Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanda neft biznesi olan milyarder Bakıdakı mərkəzin binasına bənzəyən tikilinin sahib oldu – Fotolar

Azərbaycanda neft biznesi olan milyarder Bakıdakı mərkəzin binasına bənzəyən tikilinin sahib oldu – Fotolar

Azərbaycanda iri neft aktivlərinə malik olan inquş milyarder Mixail Qutseriyev Moskvada unikal hesab edilən Domina-Tower biznes-mərkəzinin sahibi olub. RBK xəbər verir ki, bu biznes mərkəz “DominionM” şirkətinin Qutseriyevə məxsus “MDM Bank”dan götürdüyü kredit əvəzinə girov kimi qoyulubmuş. Amma şirkət borcu ödəyə bilmədiyi üçün bu biznes mərkəz artıq Qutseriyevin əmlakları sırasına keçib. 

Bəs, Azərbaycan oxucusu üçün bu xəbəri maraqlı edən nədir? İş ondadır ki, bu bina britaniyalı arxitektor, Bakıdakı Heydər Əliyev Mərkəzinin binasının memarı olmuş Zaha Hadidin Moskvada müəllifi olduğu yeganə tikilidir. Ötən il 65 yaşında ürək çatışmazlığından vəfat edən Zaha Hadidin Moskvada layihələndirdiyi bu mərkəz Heydər Əliyev Mərkəzinə bənzərlikləri də var.

Domina Towerin tikintisi 2008-ci ildə başlayıb və 7 il davam edib. Biznes mərkəz 2015-ci ilin payızında istifadəyə verilib. Tikinti üçün 2.5 milyard rubl xərclənib.

Zaha Hadidin dizaynı əsasında Britaniya, Honq Konq, Almaniya və Azərbaycan da daxil olmaqla dünyanın bir neçə ölkəsində möhtəşəm memarlıq abidələri tikilib. Romadakı XXI əsr milli incəsənət muzeyi, Londondakı su olimpiya idman növləri mərkəzi, Serpentin Sakler qalereyası, Sinsinnatidəki Rozental müasir incəsənət mərkəzi, Çindəki Quançjou opera teatrı, Qlazqodakı nəqliyyat muzeyi və s. onun yaradıcılığının məhsuludur. Onun Bakıda inşa etdiyi Heydər Əliyev Mərkəzinin binası da öz dizaynı ilə görənləri heyran edir.

Mixail Qutseriyev 1958-ci ildə martın 9-da Qazaxıstanda anadan olub. Əmək fəaliyyətinə Qroznıda müəssisələrin birində yükdaşıyan kimi başlayıb. Cambul Texnologiya İnstitutunda axşam şöbəsində, 1995-ci ildə Rusiya hökuməti yanında Maliyyə Akademiyasında, Rusiya Dövlət Neft və Qaz Universitetində təhsil alıb. Plexanov adına İqtisadiyyat Akademiyasında doktoranturada “Azad iqtisadi zona” mövzusunda müdafiə edərək alimlik dərəcəsi alıb.

1992-ci ildə Cövhər Dudayevin hakimiyyətə gəlməsindən sonra bütün biznesini Çeçenistanda qoyub Moskvaya gəlib. Burada “BİN” adlı maliyyə kompaniyası yaradıb. 1995-ci ildə LDPR-in siyahısından Dövlət Dumasına deputat seçilib. 1999-cu ildə Jirinovskinin partiyasından çıxıb və müstəqil namizəd kimi Dumaya seçilib. 2000-ci ildə “Slavneft”in prezidenti seçilib və mandatından imtina edib.

2002-ci ildə “Russneft” kompaniyasını yaradıb və rəhbərlik edib. Qutseriyev bir neçə ilin ərzində sürətlə varlanaraq ölkənin ən zəngin adamlarından birinə çevrilə bilib. Onun şirkəti “Russneft” də sürətlə böyüməkdə idi…

2007-ci ilin iyununda Qutseriyev dövlət tərəfindən ciddi təzyiqlərə məruz qaldığından “Russneft”i Kremlə loyal olan biznesmen Oleq Deripaskaya satır və “elmlə məşğul olmaq” istədiyini deyir. Deripaska kompaniyanı üç milyard dollara alır. Hələ o zaman deyilirdi ki, inquş biznesmen Kremlin qəzəbinə İnquşetiya müxalifətini maliyyələşdirdiyi üçün gəlib.

2007-ci ilin avqustunda Moskvanın Tver rayon məhkəməsi maliyyə fırıldaqlarında ittiham olunan Qutseriyevin qiyabi həbsinə qərar verir. Ancaq Qutseriyev yəhudi iş adamı Mixail Xodorkovski kimi Sibir həbsxanalarına düşmədi və vaxtında Rusiyadan qaçdı.

Elə həmin ərəfədə Qutseriyevin 21 yaşlı oğlu, Londonda təhsil alan və Rusiyaya qayıdaraq atasının biznes strukturlarına rəhbərlik etməyə başlayan Çingizxan Moskvada “Ferrari” avtomobili ilə qəzaya düşür. Qəzadan sonra o, hadisə yerini özü tərk edir, evlərinə qayıdır və bir neçə saatdan sonra sinəsində bərk ağrılar başlayır. Həkimə aparılsa da, onun həyatını xilas etmək mümkün olmur. Qutseriyev oğlu ilə vidalaşmaq üçün Moskvaya gələ bilmir, biznesmen Azərbaycan hakimiyyətinin yüksək dairələrində malik olduğu əlaqələrdən istifadə edərək oğlunun cəsədinin xüsusi təyyarə ilə Bakıya gətirilməsinə nail olur. Daha sonra özü də Bakıya gəlir və burada məxfi şəraitdə mərasim təşkil olunur. Daha sonra Çingizxanın cəsədi dəfn olunmaq üçün Qutseriyevin vətəni olan İnquşetiyaya aparılır.

Məlumatlara görə, Qutseriyevi Bakıda qoruyan iş adamı İsgəndər Xəlilov olub. Məhz İsgəndər Xəlilovun dəstəyi nəticəsində Qutseriyev bir müddət Bakıda təhlükəsiz şəraitdə qala bilib.

Qutseriyev Londonda gizləndiyi və beynəlxalq axtarışda olduğu vaxtlarda Azərbaycanda da biznesini genişləndirib, yeni neft layihələrinə qoşulub və dəfələrlə Türkiyə üzərindən Bakıya gedib-gəlib.

2010-cu ildə Rusiya Daxili İşlər Nazirliyi yanında İstintaq Komitəsi Qutseriyev haqqında həbs-qətimkan tədbirini ləğv edib. 3 ilə yaxın axtarışda olduqdan sonra Rusiya hakimiyyəti ilə anlaşan milyarder yenidən bu ölkəyə qayıdaraq biznesə başlayıb.

Qutseriyev Rusiyaya qayıdıb “Russneft”i Deripaskadan geri alandan sonra dərhal səhmlərinin bir hissəsini “Sberbank”a və “Sistema”ya satıb.
“Forbes” jurnalının 2017-cı ilin son hesabatında Qutseriyevin 6,3 milyard dolları olduğu məlum olub.

musavat.com

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın