Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanda nə qədər qadın polis var? – AÇIQLAMA

Azərbaycanda nə qədər qadın polis var? – AÇIQLAMA

Son günlər ölkənin ayrı-ayrı bölgələrində qadınların ailə münaqişəsi zəminində qətlə yetirilmələrini təhlil edən bir sıra ekspertlər və gender problemləri üzrə mütəxəssislər zərif cinsin nümayəndələrinə qarşı törədilən ağır cinayətlərin qarşısını almaq üçün “çıxış yolları”ndan danışarkən məişət zorakılığı ilə mübarizənin həlli yollarından biri kimi respublikamızda qadın polis qruplarının yaradılmasını, bir az da konkretləşdirsək, daxili işlər orqanlarında çalışan qadın əməkdaşların sayının artırılmasını təklif edirlər və iddia edirlər ki, guya polis orqanlarında çalışanların yalnız 3,5 %-ni xanımlar təşkil edir ki, onlar da ancaq dəftərxana şöbələrində işləyir, ya da informasiya texnologiyalarına cavabdehlik daşıyırlar.

Cinayətkarlığın artma və azalması tendensiyası, baş vermə səbəbləri, bir sözlə, kriminologiya barədə kifayət qədər təsəvvürləri olmayan, fəaliyyət sferaları əsasən gender bərabərliyi, qadın hüquq və azadlıqlarının qorunması olan QHT təmsilçiləri və ya polisə qarşı açıq qərəzi ilə seçilən, daxili işlər orqanlarının qazandığı uğurları hər zaman qısqanclıqla qarşılayan bəzi “müstəqil” ekspertlər daha çox qadın həmrəyliyindən çıxış edir, mahiyyətlərinə dərindən varmadıqları məsələyə səthi yanaşma sərgiləyərək mövzu ilə bağlı əsassız olaraq gündəm yaratmaq və bu zəmində ictimai rəyi özlərinə cəlb etmək istəyirlər.

Ekspertlərin qadın polis qruplarının yaradılması və ya qadın polislərin sayının artırılması barədə səsləndirdikləri təkliflərin ilk baxışda nəcib bir təşəbbüs, əslində isə reallıqla uzlaşmayan, populist və ayrı-seçkiliyə xidmət edən bir yanaşma olduğunu görməmək mümkünsüzdür. Əvvəla ondan başlayaq ki, ölkədə demokratik, bərabər imkanlara malik cəmiyyətin yaradılması, qadınların cəmiyyətdə rolunun artırılmasında və gender balansının təmin edilməsində dövlətin, qeyri-hökumət təşkilatlarının səylərinin gücləndirilməsi üçün Ulu Öndər Heydər Əliyev tərəfindən hələ 2000-ci ilin mart ayında “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman imzalanıb.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkənin ictimai-siyasi, sosial-iqtisadi və intellektual-mənəvi həyatının ən müxtəlif sahələrində, o cümlədən daxili işlər orqanlarında da qadınların daha geniş təmsil olunmasına çox böyük diqqət yetirilir. Bunun əyani təzahürü Qadın Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyət dairəsinin genişləndirilərək onun bazasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, həmçinin, 2006-cı ildə ölkədə kişi və qadınların ictimai həyatın, siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlarının təmin edilməsini

nəzərdə tutan “Gender bərabərliyi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsidir.

Xatırlatmaq yerinə düşər ki, sözügedən normativ-hüquqi aktların qəbulu, təşkilati-praktiki addımların atılması ekspertlərin istinad etdikləri “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun qəbulundan xeyli əvvələ təsadüf edir. Cinayət Məcəlləsində qadınların müdafiəsini təmin edən maddələr də təsbit olunub. İddiaların əksinə olaraq, polis əməkdaşları nəinki “Məişət zorakılığının qarşısının alınması haqqında”, o cümlədən xidməti fəaliyyəti tənzimləyən digər qanunları, DİN-in müvafiq əmr və göstərişlərinin, digər normativ-hüquqi aktların tələblərini peşə hazırlığı dərslərində, ixtisasartırma kurslarında dərindən mənimsəyərək gündəlik fəaliyyətlərində tətbiq edirlər. Əgər DİN rəhbərliyi tərəfindən uzun müddətdir həyata keçirilən kadrların düzgün seçilib yerləşdirilməsi siyasəti, əməkdaşların nəzəri və praktik hazırlıqlarını, peşəkarlıqlarını və təcrübələrini artırmalarına gündəlik diqqət və nəzarət müasir dövrün tələbləri səviyyəsində olmasaydı, o zaman, təbii ki, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin qorunması sahələrində bu gün böyük fəxarətlə öyündüyümüz, başqalarına nümunə göstərdiyimiz dayanıqlı sabitlikdən, əmin-amanlıqdan danışmaq da məntiqsiz olardı.

Daxili işlər orqanlarında qadınların sayının artırılması məqsədilə ekspertlər tərəfindən kvota sisteminin tətbiq olunması, polis orqanlarına daxil olmaq istəyən xanımlar üçün “açıq qapı günləri”nin təşkil edilməsi təklifləri cəlbedici olduğu qədər məntiqsiz, ümumiyyətlə, hər bir şəxsin qanun qarşısında bərabərliyini nəzərdə tutan məşhur konstitusion prinsip ilə açıq-aşkar ziddiyyət təşkil edən ziyanlı bir təşəbbüsdür. Bunu irəli sürənlər qətiyyən fərqinə varmayıblar ki, artıq uzun müddətdir polisdə xidmətə qəbul “Dövlət qulluğu haqqında” qanunun tələblərinə uyğun olaraq, aşkarlıq, şəffaflıq və ədalət prinsiplərinə uyğun şəkildə, Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir və mövcud qanunvericilik qəbulun digər üsulla həyata keçirilməsini istisna edir. Hər il nəinki Polis Akademiyasını, eləcə də dövlət ali təhsil müəssisələrini hüquqşünaslıq ixtisası üzrə bitirmiş yüzlərlə məzun, o cümlədən qızlar KİV-lərdə öncədən verilən elanlara uyğun olaraq, sənədlərini Baş Kadrlar İdarəsinə təqdim edərək DİO-da xidmətə qəbul üzrə keçirilən müsabiqələrdə iştirak edir, test imtahanlarından və Müsahibə Komissiyasından müvəffəqiyyətlə keçdikdən sonra Daxili İşlər Nazirliyinə dəvət edilir və burada hörmətli nazirimiz, general-polkovnik cənab Ramil Usubov tərəfindən müvafiq vəzifələrə təyin olunurlar.

Bundan əlavə, sözsüz ki, Daxili İşlər Nazirliyi sisitemində qadınların və kişilərin bərabər sayda təmsil olunmamasının obyektiv səbəbləri də vardır. Daxili işlər orqanlarında fəaliyyətin başlıca istiqamətlərini cinayətlərin və digər hüquqpozmaların qarşısını almaq,

törədilmiş cinayətləri açmaq, cinayətkarları aşkara çıxarıb tutmaq, ictimai qaydanı qorumaq, ictimai təhlükəsizliyi təmin etmək və s. kimi çətin və ağır vəzifələrin təşkil etməsi, qanunla müəyyən edilmiş funksiyaların isə sutka ərzində fasiləsiz həyata keçirilməsi baxımından qadınların sayının kişilərə nisbətən az olması təbiidir. Bu xüsusda Ümummilli Lider Heydər Əliyev polis peşəsinin çətin olduğu qədər şərəfli bir iş olduğunu olduqca lakonik və gözəl şəkildə ifadə edib: “Polis peşəsi ağır peşədir. O, bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil, təcrübə tələb edir”.

Məlum həqiqətdir ki, gender bərabərliyinə nail olunması hər bir ölkənin inkişafının ayrılmaz komponentlərindən biridir. Bu mənada qadınların hüquqlarının təmin edilməsi, onlara qarşı zorakılıqların profilaktikası, törədilmiş cinayətlərin açılması, ümumilikdə qadınlara qarşı istənilən formada təzahür edən ayrı-seçkiliyin aradan qaldırılması daxili işlər orqanlarının əsas vəzifələrindən olmaqla müvafiq istiqamətdə fəaliyyət planlı şəkildə həyata keçirilir.

İndi cəmiyyətdə “Polis qadınlıq iş deyil” deyənlərin sayının çoxluğundan, xanımların bu sənəti seçməyə ürək etmədiklərindən gileylənən ekspertlərin diqqətinə çatdırmaq yerinə düşər ki, qadınların hüquq və azadlıqlarının təminatına dair milli qanunvericilik və beynəlxalq aktların müddəalarından irəli gələn tələblərin yerinə yetirilməsi Daxili İşlər Nazirliyi tərəfindən daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir və burada həmin mövzuya dair hansısa formada konsepsiya və ya proqram hazırlamağa ehtiyac yoxdur. Onsuz da yuxarıda sadaladığımız normativ aktların tələblərinə əsasən DİN rəhbərliyi tərəfindən son illər ərzində bütün zəruri təşkilati-praktiki addımlar atılıb və həmin tədbirlər bu gün də davam etdirilir. Bu sahədə həyata keçirilən tədbirlərin məqsədyönlü və sistemli xarakter daşıması, formalaşmış stereotiplərin aradan qaldırılması məqsədilə Nazirlik sistemində gender siyasətinin həyata keçirilməsi üçün hələ 2001-ci ildə müvafiq vəzifə təsis olunub. Hazırda respublikanının daxili işlər orqanlarında ümumilikdə 3000-ə yaxın qadın xidmət aparır ki, bu da iddiaların əksinə olaraq, şəxsi heyətin ümumi sayının 3,5 faizini deyil, bu rəqəmdən az qala 3 dəfə çoxunu, yəni 10 faizini təşkil edir və bu göstərici ilbəil artır.

Ölkəmizdə qadın polislərin azlığından şikayətlənən ekspertlərin nəzərinə bir diqqətəlayiq faktı da çatdırmaq istərdik ki, ölkəmizdə qadın əməkdaşların sayının şəxsi heyətin sayına nisbəti nəinki postsovet məkanındakı ölkələr, həmçinin Qərbin bir sıra inkişaf etmiş dövlətləri ilə müqayisədə ya təxminən eyni səviyyədədir, ya da onlardakı göstəricilərdən bir qədər artıqdır. Qeyd etdiyimiz kimi, respublika daxili işlər orqanlarında çalışan qadın əməkdaşlar şəxsi heyətin 10 %-ni təşkil etdiyi halda,

məsələn, Fransada bu rəqəm 11%, İspaniyada 10%, İtaliyada 6%, Portuqaliyada 7,3%, dost və qardaş ölkə olan Türkiyədə isə 4%-dir.

DİN sistemində qadınlar heç də iddia edildiyi kimi, yalnız kargüzarlıq və informasiya texnologiyaları sahələrində deyil, əməliyyat-xidməti fəaliyyətin az qala bütün sahələrində çalışırlar. Onlar qeyd olunan katiblik, informasiya-kommunikasiya, kadr, pasport, tibb, maliyyə-plan, əməliyyat-statistik informasiya, son illərin bəhrəsi olan “ASAN xidmət” mərkəzlərindən, «102 xidməti” zəng mərkəzi sahələrindən tutmuş, yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili, istintaq və təhqiqat, cinayət axtarışı, kriminalistik-tədqiqatlar, hətta post-patrul xidməti sahələrində də kişi əməkdaşlarla bərabər çiyin-çiyinə uğurla fəaliyyət göstərirlər. Söz ki yeni informasiya texnologiyalarının tətbiqindən düşdü, o zaman qeyd etmək yerinə düşər ki, hazırda “ASAN xidmət” mərkəzlərində çalışan əməkdaşlarımızın 72,2 %-ni, «102 xidməti” zəng mərkəzi sistemində işləyənlərin 84,1 %-ni, “Təhlükəsiz şəhərdə”də xidmət aparanların 51 %-ni, eyni zamanda, tibb xidmətində çalışanların 74,7 %-ni, katiblikdə işləyənlərin 71,8 %-ni məhz qadınlar təşkil edir. Bu gün qadın əməkdaşlar DİO-da tutduqları ən müxtəlif vəzifələrdə, o cümlədən idarə rəisi, idarə rəisinin köməkçisi, poliklinika rəisi, xidmət, şöbə, bölmə və hissə rəisləri kimi rəhbər vəzifələrdə də işin öhdəsindən bacarıqla və peşəkarlıqla gəlməklə cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunmasına öz layiqli töhfələrini verirlər.

Cinayətkarlıqla mübarizə, hüquq-mühafizə fəaliyyəti, o cümlədən daxili işlər orqanlarının spesifik xidmət sahəsi olan kadr işi, əməliyyat-xidməti fəaliyyətin digər sahələri barədə danışmaq, fikir yürütmək hər bir kəsin işi və mövzusu deyil. Bu mövzuda qeyd etdiyimiz kimi, yalnız dərin biliyə, zəngin təcrübəyə malik, cəmiyyət tərəfindən sözügedən sahənin peşəkarları kimi tanınan və qəbul edilən, sözün birbaşa mənasında, əsl ekspertlər və mütəxəssislər obyektiv, faydalı fikirlər səsləndirə, səmərəli təkliflər və təşəbbüslər irəli sürə bilərlər. Digər bütün hallarda isə özlərini müstəqil ekspert adlandıran və ya sözügedən sahənin mütəxəssisi kimi görünmək istəyənlərin məsələyə münasibəti qeyri-peşəkar, subyektiv mülahizələri isə bütün vasitələrlə yalnız və yalnız gündəmdə qalmaq istəyi kimi qəbul olunmalıdır.

Orxan Mansurzadə, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın