Ana səhifə / Şou Biznes / Aydın Mirzəzadə: “Cəbhəyə 7 tondan çox qan göndərilib”

Aydın Mirzəzadə: “Cəbhəyə 7 tondan çox qan göndərilib”

Azərbaycan faşizm üzərində tarixi qələbəyə mühüm töhfələr verib. İkinci Dünya müharibəsində qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb.

Bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə 9 May – Qələbə Günü ilə bağlı Azərbaycanın xidmətlərindən danışarkən deyib.

O xatırladıb ki, bu şanlı qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb və onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb: “Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir”.

Millət vəkilinin sözlərinə görə, xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl əzmkarlıq nümayiş etdirib: “1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında uçan 7 min hərbi təyyarənin yanacaq təchizatında mühüm rol oynayıb. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib”.

A.Mirzəzadə qeyd edib ki, ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirib, onlara hərtərəfli qayğı ilə yanaşıb və sosial məsələlərinin həlli istiqamətində mühüm addımlar atıb: “Məhz ulu öndərin ədaləti uca tutması sayəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarılıb və 1994-cü ildən başlayaraq, Azərbaycanda 9 may – Qələbə Günü qeyd olunur. Ulu öndər Heydər Əliyevin bu sahədəki siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır. Qələbə bayramı ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halı alıb. Bütün bunlar bir daha göstərir ki, müharibə veteranlarına qayğı və diqqət Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın