Ana səhifə / Şou Biznes / Azərbaycanlı ailə qızının adını “Küftəxanım” qoymaq üçün müraciət edib

Azərbaycanlı ailə qızının adını “Küftəxanım” qoymaq üçün müraciət edib

“Ötən il Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyasına Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən 286 müraciət daxil olub”.

Bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

Sədr müavini bildirib ki, quruma daxil olan müraciətlərin 200-nə müsbət cavab verilib: “86 müraciətdə əks olunan adların qoyulmasına isə icazə verilməyib. Vətəndaşlar qeydiyyat şöbəsinə körpəsinə ad qoymaq üçün və ya öz adlarını dəyişmək üçün müraciət edirlər”.

S.Sadıqovanın sözlərinə görə, son dövrlərdə ən çox ikili adların verilməsinə meyil çoxdur: “Məsələn “Əkbər İmran”, “Şuşa Emin”, “Yaqub Qalib” adlarının qoyulması ilə bağlı Komissiyaya məktublar daxil olub. Azərbaycan dilinin ədəbi dil normalarına görə ad mürəkkəb söz kimi yazılırsa, onun qoyulmasına icazə verilir. Amma ayrı yazılırsa, adlar sisteminə ziddir, yəni olmaz. Müraciət edənlər isə adların ayrı yazılmasını istəyir, yəni iki adı daşımaq istəyirlər. Biz cavabda da qeyd etmişik ki, bu adların birini götürə bilərsiniz, amma onlar hər iki xüsusi ismi məhz ad olaraq götürmək istəyirlər. Bu isə dilin qrammatik quruluşuna uyğun deyil. Həmin adların bitişik yazılması üçün də müəyyən qaydalar qorunmalıdır”.

Mütəxəssis ötən il, adların türk dilinə uyğunlaşmasına, yəni “ə” hərfi əvəzinə “e” hərfindən istifadəyə də maraq artdığını deyib. O bildirib ki, belə olan halda Azərbaycan dilinin qrammatik quruluşu pozulur: “Bu səbəbdən də 2016-cı ildə qoyulması üçün müraciət olunan “Mehdi” adının “Məhdi”, “Əmrah” adının “Emrah”, “Əmir” adının isə “Emir” formasında qoyulmasına icazə verilməyib. Çünki bu forma türk dilininin qrammatikasına uyğun ola bilər, amma Azərbaycan dilinin qanunlarına uyğun deyil. Düzdür, bizim əlifbamızda həm “ə”, həm də “e” saiti var, amma qeyd olunan adlarda Azərbaycan dilinin qrammatik qayda-qanunu pozulur. Həm də “Mehdi”, “Əmrah”, “Əmir” adları dilimizdə formalaşmış adlardır, biz onları dəyişə bilmərik. Hamı bu tendasiya ilə getsə dilin qrammatik quruluşu pozular”.

O qeyd edir ki, Terminologiya Komissiyasın adlarının qaydalara uyğun olaraq qoyulduğu halda fərqli ad ilə dəyişmək istəyən şəxslərin də müraciətləri daxil olur: “Mülki Məcəllədə təbii ki, buna icazə var, mümkündür. Adını dəyişən şəxs ciddi səbəb göstərməlidir və yeni seçilən adlar dilin qayda-qanunlarına uyğun olmalıdır. Məsələn, Sevda adlı xanım müraciət edib ki, adını “Sevana”, Pərvanə adlı xanım isə, öz adının türk dilində olan forması “Kələbək”, Dünyamalı adlı şəxs isə adını “Daniel” qoymaq istəyir. “Sevana” erməni mənşəli sözdür, “Kələbək” və “Daniel” sözü isə Azərbaycan dilinin ad sisteminə uyğun deyil. Bu səbəblərdən də müraciətlərə müsbət cavab verilmədi, çünki bu adların qoyulmasına icazə vermək olmaz”.

Sədr müavini ötən il komissiyaya daxil olan müraciətlərin içərisində qoyulmasına icazə verilməyən digər adları da açıqlayıb. Siyahıda “Edvart Kan”, “Haspina”, “Ariana”, “Nuraairis”, “Duam”, “Küftəxanım”, “Atika”, “Ayasofiya”, “Fatimeyizəhra” adları da var. (“Report”)

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın