Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanlı istifadəçilərin videolarını YouTube-dən sildirən şəxs kimdir?

Azərbaycanlı istifadəçilərin videolarını YouTube-dən sildirən şəxs kimdir?

Son günlər YouTube video portalında ATV və “Lider” telekanallarının adından kütləvi şikayətlər nəticəsində xeyli youtube kanalları bağlanılıb. 
Həmin kanallar arasında məşhur bloqlar da olub. Kanalı bağlanan istifadəçilərin çoxu incəsənət tələbələridir. Onların bütün arxivi ATV-nin bir videosuna görə silinib. Hər şeyin səbəbi telekanal adından bütün videoların şikayət edilməsidir.
Musavat.com-un özəl olaraq əldə etdiyi məlumata görə, bu işi görən Çingiz adlı şəxsdir. O, telekanallarla anlaşaraq, onların adından videoları sildirir. Məqsədi isə o videoları özünün yükləməsi və pul qazanmasıdır.
Əslində, hər bir telekanalın müəlliflik hüquqları var və bunu qoruması normal bir haldır. Lakin bu şəxs elə videoları sildirir ki, o videoların müəlliflik hüquqları çalışdığı TV-lərə aid deyil.
Məsələn, əməkdaşımız jurnalist Məhəmməd Türkmənin reportaj zamanı saytımız üçün özəl olaraq çəkdiyi video da silinib. Hansı ki, bu video “Bacanaqlar” serialının kadraxrası görüntüləri idi və bunu özü lentə alıb. Həm də telekanalın icazəsi ilə… Bu şikayətdən sonra hesab tamamı ilə qapadılıb.
Məsələ bununla da bitmir. Çingiz adlı şəxs, telekanalın öz işçilərinin də yüklədiyi videoları sildirib. Hansı ki, bu videolar verilişlərin anonsları olub. Bir sözlə, bu şəxsin məqsədi telekanalların hüququnu qorumaq deyil, oradan qazanacağı bir neçə min dollardır.
Bir neçə gün əvvəl 20-yə yaxın şəxs, ATV-nin önünə toplaşaraq, şikayətlərin geri çəkilməsini tələb ediblər. 5 il əvvəl “Onun yarısı” verilişinin videolarını youtube hesabına yükləyən Şəlalə adlı xanımın da bütün videoları silinib. Hansı ki, o veriliş artıq yayımlanmır və yeni videolar olmayacaq.
Bağlanan hesab sahiblərinin arasında məşhur insanlar da var. Bəzi müğənnilər telekanallarda qonaq olduqları verilişlərdən mahnı oxuduqları hissələri paylaşıblar. Bu videoları da məlum şəxs sildirib. Onlardan sadəcə, Alim Qasımova məxsus hesaba etdiyi şikayəti geri çəkib və onlardan üzr istəyib.
Silinən hesablar arasında “Qafqazinfo” saytının da hesabı var. Onların da hesabı sadəcə, bir videoya görə qapadılıb.
 
Redaksiyamıza müraciət edən şikayətçilər bunları deyirlər: “Bu insan gəlir əldə etmək üçün bu qədər insanın əziyyətini yerə vurur. Haqqımıza girir. Bizim illər öncə yüklədiyimiz videoları sildirir. Şikayətlərimizə də baxmır”.
Səbail Zərbəliyev: “Biz gələn həftə yenə yığışıb, ATV-yə  gedəcəyik.  ATV-dən götürdüyüm bircə muğama görə bütün arxivim silinib”.
Seymur Həsənov: “Mən “ATV xəbər”dən süjetlər yerləşdirirdim. Gecə saat 3-ə kimi yüklənməyini gözləyirdim. Hamısını sildirib. Axı xəbərin nə ziyanı var idi? Bu qədər haqsızlıq olmaz. Yeni videoları o yükləsin, biz yükləməyək. Amma köhnələri niyə sildirir? Axı köhnələri o təzədən yükləməyəcək”.
Şikayətçilərin tək tələbi videolarına edilən şikayətlərin geri çəkilməsidir. Və 2016-cı il tarixli videolar silinsin. Köhnə videolara toxunulmasın.
Hazırda məşhur “Ceyhun 145”, “Azərbaycan Musiqisi”, “Azəri TV”, “10tv”, “Baku tv” və digər kanallardan da ATV və Lider telekanallarının videoları silinib. Buna görə də, bu sahədə üstünlük ANS TV və “Space” telekanallarına keçib.
Xatırladaq ki, YouTube-un qaydası budur ki, əgər rəsmi hesab yaradılırsa, o hesaba aid videolar başqa hesablardan ancaq o tarixdən sonra yüklənibsə, silinə bilər. Bu şəxs, bu işdə də fırıldaq yolunu tapıb.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın