Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanda niyə ən çox qadınlar məişət zorakılığına məruz qalır?

Azərbaycanda niyə ən çox qadınlar məişət zorakılığına məruz qalır?

Mehriban Zeynalova: “Biz hələ də qanunu adət-ənənələrlə qarışdırırıq”; Əhməd Qəşəmoğlu: “Azərbaycan ailəsində gərginlik heç vaxt indiki qədər olmayıb”

Son illərdə qadına qarşı şiddət hallarının sayı artıb. Bu cür şiddətə məruz qalan qadınlar isə bəzən o həddə çatdırılır ki, intihar edir, bəzən isə sığınacaq evlərinə gedirlər. Məişət zorakılığı ilə bağlı məlumat bankına daxil olan məlumatların yanvar ayındakı təhlilinə görə, ötən ilyarımda Azərbaycanda məişət zorakılığına məruz qalan insanların 85,5 faizi qadınlar, 14,5 faizi kişilər olub.

Maraqlıdır, qadınlara qarşı şiddətin artmasına səbəb nədir?

“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova sığınacaqlarında müxtəlif zorakılıqlara məruz qalan 20 qadının olduğunu dedi: “Mən kişinin qadına, qadınınsa kişiyə zorakılığının heç birini dəstəkləmirəm. Amma hələ ki gündəmdə daha çox olan məsələ qadına qarşı olan zorakılıqdır. Hazırda bizdə sığınacaqda 20 qadın var, uşaqlarla birlikdə isə 45 nəfər var. Bizim sığınacaqda qalanlar zorakılığın müxtəlif formaları ilə – təzyiq, ölüm hədəsi, döyülmə, psixoloji zorakılığın bütün formaları ilə üzləşənlərdir. Qadının kişini döyməsi halı isə həmişə mövcud olub. Sadəcə olaraq, bu məsələni həmişə gündəmə gətirib qabardırlar. Bəlkə də qadına zorakılığın fonunu zəiflətmək istəyirlər. Alkoqolik kişilərin arvadı tərəfindən döyülməsi halına şimal bölgəsində rast gəlmək olar. Amma ümumən götürdükdə daha çox qadınlar fiziki zorakılığa məruz qalır. Psixoloji zorakılıqlar da var. Psixoloji təzyiq nəticəsində intihara əl atan qadınlar var. Bir ay bundan əvvəl bir qadın özünü evdə asaraq öldürmüşdü. Bunun da arxasında daha çox psixoloji zorakılığın mövcud olduğu müəyyənləşdi. Mən iqtisadi, fiziki, psixoloji zorakılıq, cinsi zorakılıqdan danışmıram, çünki onun mahiyyətini ailə öz içində də hətta dərk etmir və gündəmə gətirmir. Amma hər halda, psixoloji və iqtisadi zorakılığın fəsadları ilə bağlı araşdırma aparılsa, real görünə bilər ki, qadınlar nə qədər zorakılığa məruz qalıb. 2005-ci ildən bu yana apardığımız tədqiqatlarda, ilkin mətbuatın tədqiqatına başlayanda o vaxt bütün mətbuatı araşdırırdıq: 15 nəfər öldürülmüşdü. Amma bu gün bu rəqəm 70-90-a qalxıb. Real olanı deyirlər ki, 29-dur. Amma mətbuatı monitorinq etsək, daha çox çıxdığını görərik”.

M.Zeynalova bu kimi məsələlərin qarşısını almaq, azaltmaq üçün yalnız maarifləndirməyə söykənməyin kifayət etmədiyini dedi: “Əgər şəxs çıxılmaz vəziyyətdədirsə, sən onu maarifləndirməklə nə dəyişəcək? Bizdə 102 xidməti var. Yaxud mühafizə tətbiq edilib zorakılıq tətbiq edən adam evdən çıxarılmalıdır. Yalnız maarifləndirmə məsələni həll etmir. Maarifləndirmə yalnız o zaman mümkün olur ki, insanlar tabe olmağı qanunun aliliyini özü üçün norma hesab etsin. Bizim xalqda qanunu öyrənmək və ona tabe olmaq ənənəsi hələ tam formalaşmayıb. Yəni şüur o dərəcədə deyil. Biz hələ qanunu adət-ənənələrlə qarışdırırıq. Adət-ənənələr bizdə daha çox qanuna çevrilir, nəinki qanuna tabe olmaq. Biz hansısa dövr üçün ola bilsin ki, ağır cəzaları tətbiq etməliyik ki, digərlərinə görk olsun. Paralel olaraq xidmət paketlərimiz hazır olmalıdır. Yəni bu, istənilən rayon üçün əlçatan olmalıdır. Sosial işçilər ordusu yaradılmalıdır və onlar təhlükəli vəziyyətdə olan ailələrdə qiymətləndirmə işi aparıb dərhal çevik hərəkət edərək öz təsirlərini həyata keçirməlidir. Yalnız bu cür ölüm hallarını azalda bilərik”.

Image result for Sosioloq Əhməd Qəşəmoğlu

Sosioloq Əhməd Qəşəmoğlu Azərbaycan ailələrində gərginliyin heç vaxt indiki kimi olmadığını bildirdi: “Problemin kökü ondan ibarətdir ki, cəmiyyətdə sürətlə gedən dəyişikliklərdə qloballaşmanın, ölkədəki sosial-iqtisadi proseslərin, eyni zamanda müəyyən başqa proseslərin də təsiri var. Amma fakt odur ki, son on illiklərdə ailələrdə gün keçdikcə gərginlik daha da artır. Azərbaycan ailəsində gərginlik, şiddət heç vaxt indiki kimi olmayıb. Bu gərginliyin artması fonunda kişilərimiz bir qədər konservatordur, adət-ənənələrin qoruyucularıdır və daha da çox o ənənəvi əxlaqi normaların tərəfdarı qismindədirlər. Qadınların daha çox filmlərin, sosial şəbəkələrin, cəmiyyətdə olan başqa proseslərin təsiri altında bir qədər qondarma azadlıq haqqında təsəvvürləri genişlənib. Əslində isə o həqiqi azadlıq deyil. Bu fonda da ailədə gərginlik get-gedə artır, kişilər daha çox ənənələrin qoruyucusu qismində, qadınlarsa daha çox sərbəstliyə can atan təbəqə şəklində ortaya çıxır. Bu vaxt da iki cinsin arasında gərginlik daha da artır. Təbii ki, burada fiziki cəhətdən kişi güclü olduğu üçün kişilərin əlindən qəfil hadisələr, ölüm hadisələri daha çox çıxır. Həmin bıçağın, yaxud yumruğun qalxıb qadına dəydiyindən əvvəl bəlkə də min dəfə mənəvi zərbələr onlara dəyir və nəhayət, əl gedir yumruğa, bıçağa. Yəni fiziki zərbədən qabaq evdə çox dəhşətli mənəvi zərbələr olur. Bu mənəvi zərbələri vuranlar arasında qadınların statistikası daha çoxdur. Çünki dediyim kimi, kişilər daha çox qədim adət-ənənələrin qoruyucusu qismindədirlər, qadınlarsa sərbəstlik, azad fikirlilik nümayiş etdirirlər. Buna görə də qadınlar arasında deyingənlik artır. Hadisələr bu cür davam etsə, bir ildən sonra qadınların fiziki gücü çatan kişiləri döydüklərinin də şahidi olacağıq”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın