayış heç vaxt Stalinin uydurması ola bilməz. Azəri milləti ifadəsi Stalindən öncə də işlədilib. Qeyd etdiyim kimi bunu Bəkir Çobanzadə 20-ci illərdə işlədib. Hətta, onun müəyyən elementləri Yusif Vəzir Çəmənzəminlidə də var. O, deyirdi ki, “Türkologiya ilə yanaşı bir Azərologiya da olmalıdır”. Yəni, bu əvvəldən olan ideyadır. Doğrudur, Stalinin təkidi olub. Amma, bu da elmi fikirdən gəlib. Azərbaycan, Azərbaycan xalqı, Azərbaycan dili sözü 30-cu ilərin sonlarında yeni konstitusiya qəbul olunanda işləndi. Stalinin ağılına gələn yox, təklif olunan, özünü doğruldan ifadələrdir.

Məsələ burasındadır ki, bunu yuxarıdan təsdiqlədilər, amma geniş müzakirələr aparmadılar. Çünki, Türk dili, Türk xalqı ifadəsi artıq Azərbaycan dili və Azərbaycan xalqının adını ifadə etmək imkanında deyildi. Türk dili, Türk xalqı ifadələri işlədiləndə bilinmirdi ki, burada Azərbaycan xalqı, Azərbaycan dili nəzərdə tutulur, ya yox, Bu proses 19-cu əsrdən başlayıb. Stalinlik bir şey yoxdur”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın