Ana səhifə / Şou Biznes / Aysel Əlizadə Şahin Zəkizadədən yazdı – Nələr çəkdiyini heç kim bilmir

Aysel Əlizadə Şahin Zəkizadədən yazdı – Nələr çəkdiyini heç kim bilmir

Yazar Aysel Əlizadə bu gün qan xərçəngi xəstəliyindən vəfat edən rejissor Şahin Zəkizadə haqqında öz feysbuk səhifəsində yazıb.

Azinforum.az həmin yazını olduğu kimi təqdim edir:

“Şahini televiziyadan tanıyırdım. Bir yerdə işləmişdik. Çox yaxşı, səmimi insan kimi qalıb yaddaşımda. Xəstəliyi ağır, nəticəsi bəlli idi. Feysbukda dostluq yollamışdım. Ancaq bircə dəfə də yazmadım ona. Ona təsəlli vermək, o vəziyyətdə görmək ağır gəlirdi. Şahindən əvvəl bir istedadlı redaktorumuzu- İlhamə xanımı itirmişdik. İllər əvvəl rejissor Samir Qasımovu itirdik. Qəzaya düşdü. ” Yüz ilin tənhalığı” nı çəkmək arzusu vardı. Bütünlükdə televiziyadan tanıdığım adamlar yaddaşımda yaxşı iz qoyublar.
Bu ölkədə çox güclü televiziyaçılar vardı, var. Onların nələr çəkdiyini heç kim bilmir. Bunu ilk dəfə yazıram. Ədəbi mühitlə tanış olduqca heyrətlənirdim. Guyamış, yazı adamları, kitab əhli daha böyük ürək, daha təmiz ruh yiyəsi olmalıdı, guya ədəbiyyat insanı mənən böyüdür, toxdadır. Mən əksini gördüm. Burdakı qədər dedi-qodu, qarayaxma, dostluqsuzluq, paxıllıq, görməmişlik, əyyaş xarakteri, geridəqalmışlıq TV-də yox idi. Onlar daha müasir, daha ürəkdən, çox daha dözümlü və dostcanlıydılar. Onlar bir-birinin istedadını inkar etməz, bir-birindən öyrənər, dəstək verər, yenilik etməyə çalışar və minimum şərtlər altında çəkim, montaj sahəsində modern işlər görərdilər. Onların da çox ağır günləri oldu, şikayətçi, narazı obrazına çevrilmədilər, özlərini cəmiyyətin qurbanı kimi aparmadılar, hamının tənqidçisi olan “tək dahi” maskası taxmadılar. Bir dönəm yeni televiziya sahəsi formalaşdı. Maraqlı projelər, konsert proqramları, kliplər, kiçik roliklər, sənədli film və verilişlər çəkildi. Gecədən səhərə, səhərdən gecəyə montajlar, çəkilişlər olurdu. Yatmırdı uşaqlar. Arzuları vardı, nələrsə etməyə çalışırdılar. Sonra TV sahəsi darmadağın edildi, kino sahəsi onsuz da yox idi və istedadlı, güclü kadrlar- rejissorlar, montajçılar, operatorlar, redaktorlar, prodüserlər və başqaları pərən-pərən oldu. Hərə bir dərəyə düşdü. Hər kəs başının çarəsinə baxmağa çalışdı. Kimsə yaradıcı enerjisini mənasız reklamlara xərclədi, kimsə şadlıq saraylarına cəlb olundu-toy lentə almaqla başını girlədi, kimsə ölkədən getdi, kimsə öldü…
Ölüm cavanlaşıb mənim ölkəmdə. Qocalığın hakim olduğu ölkədə, qoca rəhbərlərin olduğu cəmiyyətdə ölüm cavanlaşar”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın