Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Aşıq Ələsgərin heç yerdə çap olunmamış şeiri ətrafında QALMAQAL

Aşıq Ələsgərin heç yerdə çap olunmamış şeiri ətrafında QALMAQAL

Bu yaxınlarda Moderator.az-da Aşıq Ələsgərin heç yerdə çap olunmamış şeirini yayımlamışdıq. Dini motivlərdə yazılmış şeiri redaksiyamıza gənc şair Qilman İman təqdim etmişdi.
AMEA Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atif İslamzadə isə şeirin Aşıq Ələsgərə məxsus olmadığını iddia edir.
Maraqlıdır, folklorşünasın bu iddiası hansı əsaslara söykənir və əgər şeir həqiqətən də Aşıq Ələsgərin deyilsə, o zaman müəllif kimdir?
Suallarımıza elə bunu iddia edən Atif İslamzadənin özündən cavab almağa çalışdıq.
A.İslamzadə əvvəlcə şeirin Aşıq Ələsgərə məxsus olub-olmamasına, həqiqətən də indiyədək heç bir yerdə çap olunmamasına aydınlıq gətirdi: 
“Aşıq ədəbiyyatı folklorun tərkib hissəsi olaraq folklor spesifikasının elementlərini özündə daşıyır. Müəllifi məlum olan və olmayan əsərlər şifahi formada yayıldığı üçün bəzən bir bədii örnək müxtəlif müəlliflərin adına oxunur. “Aşıq Ələsgərin heç yerdə çap olunmamış şeiri” adı ilə yayımladığınız “Göstərir” şeiri də bu qəbildəndəndir. Hələ 1999-cu ildə çap olunmuş “Sazlı-sözlü Göyçə” kitabında bu şeirin olduğu kimi “Göstərir” adı ilə Aşıq Ələsgərin ortancıl oğlu ƏbdülƏzimə aid olduğunu görürük ( bax: Sazlı-sözlü Göyçə. Toplayıb, tərtib edən və ön sözün müəllifi İslam Ələsgər, redaktoru İslam Sadıq, səh116).
Eyni zamanda onu qeyd edim ki, bu şeirin məzmununu təşkil edən “Üsuliddin” haqqında şeir aşıq ənənəsində mövcud olmuşdur. Azərbaycan Aşıqlar Birliyinin “Ozan dünyası” toplusunda professor Həsən Mirzə Aşıq Ələsgərin qardaşı oğlu Növrəs İmanın dediyi şeirlər cərgəsində bu mövzuda dediyi şeirləri kütləvi auditoriyaya təqdim edir. Burada Növrəs İmanın eyni məzmunda dediyi şeirlərə tərif deyilərkən, təvazökar sənətkar yuxarıda göstərdiyimiz şeirlə eyni məzmunda və eyni misra ilə başlayan, lakin rədifi fərqli olan bir şeir deyir: “Axund Əli gülə-gülə dedi: Sağ ol, oğlum, sağ ol, oğlum, bərəkallah. Sən ki bizdən yaxşı bilirsən. İman Axunda baxıb dedi: Axund, ustad aşıqlar məndən də yaxşı deyib: “Üsuliddin beşdir, əvvəli tovhid” və s ( Bax: Ozan dünyası, № 1(12), 2013, s 39). Növrəs İmanın bu münasibətindən aydın olur ki, ustad aşıqlar bu mövzuda şeirlər söyləmişlər”.
Folklorşünas daha sonra qeyd etdi ki, bu şeir Aşıq Ələsgərə aid ola bilməz və fikrini belə əsaslandırdı:
“Xatırladaq ki, ƏbdülƏzim Aşıq Ələsgərin oğlu, Növrəs İman isə qardaşı oğludur. Yəni Növrəs İman ƏbdülƏzimin əmisidir. Belə olan halda onun burada ustad aşıqlardan söylədiyi şeir ƏbdülƏzimə aid ola bilməzdi. Ancaq bu “Göstərir” şerinin də ƏbdülƏzimə aid olmasına əngəl törətmir. Çünki bütün dünya ədəbiyyatında təkrar misraların müxtəlif şairlərin yaradıcılığında müşahidə olunması təbii hal kimi qəbul olunur. Xüsusilə eyni mövzulu şeirlərdə bu özünü göstərir. Təkrar situasiya təkrar sözlərlə ifadə olunur. Ancaq bir şeirin və yaxud əsərin geniş şəkildə təkrarı ədəbi oğurluq sayılır. Aydındır ki, “Göstərir” şeiri müxtəlif münasibətdən irəli gələrək Aşıq Ələsgərin oğlunun adından alınıb, özünün adına bağlanmışdır. Ancaq bunu əsaslandırmaq lazımdır. Bunun üçün bu sahədə çalışan aşıqşünas, ədəbiyyatşünas və üslubiyyat sahəsində ixtisaslaşmış mütəxəssislərə müraciət etmək lazımdır. Yalnız ondan sonra bu şeirin kimə məxsus olduğunu müəyyən etmək olar”.
Biz də öz növbəmizdə folklorşünaslara, Aşıq Ələsgər yaradıcılığını araşdıran şəxslərə, aşıq sənətinin bilicilərinə, ədəbiyyatşünaslara bu məsələ ilə bağlı müraciət edirik. Xahiş edirik ki, “Göstərir” şeirinin həqiqi müəllifi ilə bağlı araşdırma aparıb bizə təqdim etsinlər. Həmçinin, sözügedən şeiri bir daha təqdim edirik:
“Usuliddin beş kəlmə, əvvəli Tohid,
Dəlilində yek – Allahı göstərir.
İkinci adildi – yəni ədalət,
Ədil adlı padişahı göstərir.
Üçüncü nübüvvət, haqdı peyğəmbər,
Adəmdən Xatəmə verilib xəbər.
Yazılıb ayələr, olub möhtəbər,
Quran bizə doğru rahı göstərir.
Dördüncü bərhaqdı, on iki imam,
Zahirdə yəqindi – bilmirəm tamam.
Aqibət dərdimə eylədi əncam
Məhəmməddir, din pənahı göstərir.
Beşinci məaddı – ölmək, dirilmək,
Bizlərə vacibdi bunları bilmək.
Əməlin əlində məhşərə gəlmək,
Həm savabı, həm günahı göstərir.
Əvvəl sövmü-salat vacibdi bizə,
Bərhaqdı Xaliqim, görünməz gözə.
Orucsuz, namazsız, təharətsizə,
Məhşər günü nurullahı göstərir.
Ələsgər, çəksən də zar ilə zillət,
Çaşmasın xəyalın, eyləmə küdrət.
Bu zari-fənada nə qədər möhnət,
Hər nə görsən, barillahı göstərir”.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın