Ana səhifə / Şou Biznes / “Araz Əzimovun sözləri biabırçılıqdır”

“Araz Əzimovun sözləri biabırçılıqdır”

“Araz Əzimovun sözləri Azərbaycanın rəsmi mövqeyidirsə, bu, xoşagəlməz bir hal, hətta biabırçılıqdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu politoloq Şahin Cəfərli Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun Suriya prezidenti Bəşər Əsədi dəstəkləməsi haqda fikirlərinə münasibət bildirərkən deyib. O bildirib ki, əvvəla, bununla Azərbaycan Suriya problemində tərəf tutaraq İran, İraq, Bəşər Əsəd və “Hizbullah” boyeviklərindən ibarət şiə-nusayri blokunun, eləcə də Türkiyə ilə müharibə həddinə çatmış Rusiyanın (həm də Ermənistanın) səfində yer almış olur:
“İkincisi, Əsədi dəstəkləmək müsəlman dünyasında, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və digər platformalarda çoxluq təşkil edən sünni (xüsusən sələfi) dövlətləri ilə münasibətlərdə problemlər yarada bilər. Təbii ki, onlar Azərbaycanın mövqeyini ciddiyə alsalar. Bu, bizə lazımdırmı?

Üçüncüsü, bu mövqenin Türkiyə tərəfindən mənfi qarşılanacağı bəllidir. Xüsusən Ərdoğanın Azərbaycana səfərindən 2 gün əvvəl bu bəyanatın səslənməsi Araz Əzimov tərəfindən yol verilmiş ciddi xəta və qeyri-peşəkarlıqdır.

Yeri gəlmişkən, deyim ki, mən heç də Azərbaycan və Türkiyənin bütün məsələlərdə eyni siyasət yeritməli olduğu fikrində deyiləm. Biz ayrı-ayrı dövlətlərik və maraqlarımız fərqli ola bilər. Lakin biz əgər Türkiyədən bütün məsələlərdə Azərbaycanın maraqlarını nəzərə almasını umur və tələb ediriksə, özümüz də buna uyğun davranmalıyıq.

Dördüncüsü, Əsəd Suriyada 300 mindən çox insanın ölümü və 5 milyondan çox insanın qaçqın düşməsinin, minlərlə suriyalı körpənin bombardmanlarda ölməsinin, dənizlərdə boğulmasının əsas səbəbkarlarından biri olan qanlı diktatordur, Bokassa, İdi Amin kimi əfsanəvi tiranlardan bir fərqi yoxdur. Belə bir adamı müdafiə etmək, hər şey bir tərəfə qalsın, mənəviyyat və insanlıqla bir araya sığmır.

…Və son olaraq, Araz Əzimov da “danışdıqca batanlar” karvanına qoşuldu. Halbuki “peşəkar və savadlı diplomat” reputasiyası vardı. Bunlar susanda daha ağıllı görünürlər, amma mən həm vətəndaş, həm də bir jurnalist kimi düşünürəm ki, nə qədər çox danışsalar, o qədər yaxşıdır”.

Xatırladaq ki, A. Əzimov bu günlərdə Avstriya verdiyi müsahibədə deyib: “Arabanı atdan qabağa qoşmaq olmaz. Addım-addım irəliləmək lazımdır. Bəşər Əsəd prezident kimi hazırda ərazi bütövlüyünün və təhlükəsizliyin yeganə qarantıdır. Onun ordusu hüquqi institutdur. Biz Əsədin varisi tərəfindən əvəzlənənə qədər prezident kimi qalmasını nəzərdə tutan hərtərəfli siyasi prosesi dəstəkləyirik.”

 

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın