Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Aydanlarımızı qoruyaq, intiharlara yox deyək! – Könül QULİYEVA

Aydanlarımızı qoruyaq, intiharlara yox deyək! – Könül QULİYEVA

İki gün öncə Azərbaycan xəbər saytlarının manşetində 15 yaşlı qızın intihar xəbəri yer aldı. Və iki gün öncəki hadisə bir ana kimi mənim və mənim kimi düşüncədə olan anaların əsəblərini tar-mar edib, yuxusunu ərşə çəkdi. Bu xəbər sıradan bir intihar deyil, “Ana məni bağışlayın sizə yük ola bilməzdim”, – deyə özündən sonra ağır bir anlam yükü buraxan, ölümdən başqa bir yol görə bilməyən qızcığazın fəryadıdır. O nə nazir qızı, nə də hər hansı məmur balası idi. Bir qarnı ac, bir qarnı tox yaşayan bir ailənin övladı idi. Ailəsindən, cəmiyyətdən və onu sevənlərdən nə bir əyləncə, nə bir hədiyyə, nə də başqa bir maddi istəyi vardı. Milyonlar səltənətinin kiçik bir qızcığazının bir istəyi vardı… yerinə yetirilə bilən, lakin yetirilməyən istəyi…
“Ana məni bağışlayın sizə yük ola bilməzdim” yazaraq özünə qəsd edən Aydanı bu cür addım atmağa vadar edən əsl səbəb nə idi? Axı övlad nə zamandan ata-ana üçün yük olub? Ata-ana hər yükün altına girir ki, təki övladı xoşbəxt olsun, sağlam olsun, ali təhsil alıb ailəsi üçün, cəmiyyəti üçün faydalı olsun. Bəs biz bir cəmiyyət – valideyn olaraq yetişdirdiyimiz Aydanlara bunu verə bilirikmi?
Həkimi pulsuz, yəni dövlət hesabına fəaliyyət göstərən bir ölkədə övladlarımızın sağlam yetişməsi nədən bu qədər çətindir? “Tibbi sığorta haqqında” Qanunun Parlamentimizdə qəbulu və icrası nədən bu qədər gecikir? Məgər orda oturan deputatların övladları yoxdurmu? Yoxsa bu qanunun icrasını gecikdirənlər züryətsizdir?
Adətən yaxşı oxuyan sagirdlər daha ağıllı, iti düşüncə sahibi olmaqla, hər şeyi dərindən dərk edirlər. Muəllimlərinin dediyinə görə Aydan çox yaxşı oxuyan və məsuliyyətli şagird imiş. Bəs necə oldu ki, bu qədər ağıllı və həssas balamız bir urəyin, bir ruhun aid olduğu can əkizinə belə acımadan onu bu həyatda yarımçıq buraxıb getdi?
Mən bir ana kimi Aydanın intihar səbəbini təkcə ailənin yoxsul olmasında görmürəm. Necə olur ki, Aydan xəstəlikdən narahat olur, qorxur, ancaq ölümdən qorxmur? Bəlkə bu ölüm səbəbini daha dərindən araşdıraq, maraqlanaq və hər şeyə olduğu kimi aydınlıq gətirək?
Bu gün Aydanın ölüm faciəsi bir ailənin yox, bütövlükdə bir cəmiyyətin faciəsidir. Çünki ortada elə səbəb ola bilər ki, bu səbəb bir çox Aydanları intihara sürükləyər. Biz bu gəncəcik qızın gerçək ölüm səbəbini bilmədən yoxsulluq üzərində elə fokuslaşdırmışıq ki, özümüz də istəmədən bir çox gənclərin psixologiyasına mənfi təsir etmiş oluruq. Bəlkə də Aydanın daxilində elə boşluqlar olub ki, onu nə valideynləri, nə də müəllimləri görə bilib? Bəlkə də anasından “səni həkimə apara bilmərik” sözünü eşitmək elə onun üçün bir bəhanə olub? Axı yetkinlik dövründə qızlar daha həssas olurlar. Bəlkə də valideynlərinə sual versək ki, Aydan bircə dəfə də olsun psixoloqla təmasda olubmu, təbii ki, yox cavabı alarıq. Bir çox valideynlərə bu sualı verəndə adətən belə cavabları belə olur: “mənim uşağımın heç bir problemi yoxdur, əqli durumu qaydasındadır”. Bu yanaşma cəmiyyət olaraq hər birimizin ən ağrılı problemidir. Sanki insanın psixi problemi olmalıdır ki, psixoloqa müraciət etsin. Halbuki formal olsa da, məktəblərdə uşaqların psixologiyası ilə məşğul olan psixoloqlar ordusu fəaliyyət göstərir.
Gənclər çox zaman ata-ana, bacı-qardaş ilə, hətta rəfiqələri ilə bölüşə bilmədiklərini psixoloqla rahatca bölüşüb, doğru istiqamət almaği bacarırlar. Eyni zamanda mənən, ruhən dincəlmiş olurlar. Amma təbii ki, məktəblərdəki psixoloqları nəzərdə tutmuram… Bunun ucun ailə psixoloqlarının olması ən vacib şərtlərdən biridir. Maddi durumundan asılı olmayaraq bunu hər bir valideyn nəzərə almalı və övladının hər bir probleminə bacardığı qədər həssas yanaşmalıdır. Doğrudur, bu gün ölkəmizdə kifayət qədər sosial-iqtisadi problemlər yaşanmaqdadır. Bu problemlərin yaratdığı fəsadlar heç birimizin ailəsindən yan keçməyib. Ancaq bütün bunlara baxmayaraq nə qədər çətinlik çəksək də, nə qədər iqtisadi böhranın məngənəsində sıxılsaq da övladlarımızın problemlərinə qarşı çox diqqətli olmalıyıq. Yeri gələndə yoxsulluğu da öyrətməyi bacarmalıyıq, buna hazır etməliyik. Necə ki, zamanında bizə öyrədiblər, alışdırıblar…
Həkimə getmədiyimiz, çörək tapmadığımız, paltar almadığımız günlərdə belə dözmüşük, durmuşuq, gələcəyə ümid etmişik, yaşamışıq, bu gun də yaşayırıq, yaşayacağıq da. Bu çətin dövrdə önəmli olan hər şeyi bir kənara qoyub yaşamaq, yaşaya bilməkdir. Axı biz özümüzdən çox bu ölkənin gələcəyi üçün yaşayırıq. Övladlarımıza bir dost, bir sirdaş kimi maddi və mənəvi çətinliklərə hazır olmaları üçün hər zaman dayaq durmalıyıq. Axı onları psixoloji sarsıntılardan, yersiz intiharlardan qorumaq bizim ümdə vəzifəmizdi. Bu gün cəmiyyət bir intihar hadisəsi, bir intihar xəbəri ilə bir Aydanı itirmir, bəlkə də gələcəyin deputatını, iş adamını, alimini itirir?
Gəlin Aydanlarımızı qoruyaq, ürəyimizi parçalayan, ruhumuzu sızladan intiharlara yox deyək. Gəncliyimizə, gələcəyimizə sahib cıxaq…

AZİNFORUM.AZ

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın