Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanda qripə qarşı peyvənd kampaniyası niyə aparılmır?

Azərbaycanda qripə qarşı peyvənd kampaniyası niyə aparılmır?

Qripin geniş vüsət aldığı payız-qış aylarında bu xəstəlikdən qorunmaq üçün əvvəlcədən tədbir görüb peyvənd etdirənlər az deyil.

Xüsusilə nəzərə alsaq ki, ətrafımızdakı ölkələrdə “donuz qripi” az qala epidemiya halını alıb.

Bəs peyvənd haradan alınır? Apteklərdə açıq satışı varmı? Yoxsa poliklinikalara baş çəkmək lazımdır?

Suallarımıza cavab almaq üçün bir neçə aptekə üz tutsaq da, heç birində peyvənd satışına rast gəlmədik. Satıcıların hamısından, demək olar ki, eyni cavabı eşitdik: “Bizdə ümumiyyətlə peyvənd satılmayıb”.

Bir neçə aptekdə isə peyvənd deyil, sadəcə immuniteti artıran “İmmunoqlobulin” preparatının satıldığının şahidi olduq.

Oxşar sualı ünvanlandığımız şəhər poliklinikalarından da eyni cavabı aldıq – peyvənd yoxdur, heç əvvəllər də olmayıb.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Virtualaz.org saytına açıqlamasında bildirdi ki, Azərbaycanda qrip əleyhinə peyvənd işi dövlət tərəfindən aparılmır. Ona görə də, poliklinikalarda peyvənd yoxdur:

“Özəl tibb müəssisələrində təklif oluna, apteklərə müxtəlif dərman firmaları tərəfindən satıla bilər, amma bu peyvənd dövlət tərəfindən təşkil olunmur. Əgər kimsə peyvənd etdirmək istəyirsə, bunu avqust-sentyabr aylarında etməyi məsləhətdir. Çünki peyvənd qrip mövsümü başlamazdan əvvəl edilməlidir”.

Professor Adil Qeybulla isə virtualaz.org-a açıqlamasında vurğulayıb ki, qrip əleyhinə peyvənd çox ciddi işdir və onun edilməsi mütləqdir:

“Ümumiyyətlə, peyvənd aktiv immunizasiya deməkdir. Bu, orqanizmə imkan verir ki, əks cisimlərin əmələ gəlməsinə qarşı mübarizədə aktivləşsin.  Ona görə də, peyvənd çox mühüm tədbirdir. Bir faktı qeyd edim ki, 4 karantin infeksiyadan biri olan təbii çiçək məhz kütləvi vaksinasiyanın sayəsində yoxa çıxıb. Hazırda dünyada belə xəstəlik yoxdur. Halbuki, təbii çiçək epidemiya yaradan və kütləvi insan ölümünə səbəb olan xəstəlik kimi tanınırdı.

Əhali arasında adətən şayiələr dolaşır ki, kiminsə vaksinasiyadan halı pisləşdi və s. Vaksinasiya əleyhinə təbliğat aparmaq düzgün deyil”.

A.Qeybulla hesab edir ki, peyvəndlərin apteklərdə satışından daha çox taun əleyhinə stansiyalar,  bəzi xəstəxanalarda olmasına çalışmaq lazımdır:

“Apteklərdə olmağı da yaxşıdır, amma orada pulsuz verilə bilməz, xəstəxanalarda isə peyvəndlərdən pulsuz yararlanmaq mümkündür. Ola bilsin ki, özəl klinikalarda var, bu da fərdi peyvənddir”.

Peyvəndlər müxtəlif ölkələrdə müxtəlif dərman şirkətləri tərəfindən hazırlansa da, onların tərkibi hamısında eynidir. Belə ki, bütün şirkətlər Ümumdünya Səhiyyə Təşkilatının qrip mövsümündən əvvəl müəyyən etdiyi formuldan istifadə edir və peyvənd hazırlayır. Peyvənd adamı təxminən bir il ərzində qripdən qoruyur.

Mütəxəssislərin fikrincə, adi qrip əleyhinə vaksin “donuz qripi”nə yoluxmanın qarşısını ala bilməsə də, onun gedişatını xeyli yüngülləşdirir. Bir faktı qeyd etmək yerinə düşər ki, son günlərdə “donuz qripi”ndən ölənlərin arasında bir nəfər də olsun peyvənd olunmuş adam yoxdur.

Azərbaycanda fərqli olaraq, Türkiyə və Rusiyada peyvənd olunmaq daha asan başa gəlir. Belə ki, Türkiyədə qrip əleyhinə peyvəndlər həm apteklərdə satılır, həm də onları tibb müəssisələrindən əldə etmək mümkündür. Yəni istənilən şəxs aptekdə pul ödəyib peyvəndi ala, elə oradaca peyvənd vurdura bilər, ya da hansısa xəstəxanaya üz tuta bilər. Onların qiymətləri növlərinə görə 13 türk lirəsi ilə 26 türk lirəsi arasında dəyişir. Buna baxmayaraq, mütəxəssislər məsləhət görür ki, ola biləcək əlavə təsirlərə yerində müdaxilə edə bilmək üçün tibb müəssisələrində peyvənd olunsunlar.

Bəzi mütəxəssislər qrip əleyhinə peyvəndin avqust-sentyabr aylarında vurulmasını məsləhət görsə də, Rusiya təcrübəsində bu proses oktyabr ayında başlayır. Bunun da səbəbi Rusiyada qrip mövsümünün oktyabr-may ayları ərzində davam etməsi ilə bağlıdır. Rusiyada əhalinin peyvəndə ciddi marağı olmasa da, burada qrip əleyhinə vaksin pulsuzdur. Belə ki, hər il oktyabr ayından başlayaraq ölkənin bütün bölgələrində tibb işçiləri əhalini tamamilə pulsuz peyvənd edir.

Virtualaz.org 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın