Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanda banklara hücumlar niyə artır?

Azərbaycanda banklara hücumlar niyə artır?

Fevralın 11-i gecə saatlarında Binəqədi rayonunun Ş.Məmmədov küçəsindəki “DəmirBank”da qarətə cəhd olub. Həyəcan siqnalı daxil olan kimi hadisə yerinə Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları gəlib və oğurluğa cəhd göstərən paytaxt sakini Elxan Məsimov saxlanılaraq 5-ci Polis Bölməsinə təhvil verilib…

Bu son vaxtlar bank qarəti ilə bağlı yayılan ikinci xəbərdir. İki ay əvvəl Goranboy rayonunun Dəliməmmədli şəhərində də analoji hadisə qeydə alınmışdı. “Viator Bank”a pul köçürmək üçün gedən vətəndaşlar geri qaytarılmış və səbəb kimi bankın qarət olunması göstərilmişdi.

Oxşar hadisələr keçən il Bakıda, Şirvanda və Acabədidə də qeydə alınıb. Ən maraqlısı da odur ki, banklarda qarət halları öz orijinallıqları ilə seçilir. Bəziləri bankın binasına, bəziləri isə onun məlumat bazasına girməklə niyyətlərinə çatmaq istəyirlər. Bankın içəridən, yəni öz əməkdaşları tərəfindən qarət edilməsi hallarına da rast gəlinir.

Son aylar isə bankla yanaşı, bankomatlar və ödəmə terminallarından oğurluq, ya da elə onların özlərinin oğurlanması faktlarının sayı artıb.

İnsanlar arasında təşvişə səbəb olan və istər-istəməz bankların zəif mühafizəsi fikrini yaradan bu faktların artması nə ilə əlaqədardır? Ümumiyyətlə banklar necə mühafizə olunur və belə qarət və soyğunçuluğun qarşısı hansı vasitələrlə alınır və ya alınmalıdır?

İqtisadçı-ekspert Vüqar Bayramovun virtualaz.org-a bildirdiyinə görə, bu cür cinayət və qarətlərin sayının artması adətən iqtisadi çətinlik yaşanan ölkələrdə müşahidə olunur. Ekspertin sözlərinə görə, statistikaya diqqət yetirsək görərik ki, 2014-ci ilin sonu, 2015-ci ilin əvvəlinə qədər Azərbaycanda qarətlərin sayı o qədər də çox olmayıb. Əsas səbəb vətəndaşların iqtisadi vəziyyətlərinin yaxşı olması olub: “2015-ci ildən isə qarətlərin sayında artım hiss olunur. O cümlədən, bankların qarəti halları da var. Baxmayaraq ki, bank soyğunçuluğunda risk yüksəkdir. Riskin yüksəkliyi isə adətən bankların yaxşı mühafizə olunması ilə əlaqədardır. Təəssüf ki, Azərbaycanda bankların mühafizəsi heç də bizim düşündüyümüz kimi, yəni yaxşı deyil. Yəqin elə buna görə də insnalarda onların yaxşı qorunmaması ilə bağlı fikir formalaşıb. Qarətlərə cəhd hallarının artmasında bu amilin də rolu var. Başqa sözlə, cinayətə meylli bəzi diletantlar da əmindirlər ki, banklar yaxşı qorunmur və elə bu səbəbdən də o cür riskli addım atırlar”.

Ekspertin sözlərinə görə, risk yüksək olsa da, ələ keçiriləcək məbləğin yüksək ola biləcəyi ehtimalı da öz işini görür və onları bankdan oğurluğa təşviq edir. Mühafizəyə gəlincə, V. Bayramov bir daha vurğulayır ki, bizim bankların yaxşı mühafizə olunmaları ilə bağlı birmənalı fikir söyləmək olmaz: “Kamera sistemindən istifadə edilməsinə və daimi olaraq müşahidə aparılmasına baxmayaraq, bəzi bankların mühafizəsində problemlər var”.

Elmi-Praktik Hüquq Mərkəzinin eksperti, sabiq polis rəisi Mahmud Hacıyev isə belə soyğunçuluğa cəhdlərin sosial vəziyyətlə əlaqələndirilməsini doğru hesab etmir: “Oğurluq həmişə və hər yerdə olub və var. Sosial-iqtisadi durumu yüksək səviyyədə olan ölkələrdə də banka hücumlar olur. Şübhəsiz, bəzi məqamlarda buna sosial durum, maddiyyat da təsir edir. Amma hər şeyi sırf onun üstünə yıxmaq olmaz. Bu sadəcə ümumi səbəblərdən biri ola bilər. Dediyim odur ki, iradəli, səbirli, ağıllı adam bunu etməz. Sosial problem varsa, bu hamıya aiddir. Amma hamı oğurluq eləmir ki?!”.

Ekspertin virtualaz.org-a bildirdiyinə görə, o, bu məsələyə cəmiyyət və cinayət kontekstindən yanaşır: “Burada insan faktoru, insanın mürəkkəb xarakterik xüsusiyyətləri, dünyagörüşü, intellekti, iradə zəifliyi, tərbiyəsi, kriminala meylliyi və s. mühüm rol oynaır”.

Azərbaycan Banklar Assosiasiyasından bankların təhlükəsizliyi və qarətlərin qarşısının alınması ilə bağlı görülən tədbirlərlə bağlı suallarımızı elə təhlükəsizlik baxımından cavablandırmaq istəmədilər.

Ona görə də biz ancaq Mərkəzi Bankın təsdiq etdiyi ölkə banklarında informasiya sistemlərinin təhlükəsizlik qaydalarını oxumaqla kifayətləndik. Həmin qaydalarda informasiya sistemlərinə (İS) və informasiya texnologiyalarına (İT) qoyulan əsas tələb banklarda İS və İT-lə bağlı problemlərdən yaranan risklərin aktiv idarə edilməsi, fövqəladə hallarda İS-in müntəzəm fəaliyyəti prosedurlarının olması, İS və İT-in istifadə və idarə edilməsi ilə əlaqədar bank əməkdaşları arasında səlahiyyətlərin bölüşdürülməsi, banklarda sistem administratorlarının, təhlükəsizlik administratorlarının və s. təyin edilməsidir.

İnformasiya təhlükəsizliyi haqqında bölmədə bankın serverlərinə, serverlərin yerləşdiyi otaqlara, istifadəçi və İS administratorlarının funksiyalarına, kriptoqrafik müdafiə sistemlərinin tətbiqinə dair tələblər də yer alıb. Yeri gəlmişkən, rusiyalı ekspertlər, bizdəkindən fərqli olaraq, son illər orada banklara silahlı hücumlarda azalma tendensiyasının müşahidə olunduğunu deyirlər. Və bunu bankların təhlükəsizliyinin yüksək səviyyədə təşkili, xüsusi həyəcan siqnallarından istifadə olunması ilə əlaqələndirirlər. Onların fikrinsə, qarətə cəhdlər bir qayda olaraq uğursuzluqla nəticələndiyindən, cinayətkarlar son zamanlar bankomatları və ödəmə terminallarını oğurlamağa üstünlük verirlər. Xüsusən də, dələduzlar saxta sənədlərdən yararlanır və daha çox hesablardan pul ələ keçirməyə çalışır, kartların rekvizitlərindən istifadə edirlər.

Bütün bunları nəzərə alan əcnəbi mütəxəssislərin ehtimallarına görə, banklara silahlı hücum cəhdləri tezliklə tarixə qovuşacaq.

Təki elə olsun. O cümlədən bizdə də…

Virtualaz.org

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın