Çərşənbə axşamı , İyul 23 2019
Ana səhifə / Şou Biznes / Aşura günü yığılan qanlarda qorxulu viruslar aşkarlanıb

Aşura günü yığılan qanlarda qorxulu viruslar aşkarlanıb

Namirə Abbasova: “284 qan vahidi yararsız çıxdığından yararsızlaşdırılıb”

Bir neçə ildir ki, ölkədə qanvermə aksiyalarının keçirilməsi ənənə halını alıb. Bu nəcib təşəbbüs nəticəsində yığılan qanlar qan xəstəliyindən əziyyət çəkən xəstələrə vurulur. Bu günlərdə, ölkədə daha bir qanvermə aksiyası təşkil olundu.  Aşura günündə məscidlərdə keçirilən qanvermə aksiyası zamanı 5 min litrdən çox qan  toplandı.  Könüllü olaraq bu prosesdə iştirak edən insanlar qan xəstəliyindən əziyyət çəkən insanlara yardımçı olmağa çalışsalar da, bəzən onların bu nəcib təşəbbüsə qoşularaq verdikləri qan işə yaramır.
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva Movqe.az-a açıqlamasında bildirib ki, yığılmış 5 min litr qan infeksiyalara görə yoxlanıldıqdan sonar xəstələrə vurulur. Həmsöhbətimizin sözlərinə görə, qanvermə aksiyalarında toplanan qanlar, 4 infeksiya üzrə yoxlanılır: “Yoxlama prosesində yığılan qanın nə qədərinin yararsız olduğu məlum olur. Elmi-Tədqiqat  Hematologiya və Transfuziologiya İnstitutunda ilkin yoxlamalar aparılır. Daha dəqiq yoxlama isə Qan Bankında aparılır. Orada  laboratoriya qanlar müəyyən xəstəliklərə görə, müayinədən keçirildikdən sonra istifadəyə buraxılır”.
Z.Əlimirzəyeva  qeyd edib ki, əhali arasında qanvermə aksiyaları zamanı toplanan qanda təhlükə, hər hansı infeksion xəstəliyin olması barədə narahatlığın yaranmasına heç bir əsas yoxdur. Həmsöhbətimizin sözlərinə görə, qanvermə aksiyalarında labarator müayinə zamanı müxtəlif xəstəliklər aşkarlanan qanların olduğu üzə çıxır. Bu zaman isə həmin qanlar yararsızlaşdırılır”.
Z. Əlimirzəyevanın sözlərinə görə, qanvermə aksiyalarında toplanan qanların keyfiyyətini itirənədək saxlanılması, köhnəldikdən sonra istifadəsinə dair söylənilənlər də şaiyədir: “Qanvermə aksiyalarında toplanılan qanlar bir aya yaxın Qan Bankında saxlanılır. Amma qeyd edim ki, qan daxil olduqdan sonra onun eritrosit kütləsi plazma hissəsindən ayrılır. Bütün dünyada qan komponentlərə ayrılaraq istifadə edilir. Xroniki qan xəstələrinə köçürülən qan ayrılmış ertrosit kütləsidir. Yəni, tərkibindəki hemoqlobinin sayəsində qana qırmızı rəng verir. Qanda dövr edən eritrositlər 120 gündən sonra dalaqda parçalanır. Eritrositlərin sayəsində qanın əsas funksiyasiyalarından biri – tənəffüs funksiyası həyata keçir. Qanın ayrılmış plazma hissəsi isə orqanizmin qan itirmə zamanı istifadə edilir. 6 saat müddətində dondurulan qanın plazma kütləsi 1 ilə qədər saxlanılır və  qan itirən insanlara vurulur”.
Z. Əlimirzəyeva artıq Aşura günündə qanvermə aksiyalarında toplanılan qanların xroniki qan xəstələrinə vurulmasına başlanıldığını bildirib.
Mərkəzi Qan Bankının müdir müavini Namirə Abbasova isə Movqe.az-a açıqlamasında deyib ki, banka daxil olan qanların müayinəsi başa çatıb. Həmsöhbətimiz bildirib ki, sonuncu qanvermə aksiyasında 5 min 136 qan vahidi toplanılıb. 284 qan vahidi yararsız çıxdığından yararsızlaşdırılıb. N. Abbasovanın sözlərinə görə, bu toplanılan qanın 5, 5 faizi deməkdir.  Direktor müavini bildirib ki, qanvermə aksiyasında yığılan qanlarda hepatitlər B, C, siflis və bir qan nümunəsində QİÇS virusu aşkarlanıb. N. Abbasova bildirib ki, qanvermə aksiyalarında toplanılan qanlarda viruslar erkən mərhələdə olsa belə üzə çıxarılır: “Mərkəzi Qan Bankında olan müasir labaratoriyada istifadə edilən avadanlıqlar hepatitlərin pəncərə dövrü olsa belə, həmin virusu qanda aşkarlayaraq üzə çıxardır. Xəstələr qanvermə aksiyalarında yığılaraq labarator müayinədən sonra onlara vurulan qanın təhlükəsizliyindən əmin ola bilərlər. Elə xəstələr var ki, onlar başqa klinikalada analiz verdikdə onların qanında hansısa virus aşkarlanmır. Mərkəzi Qan Bankında yoxlanıldıqda isə xəstəliyin ən erkən mərhələsi olsa belə virus varsa aşkarlanır. Odur ki, xəstələr qanvermə aksiyalarında yığılan qanların təhlükəsizliyinə tam əmin ola bilərlər”.
N. Abbasova sonuncu qanvermə aksiyasında yığılan qanlarda xəstəlik aşkarlanan şəxslərə bu barədə məlumat verildiyini də söyləyib.

Həmçinin oxuyun

Xalq artisti Flora Kərimovanın doğum günüdür

Azərbaycan estradasının canlı əfsanəsi Flora Kərimova bu gün 78 yaşını qeyd edir. 1941-ci il iyulun …

Bir cavab yazın