Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanda ictimai- siyasi həyatda niyə hicablı qadınlar iştirak etmir? – FOTO

Azərbaycanda ictimai- siyasi həyatda niyə hicablı qadınlar iştirak etmir? – FOTO

Azərbaycanda hicablı qadınların sayı ildən-ilə artsa da, siyasətdə, mediada, təhsil və səhiyyə ocaqlarında onların iştirakı müşahidə olunmur. Ölkədə inanclı və başörtülü xanımların əksər vəzifələrdə təmsil olunmasına qoyulan qeyri-rəsmi qadağaya bütün qanunlardan daha ciddi şəkildə əməl olunur  və bu səbəbdən bəzi özəl iş yerləri istisna olmaqla heç yerdə hicablı qadınlara rast gəlmək mümkün deyil.  Hələ də, məktəblərdə qadın müəllimə və şagirdlərin hicabla dərsə gəlməsinə icazə verilmir. Parlamentdə bir nəfər də hicablı qadın təmsil olunmur. Qeyd edək, ki əvvəllər qonşu Türkiyədə də başörtüsü ilə bağlı belə bir qadağa olsa da , sonradan bu problem həllini tapdı. 
Bəs görəsən, İslam ölkəsi olan Azərbaycanda bu problemin hələ də qalmasının səbəbi nədir? Dinin dövlətdən ayrı olmasını əsas gətirərək, başörtülü qadınları ictimai həyatdan təcrid etmək olarmı? Niyə idarəetmədə, ictimai-siyasi həyatda başörtülü qadınlara az rast gəlinir?
Musavat.com bu sualla ictimai həyatda təmsil olunan azsaylı hicalı qadınlardan bir neçəsinə müraciət edib.
Simsar.az xəbər saytının baş redaktoru İradə Nurəddinqızı “Yeni Müsavat”a danışarkən bildirib ki, bu gün ictimai həyatda hicablı xanımların sayının az olmasının səbəbi elə onların hicabda olmaları ilə bağlıdır: “Əksər müəssisələr, idarə və şirkətlər hicablı xanımları işə götürmürlər. Bu danılmaz faktdır. Ancaq ümumilikdə, Azərbaycanda hicablıların da sayı da, elə də çox deyil. Məsələn, qonşu Türkiyə ilə müqayisə etsək, Azərbaycanda xanımların  heç 30 faizini hicablılar təşkil etmir. Belə olan halda ictimai həyatda da hicablılara az rast gəlinir.
Şəxsən mən hicabda olduğuma görə, ictimai fəaliyyətimdə az problemlə qarşılaşmamışam. Ümumiyyətlə, hicab problemi orta və ali müəssisələrindən iş yerlərinə qədər hər yerdə var. Hətta xanımlar hicab bağladığına görə, tənqid obyektinə də çevrilir. Cəmiyyətdə hicaba yanaşma birmənalı deyil”.
Müsahibim deyir ki, cəmiyyət insanı geyiminə və inancına görə yox, intellektinə və bacarığına görə dəyərləndirməlidir: “Əslində seçimlərə hörmətlə yanaşılmalıdır. Bir xanımı geyiminə görə deyil, bacarığına və iş qabiliyyətinə görə, işə götürməlidirlər. Bu gün müəllimələr var ki, hicab bağladığına görə, məktəblərdə işə götürülmürlər. O ki qaldı, siyasətdə hicablı xanımın olmamasına, əgər cəmiyyətdə hicab lazımi dərəcədə qəbul olunmayıbsa, təbii ki, siyasətdə də  hicablı qadının yeri olmayacaq. Zamanla o da olar, inşallah. Hicaba qarşı bu cür münasibətdə məzhəbçiliyin də rolu böyükdür. Bir az da qorxu var”.
Jurnalist Fərqanə Allahverdiqızı da deyir ki, hicablı qadınların sayı son illər artsa da, onların ictimai həyatda iştirakı zəifdir: “Mən şəhərdə olarkən ictimai nəqliyyatda, ticarət mərkəzlərində, xidmət müəssisələrində xeyli sayda hicablı, imanlı xanımlara rast gəlirəm. Hər il onların sayının artması məni sevindirir. Onların sırasında kifayət qədər elmli, dünya görüşlü xanımların olması isə ikiqat sevindiricidir. Lakin ictimai işlərdə, xüsusilə dövlət orqanlarında, parlamentdə, təhsil və səhiyyə müəssisələrində onları görə bilməmək bizi məyus edir. Bunun bir neçə səbəbi var.
Əsas maneələrdən biri dinin dövlətdən ayrı olmasını əsas gətirərək dövlət səviyyəsində hicabın qeyri-rəsmi qadağan olunmasıdır.  Bəllidir ki, Təhsil Nazirliyi məktəblərə şagirdlərin və müəllimlərin hicabla gəlməsini qadağan etdi. Müxtəlif  yanaşmalar, hətta etiraz aksiyalarının keçirilməsinə baxmayaraq, bu göstəriş hazırda da qüvvədədir”.
Fərqanənin sözlərinə görə, dövlət səviyyəsində hicabın qadağan edilməsi  həm də insanlarda hicaba qarşı bir antipatiya, qorxu hissi yaradıb: “ Cəmiyyətdə, xüsusilə, yeniyetmələr, gənclər arasında və  intellektual səviyyəsi nisbətən aşağı olan təbəqələrdə  islamafobiya daha da güclənib. Onların sayı çox olduğundan özünü tanıyan və əqidəli qadınlar  hicab geyinərək özlərini reallaşdırmaqda çətinlik çəkirlər. Mənim tanıdığım kifayət qədər inanclı və cəmiyyətdə, ictimai həyatda müəyyən mövqe qazanan  jurnalist, hüquqşünas,  pedaqoq, psixoloq, həkim xanımlar var ki, onlar hicabla bütün bu nailiyyətlərə çata bilməyəcəklərini düşünürlər və  ondan imtina etmək məcburiyyətində qalıblar. Bu, günümüzün reallığıdır. Hələ də cəmiyyətdə hicablı xanıma sinfi düşmən,  gerizəkalı qadın, cəmiyyəti mənfi istiqamətə sürükləyən qüvvələr kimi baxırlar. Öz təcrübəmdə tez-tez rastlaşdığım bir sual həmişə məni düşünməyə vadar edir.  Şəxsi işlərimlə bağlı dövlət müəssisələrindəki məmurlara, müəllimlərə, həkimə müraciət edəndə ilk olaraq məndən soruşurlar ki,  yazıb-oxumağı bacarırsan. Əvvələr bu sual məni çox qıcıqlandırırdı. Sonradan səbəbini anlayanda adi qarşılamağa başladım. Təbii ki, bu da doğru olmayan təbliğatın nəticəsidir. Ona görə də  ictimai fəal qadınların sırasında bizim kimi hicablı xanımların sayı kifayət qədər azdır. Gənc qadınlar düşünürlər ki, hicab geysələr onları savadsız kimi tanıyacaqlar və heç yerdə işə qəbul etməyəcəklər. Burada  onlara haqq qazandırıram. Çünki bu gün çox dövlət və özəl müəssisələrdə hicablı xanımları işə götürmürlər”.
F. Allahverdiqızı öz təcrübəsində, hicabın ona müəyyən üstünlüklər qazandırdığını da bildirir: “Mən 12 ildir hicab geyinirəm və öz işimdə bunun mənə hansısa məqamda mane olduğunu görməmişəm. Əksinə, hər zaman digərlərindən daha çox diqqət və hörmət olunub. Hətta iş gününün sonunda  müsahibə üçün millət vəkillərinin, nazirlikdə yüksək post tutan məmurların  iş otağının qapısından asanlıqla içəri keçərək maraqlı şərhlər, açıqlamalar almağa nail olmuşam.  Söhbətin sonunda bildiriblər ki, məhz baş örtüyümə görə məni gec saatda qəbul ediblər. Halbuki, başqa vaxt onlara ayaqüstə sual vermək belə mümkün olmurdu. Mən qadağanı öz üzərimdə hiss etməsəm də televiziyalarda çalışan həmkarlarım bu qadağadan əziyyət çəkirlər. Aparıcıların hicabla efirə çıxması dini təbliğat vasitəsi kimi qələmə verilərək onlara qeyri-rəsmi qadağa qoyulub. Bu və digər səbəblər ictimai fəal qadınların sırasında hicablı xanımların sayının  azlığına gətirib çıxarıb”.
Nida Vətəndaş Hərəkatının üzvü Pərvanə Qurbanlı isə  “Yeni Müsavat”a danışarkən, bu durumun səbəbini hicablı qadınların özlərinin də cəmiyyətdən uzaqlaşmasında gördüyünü dedi: “Məncə ictimai həyatda hicablı xanımların az olmağı əksər halda onların şəxsi seçimidir, yəni ictimaiyyət onları dışlamır, sadəcə bir kənara çəkilib öz həyatlarını yaşayırlar. Ən başlarda bir az çətinlik olur təbii ki. Cəmiyyətdə hicablı xanımlara münasibət birmənalı deyil,əksəriyyət ədalətsiz ümumiləşdirmə edib bütün hicablılara savadsız, daha kobud desək kütbeyin kimi baxırlar.Amma bütün bu çətinliklər özünü ifadə və təsdiq edənə kimidir. Məncə artıq proses başlayıb. Aralarında az qism var ki,artıq cəmiyyətə inteqrasiya məsələsini aşıblar, özlərini rahat ifadə edə bilirlər, araşdırmağa, özlərini inkişaf etdirməyə meyllidirlər”.
Və sonda bu sətirlərin müəllifi mən – Nərgiz Liftiyeva, 13 ildir ki, hicabdayam. Bu qərarı verdiyim zaman, 2003-2004-cü illərdə hicaba münasibətin daha pis olduğunu xatırlayıram. O zaman cəmiyyətdə ümumiyyətlə bu haqda anlayış yox idi. Bəziləri, mən də daxil olmaqla hicablı qadınları “iranlı” adlandırır, bəziləri isə baş örtüsü geyən qadının “keçəl” olduğu üçün bu addımı adığını fikirləşirdi. Nə qədər gülməli və absurd səslənsə də, bu reallıq idi və biz küçədə onlarla kənar baxışın nəzarəti altında gəzirdik. Hicablıya başqa dünyadan gələn məxluq kimi baxılırdı. Etiraf etmək lazımdır ki, indi cəmiyyətin münasibəti nisbətən normala dönüb. Eləcə də, hicablı xanımların sayı artıb. Lakin məktəblərə hələ də hicablı qızları dərsə buraxmayan müəllimlər var.
Cəmiyyətə gəlincə, artıq insanların gözü bizə öyrəşib. Əgər əvvəl jurnalist olaraq iştirak etdiyim hər tədbirdə ilk sual – “hicablı qadın  və jurnalist?” ifadəsi ilə mənə yönəlirdisə, indi onlarla müxbirdən biri kimiyəm və  heç kim məni fərqləndirmir. Lakin təbii ki, idarəetmədə, parlamentdə, hətta medianın televiziya qolunda hicaba ola qeyri-rəsmi qadağa qalmaqdadır və bu problem dəfələrlə önümüzdə əngələ çevrilib. Nəinki, hicablı aparıcıların, hətta küçə sorğularında iştirak edən hicablı respondentlərin belə efirə çıxmasına icazə verilmir. Bu da, ya hicablıların ictimai həyatdan kənarda qalmasına, ya da inanclı xanımların hicabdan kənarda qalmasına səbəb olur. Təəssüf ki, hicablı xanım olaraq, biz karyeramızın müəyyən mərhələlərində seçim qarşısında qalırıq.
İkinci, bir məsələ bəzi hicablı xanımların ictimai həyata adaptasiya prosesində subyektiv səbəblərdən çətinlik yaşamalarıdır. Lakin təvazökarlıqdan uzaq olsa da, şəxsən öz adıma deyə bilərəm ki, cəmiyyətdə özümü ifadə edə bilmək üçün “Yeni Müsavat” qəzeti kimi bir tribunam var və burada jurnalist olaraq öz sözümü deyirəm.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın