Ana səhifə / Şou Biznes / Avropa Oyunları ərəfəsində Bakıda keçirilən siyasi aksiyaların əsl pərdəarxası…

Avropa Oyunları ərəfəsində Bakıda keçirilən siyasi aksiyaların əsl pərdəarxası…

Arzu Nağıyev: «Bu kimi tədbirlərə çağırış elə qarşıdurma salmağa, ictimaiyyət arasında gərginlik yaratmağa hesablanan bir məsələdir»

«Bu tədbirlər haqqında fikirlər söz-söhbətdən o yana keçməyəcək və dövlətin nüfuzuna xələl gətirə biləcək heç bir hadisə olmayacaq»

Azərbaycanın ev sahibliyi edəcəyi Avropa Oyunları yaxınlaşdıqca müxtəlif dairələrin ölkəyə qarşı düşündüyü məkirli niyyətlərin işə salınması da intensivləşir. Biz ölkə olaraq belə bir halla «Evrovision» yarışması ərəfəsində də rastlaşdıq.
Xarici fondlardan maliyyələşən bəzi QHT-lər müxtəlif adlarla böyük yarışmaya kölgə salmağa cəhdlər etsələr də, istəklərinə çata bilmədilər. Tədbir yüksək səviyyədə keçirildi. Artıq indidən Avropa Oyunları ərəfəsində ölkədə müxtəlif siyasi aksiyaların keçiriləcəyi barədə anonslar verilir. Hətta hazırda cəza çəkən problemli məhbuslara da bu aksiyalara qoşulmaq barədə müraciətlər olunur. Belə aksiyalara Oyunlara mane olmaq adı qoyulmur. Tələb kimi müxtəlif mövzular ortaya atıla bilər. Ancaq mahiyyət eynidir.
Milli Şuranın rəhbərliyində təmsil olunan Oqtay Gülalıyevin bu yöndə olan açıqlamasına fikir verək:
«Bu amal uğrunda mübarizə aparan təşkilatımız «siyasi məhbuslar»ın hüquqlarının müdafiəsi istiqamətində gərəkən addımları atır və bundan sonra da belə olacaq. «Siyasi məhbus»lar Avropa Oyunları ərəfəsində və ondan sonra hansı addımları atsa, biz həmin addımları daim dəstəkləyəcəyik.
Biz Avropa Oyunları ərəfəsində müəyyən tədbirlərin baş tutmasını planlaşdırırıq».
Azərbaycanda keçiriləcək Avropa Oyunları ərəfəsində siyasi aksiyaları təşkil edənlərin əsl məqsədi nədir?
Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev  açıqlamasında bildirdi ki, bəzi qüvvələr deyəndə müxalifətin müəyyən qanadı və ya maliyyə dəstəyi xaricdən olan bəzi təşkilatların nümayəndələri nəzərdə tutulur: «Məlumdur ki, hər bir aksiyanın məqsəd və səbəbi var. «Eurovision» mahnı festivalı vaxtı da buna cəhdlər oldu. Hətta bir az da uzağa gedib insan haqlarının tapdalanmasını bəhanə gətirərək cinsi azlıqların da nümayişini, paradını keçirmək arzusunda oldular. Aydındır ki, Avropa Oyunları vaxtı və ərəfədə icazəsiz heç bir mitinq və nümayiş keçirilməsinə imkan verilməyəcək. Bu, birbaşa asayişin pozulması kimi qiymətləndiriləcək və hüquqi cəhətdən də bu düzgün addım olacaq. Bu kimi tədbirlərə çağırış elə qarşıdurma salmağa, ictimaiyyət arasında gərginlik yaratmağa hesablanan bir məsələdir.
Hədəf də özlərinə diqqət yetirmək, bunu dünya səviyyəsində yaymaq, bunun müqabilində siyasi dividend və müəyyən maliyyə dəstəyi almaqdır.
Düşünürəm ki, bu tədbirlər haqqında fikirlər söz-söhbətdən o yana keçməyəcək və dövlətin nüfuzuna xələl gətirə biləcək heç bir hadisə baş verməyəcək. Buna həm ictimaiyyət, həm də dövlət tam hazırdır».

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın