Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanlıların bank kartlarından nə qədər pul oğurlanır? – PROBLEM

Azərbaycanlıların bank kartlarından nə qədər pul oğurlanır? – PROBLEM

Plastik bank kartları ilə bağlı dələduzluq dalğası Azərbaycanı bürüməkdədir. Məlum olub ki, hər 100 dollarlıq tranzaksiyadan dələduzlara cibinə 5,35 sent «pay» düşür. Ola bilsin ki, əhəmiyyətsiz rəqəm kimi görünür, amma yekun məbləğ heyrətamizdir.

Əvvəla, ondan başlayaq ki, tranzaksiya nədir? Bu, kart sahibinin öz hesabı ilə həyata keçirdiyi hər hansı bir əməliyyatdır. Sadə dillə desək, siz hər dəfə alış-veriş, pul köçürməsi, nağdlaşdırma üçün kartdan istifadə etdikdə, tranzaksiya həyata keçirmiş olursunuz. Bank tranzaksiyasının tam dövrü sorğudan, onun işlənməsindən və cavabdan ibarətdir. Başqa sözlə, internetdə nəsə alarkən, yaxud mağazada alışınızı kartla ödəyərkən, kartdan karta pul köçürərkən tranzaksiya əməliyyatı baş tutur.

«Visa» şirkətinin məlumatına görə, Azərbaycanda kartlar üzrə dələduzluq səviyyəsi 5,35 bazis bəndinə bərabərdir. Bu günlərdə Ukrayna KİV-inə bununla bağlı məlumat vermiş MDB və Cənub-Şərqi Avropa ölkələri üzrə ölkələrin riskləri departamentinin rəıhbəri Larisa Makarova bildirib ki, 1 bazis bəndi 100 dollara 1 sent həcmində dələduzluğa bərabərdir. Başqa sözlə, Azərbaycanda hər 100 dollarlıq tranzaksiyada 5 sentdən də artıq vəsait oğurlanır.

Makarovanın sözlərinə görə, Ukraynada bu rəqəm 0,7, Qazaxıstanda 1,4, Serbiyada 1,9 təşkil edir. Tacikistanda isə 13,79-a çatır.

Virtualaz.org saytının əməkdaşı ilə söhbətində «İqtisadi təşəbbüslərə dəstək» ictimai birliyinin eksperti Samir Əliyev bildirib ki, 2015-ci ildə Azərbaycanda kartlar üzrə tranzaksiyaların ümumi həcmi 1 milyard 250 milyon manat (!) təşkil edib.

Deməli, «Visa»nın açıqladığı rəqəmləri əsas götürsək, hər 100 manatlıq tranzaksiyadan 5,35 qəpik oğurlana bilər. Ekspertin sözlərinə görə, belə çıxır ki, 1 milyard 250 milyon manatlıq əməliyyatlardan dələduzlar ən azı 625 min manat, yaxud 398,4 min dollar qazana bilərdilər.

Bu gün Azərbaycanda dövriyyədə olan kartların sayı 5 milyon ədəddən çoxdur. Bunların 80%-ni debet, 20%-ni isə kredit kartları təşkil edir.

Maraqlıdır, Azərbaycan vətəndaşlarının kartlarından pul oğurlayanlar kimlərdir? Əlbəttə ki, yerli işbazların sayı kifayət qədərdir, amma xarici «mütəxəssisləri» də unutmaq olmaz. Hələ 2013-cü ildə xəbər yayılmışdı ki, ukraynalı xakerlər Azərbaycanda «işləməyə» başlayıblar. O zaman Ukrayna virusların və virus proqramlarının yayılmasına görə birinci yerdə idi.

Bəs aldanmış və pulları qarət olunmuş kart sahibləri nə etsinlər? Axı onlar çox vaxt heç ağıllarına da gətirmirlər ki, dələduzların qurbanı olurlar.

Ekspert Samir Əliyevin sözlərinə görə, bütün dünya bankları kimi, Azərbaycan bankları da müştərilərinə güzəştə getməli və belə hallarda oğurlanmış vəsaitləri qaytarmalıdırlar. «Lakin təəssüf ki, Azərbaycanda çox vaxt belə olmur, çünki bu məsələdə qanunvericilik bazası təkmil deyil. Problemə aidiyyatı olan qanunlar qeyri-təkmildir və onların üzərində ciddi iş aparılmalıdır», – S.Əliyev deyib.

Hələliksə, bizə şükür etmək qalır ki, Azərbaycan hər 100 dollardan az qala 14 sent oğurlanan Tacikistan deyil.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın