Ana səhifə / Şou Biznes / Arzu Əliyevanın filminin Avropa premyerası keçirilib

Arzu Əliyevanın filminin Avropa premyerası keçirilib

Parisdə “Musée de l’Armée”  Ordu Muzeyində II Dünya Müharibəsinin başa çatması ilə əlaqədar anım tədbirlərinin bir hissəsi olaraq “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin Avropa premyerası keçirilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, tədbir Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisi, Azərbaycanın Fransadakı Səfirliyi və “Evropa Film Akt” (EFA) təşkilatının dəstəyi ilə keçirilib.

Rəqəmsal qaydada bərpa olunan və rənglədilmiş arxiv görüntülərinin istifadə edildiyi filmdə Sovet ordusunun sıralarında faşizmə qarşı döyüşən və arxa cəbhədə qələbə üçün var gücü ilə çalışan azərbaycanlıların igidliyi barədə bəhs edilir. Filmin çəkilməsində məqsəd Azərbaycan xalqının faşizm üzərində qələbədə rolunu bütün dünyaya göstərmək və eyni zamanda bu tarixi həqiqəti gələcək nəsillərə çatdırmaqdır.

“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” adlanan bu yeni sənədli film 2015-ci ildə Louis Vaudeville tərəfindən Robert Mugnerotun rejissorluğu ilə Bakı Media Mərkəzi ilə əməkdaşlıq şəraitində və Heydər Əliyev Fondunun dəstəyi ilə “CC&C Productions” şirkəti üçün çəkilmişdir. Layihənin rəhbəri Arzu xanım Əliyevadır.

Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisinin direktoru Marie-Laetitia Gourdin: “Bu filmdə Bakı neftinin, Fransa da daxil olmaqla, Avropanın gələcəyini qorumaqda necə yardım etdiyi barədə maraqlı hekayə nəql edilir. TEAS-ın Fransa ofisi II Dünya Müharibəsində qazanılmış birgə qələbədə Azərbaycanın rolu haqqında daim məlumatlılığı artırmağa çalışır. Ötən il təşkilatımız Tuluza yaxınlığında Kabertat Mavzoleyində silahdaşları tərəfindən “Xarko” kimi tanınan Əhmədiyyə Cabrayılov (Əhməd Mişel) və Fransa Müqavimət hərəkatının digər üzvlərinə həsr olunmuş monumentin qoyulmasında yaxından iştirak etmişdir. Onun, xüsusilə 1944-cü ildə Tarn-et-Garonne regionunun azad edilməsində cəsurluğu unudulmamış və General Şarl de Qol tərəfindən “Fəxri Legion” ordeni ilə təltif edilmişdir. Bundan əlavə, “TEAS Press” Nəşriyyat evi fransalı qadın İvonna Botto haqqında kitab dərc etmişdir. Bu qadın Fransa Müqavimət hərəkatının azərbaycanlı üzvü ilə ailə qurmuş və Sovet İttifaqının sərt qaydaları ilə siyasi səbəblərdən öz evinə qayıda bilməmişdir.

Xronometrajı 52 dəqiqə olan rəngli sənədli filmin çəkilişləri 14 ay davam edib. Film üzərində iş zamanı Azərbaycan, Almaniya, ABŞ, Böyük Britaniya, Fransa və Rusiya arxivlərində 200 saatlıq videomaterial, habelə çoxsaylı fotolar və digər sənədlər araşdırılıb. Filmdə Müharibənin ayrı-ayrı döyüş səhnələrini əks etdirən, bugünədək nümayiş olunmamış videokadrlar bərpa olunmuş rəngli formatda təqdim edilir.

Film Azərbaycan dili ilə yanaşı, rus, ingilis, fransız, alman, italyan və digər dillərə də tərcümə olunub.

Filmin ilk premyerası 2015-ci ilin may ayında Bakıda keçirilib. “RMC Découverte” və “National Geographic” kanallarında nümayiş etdirilib.

 

 



Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın