Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Aqşin Yenisey: “Kəmaləddin Heydərov məni vicdan əzabından xilas etdi…”

Aqşin Yenisey: “Kəmaləddin Heydərov məni vicdan əzabından xilas etdi…”

Onun danışıqları hər zaman mübahisə doğurub.. Müsahibələri arxasınca böyük söz polemikalarını, ədəbi çevrədə çaxnaşmanı da dartıb gətirib. İki il öncə isə şair təbiri ilə desək, əzrayıla salam verib, qayıdıb. İndi onun yaşadıqları, yaşadıqlarının süzgəcindən keçib gələnlər çox möhtəşəm olmalı idi. Amma hələ ki, susub. 

Şair Aqşin Yeniseylə söhbətimizdə bu susqunluğu, susqunluğunun fonunda etdiklərini, yaşadıqlarını danışdıq. Peşmanlıqlar, sevinclər, gəldiyi nəticələr… Müalicəsi, ölümün pəncəsindən qurtuluşu, şükranlıq duyğusu, bu duyğunun ona verdiləri… Komplekssiz, hamısını etiraf elədi. 

Şairlə iş yerində, “Kirpi” jurnalında görüşdük. Artıq o, stabil qrafiklə işə gedib-gələn bir işçi, ailə başçısı, məsuliyyətli atadır.. Bəs bu mənzərəyə görə məmnundurmu? Bir az da onun mühasibatını apardıq və ortaya aşağıdakı bu söhbət çıxdı. 

-Şairləri konkret qrafikli, gediş-gəlişi bəlli olan bir iş yerində görmək bir az qəribədir. Üstəgəl, bu şair Aqşindirsə… Çətin deyil? 

-Mənim zamanla uyğunlaşmaqda çətinliyim yoxdur. Çünki tələbə olanda da cəmi bir ay evdən pul almışam. İkinci aydan sonra Bakı şəhərində həm oxuyur, həm də işləyirdim. Ona görə də səhər saat 9-da işdə olmaq, axşam 7-də evə gəlmək… heç vaxt problem olmayıb mənimçün. Zamanla problemimi həll etmişəm.

“Şair ailə qurmasa yaxşıdır”

 -Amma sizinlə bağlı yaranmış bir imic var. Dağınıq, yeri gələndə içkili, verdiyi vədə əməl etməyən… və sair. Bu, stereotipdir, bunu sizin üçün uydurublar, yoxsa siz artıq bu qəlibdən çıxmısız? 

-Cəmiyyətin ciddi qəbul etdiyi, insanların dəyər verdiyi normativlər var ki, onlar mənim üçün tamamilə əhəmiyyətsiz məsələlərdir. Mən orda özümü kifayət qədər məsuliyyətsiz, laqeyd aparmışam. Görünür ki, burdan əmələ gəlib. Mənə təlqin edilən dəyərlər əhəmiyyətsizdir. Amma mənim özümün dəyər verdiyim ənənələr, ideyalar var ki, onlara qarşı heç vaxt məsuliyyətsiz olmamışam. Nə içkili, nə içkisiz vaxtımda. Mən özümün harda ciddi, harda qeyri-ciddi olduğumu çox yaxşı bilirəm.

-Hər halda, yaş da öz sözünü deyir. İnsanın cavan yaşında etməli olduğu çılğınlıqlar, səhvlər var. Müəyyən yaşdan sonra durulur istər-istəməz. 

-Təbii. Adam var ki, həyatdan yox, kitablardan öyrənir. Adam var, kitabdan yox, ata-anasından öyrənir. Ancaq yaradıcı adam, xüsusən də şair həyatla konfliktə girməsə, ziddiyyətlərdə iştirak etməsə, yarada bilməz. Bir yaradıcı insan əsl həqiqəti üzə çıarmaqdan ötrü xeyrə bulaşdığı qədər şərə də bulaşmalıdır. O halda onun tapdığı həqiqət əsl həqiət ola bilər. Bizim cəmiyyətdə bu cür yazıçı-şair taleyi yaşamağa hazır olan insanlar azdır. Hazır olanlar isə ailə, mentalitet dəyərləri qarşısında hər zaman geri çəkiliblər. Məsələn, mən tutaq ki, öz yaşıdlarım arasında ailə dəyərləri, toy ənənəsi haqda artıq-əskik yazan o qədər xanım-kişi yazarlar görmüşəm ki, onların toy dəvətnamələrini bu gün də öz arxivimdə saxlayıram. Hətta adını məsxərəyə qoyduqları şadlıq saraylarında toylarını keçirib, məni də çağırıblar.

-Yəni, məğlub olublar? 

-Əlbəttə. Hər adamın mübarizə aparması, mübaizə aparılan yerdə hiss etməsi o demək deyil ki, bu, onun missiyasıdır.

-Dediz ki, toy ənənəsini məsxərəyə qoyanlar daha sonra öz toyları üçün dəvətnamələr payladılar, yəni, prinsiplərindən keçdilər. Bəs siz? Hansı məqamda sınmısız? Hansı şərtlərə boyun əymisiz? Halbuki yazılarınızda, şeirlərinizdə, müsahibələrinizdə… bunun əksini iddia etmişdiz. 

-Sınmaq mənim üçün bir az mübahisəli məsələdir. Sınmaq yox, güzətlərə getmək. Bunu cəmiyyət də anlamalıdır.

“Bizim oxucu bu gün hər yerdə söyüş və seks axtarır. Mənsə söyüş söyə, o ikincini də onların gözü qarşısında edə bilmərəm” 

-Nədir bu iki nəsnə arasındakı fərq? Qələm bizim əlimizdədir: istəyəndə ona sərt, istəyəndə bədii don geyindirə bilərik. Halbuki sonda mahiyyət dəyişməyəcək. 

-Sözün insan şüuruna təsir etməsindən danışaq. Biz daha çox qadağalarla yaşamışıq deyə qanuna da qadağa gözü ilə baxırıq. Qərb şüuru ilə ona görə ayaqlaşa bilmirik ki, bizim üçün qadağa ilə qanun eyni anlama gəlir.

-Sizlə bağlı məsələni konkretləşdirək… 

-Məsələn, mən adi bir yazını sayta, qəzetə yollamışam. Redaktor mənə geri yazıb ki, yazıdakı filan cümlə nə redaksiyanın, nə də bizim mövqeyə uyğundur. Halbuki mən bilmişəm ki, o cümlə mənim yazımın canıdır. Amma güzəştə getmişəm. Sizə ən xırda nümunəni deyirəm. Adi bir cəmiyyətdə bir şairin, yazıçının redaktorla məsələləri bu cür yoluna qoymağın özü də güzəştə getməkdir, sındırılmaqdır. Bir redaktora sınmaqdır. Amma mən həmin yazının içindəki digər mesajların cəmiyyətə çatmasından ötrü sınmışam. Redaktoruma sınmışam ki, heç nə olmaz, qoy yazı getsin. Halbuki mən öz dünyamda bütün yazını o çıxarılan tək cümləyə görə yazmışam.

-Amma bizim bu cür cəmiyyətə mesajların bir hissəsini ötürmək üçün etdiyimiz güzəştləri qəddarcasına “yazarların prinsipləri yoxdur, onların ehtiyacları var” kimi formulə edirlər. 

-Ədəbiyyatın bu günkü durumunda ehtiyac prinsipləri üstələyib. Mən bütün yazarları tanıyıram. Məndən yaşlıları, cavanları… Azərbaycanda bir şairin, yazıçının öz əsərindən qazanmalı olduğunu gündəlik mətbuatda yazılarla, xəbərlər yazmaqla edir. Bunun bugünkü ədəbiyyata vurmuş olduğu zərbə uzun illər sonra görünəcək. 2050-ci illərdə görəcəyik ki, 30 il Azərbaycanda roman yazılmayıb. 2060-cı ildə görəcəyik ki, 40 il şair yetişməyib. Yazıçılar Birliyi 25-30 ildir ki, bir imza verməyib cəmiyyətə. Bütün imzalar ədəbiyyatın böyük məbədindən kənarda, ucuz, zirzəmi kafelərdə yetimiş imzalardır. Halbuki o məbəddə yetişməli idi.

-Yazınızdan bir cümlə çıxaran redaktor… Bu, sizə böyük, kimlərəsə kiçik görünən güzəşt ola bilər. Amma bundan böyük qurbanlar vermisizmi yaradıcılığınız üçün?

-Mən şəxsi həyatımı ədəbiyyat üzərində qura bilmədiyimə görə nələrisə qurban vermişəm. Çox istəyərdim ki, şəxsi həyatımın hər tərəfini yaradıcılığım təmin etsin. Mənim qurbanlarım gözəgörünməz qurbanlardır. Mən deməzdim ki, Azərbaycanda söz azadlığı məhduddur. Sadəcə Azərbaycanda yox, bütün dünyada olan müəyyən korporativ maraqlar, medianın işləmə prinsipləri var. Çünki medianın da bir orqanizm kimi yaşama şərtləri var, bu yaşamaq uğrunda mübarizədən sağ çıxmalıdır. Bunun da öz şərtləri var.

-Bəs bu günə qədər hansısa media orqanında işlədiyinizə, imzanızın orda görünməsinə, karyeranıza belə səhifə yazıldığına görə peşmançılıq çəkməmisiniz? 

-Mən nə Azərbaycanda yaşadığıma, nə yazdığıma, nə xəstələdiyimə, nə də sağaldığıma görə peşman olmamışam. Deyim ki, məni yazmağa, hansısa romanımı, şeirlərimi çap etməyə qoymayıblar, bu, yalan olar. Bu gün Azərbaycanda üzdə olan saytlara bir həftə göz gəzdirsəz, onların hamısında mənim fikirlərimə rast gələ bilərsiniz. Bu gün mənim Azərbaycanda söz azadlığının olmaması barədə nəsə deməyim həddən artıq eqoistlik olar. Siz hansı saytda açsaz, orda mənim fikirlərimi görəcəksiz.

“Mən ölümün küləyini hiss edəndən sonra hələ ayılmamışam, yaradıclığa başlamamışam, yaşamamışam” 

-Hər şeyi deyə bilirsiz? 

-Mən sadəcə söyüş söymürəm. Bizim oxucu bu gün hər yerdə söyüş və seks axtarır. Mənsə söyüş söyə, o ikincini də onların gözü qarşısında edə bilmərəm. Bu, mənim əxlaqıma ziddir.

-Bu günlərdə Murad Köhnəqala müsahibəsində etriaf etdi ki, Yazıçılar Birliyinə üz çevirməsinin peşmançılığını yaşayır. Hətta Anardan da dərhal cavab gəldi ki, qapımız açıqdır-filan… Bu, nədir? İnsanlar müəyyən yaşa çatandan sonra hansısa həqiqətləri dərk edir, ya..?

-Xeyr. Bu gün Murad bu sözü deyirsə, onun arxasında real səbəbləri var. Ola bilər ki, bu, cəmiyyətə açılmayıb. Amma mən bilirəm. Bilirəm ki, Yazıçılar Birliyi Murad Köhnəqalanı M.Qorki adına ədəbiyyat institutuna oxumağa göndərib. Bundan başqa, ailə qurandan sonra yaşamaq üçün müəyyən yerlə təmin edib. Çox xırda detallar var ki, böyük ədəbiyyatın timsalında kiçik görünə bilər. Amma ortada bir vicdan məsələsi də var. Və Muradın Anarla, Elçinlə münasibətlərini pisləşdirməsinə görə peşmançılıq çəkdiyini deməsi daxilindəki vicdan hissinin dedikləridir. Anar və ya Elçin şəxsi mənada Murada nə pislik ediblər? Bəli, mən də razıyam ki, Yazıçılar Birliyi 25 ildir ki, istedadsızları himayə etməklə, onları istedadlılara qarşı qoymaqla məşğuldur. Amma Muradın peşmançılığı sırf şəxsidir.

-Şəxsi demiş, çoxları düşünür ki, iki Aqşin var. Müalicədən əvvəlki və sonrakı Aqşin. Və onun yaradıcılığını da iki hissəyə ayırmaq lazımdır… Sanki insanın o dünyanı görüb gələndən sonra həqiqətləri daha fərqli olur. Razısınız bu rəylə? 

-Mən özüm də onu hiss edirəm. Hələ xəstəxanaya getməzdən əvvəl Dostoyevski haqqında bir yazı oxumuşdum: bir edamdan əvvəlki, bir edamdan sonrakı Dostoyevski var. Edama qalxan Dostoyevski həddən artıq radikal, realist, inqilabçı ruhlu idi. Edamdan enən Dostoyevski isə ruhani və İsaçı idi. Mən ölümün küləyini hiss edəndən sonra hələ ayılmamışam, yaradıclığa başlamamışam, yaşamamışam. İnsanların mənə belə tez-tələsik qiymət verməsi doğru deyil. Mən xəstəxanadan çıxandan sonra əlimə qələm götürüb bircə cümlə də yazamamışam. Hələ o xofdan, başıma gələn taleyin oyunundan ayılmamışam. Mən yaddaşımın 90 faizini itirmişəm. Daha öncə yaşadığım hadisələri, dostları, onların həyatını xatırlamıram…

 -Bəs indi yaşadığınız nədir? Daha doğrusu, nə yaşayırsız? -Mən indi adi, fiziki, bioloji həyat yaşayıram. Hələlik o hadisənin mənə verdiklərini analiz etməklə məşğulam. Bu analizlərin nəticəsində ortaya hansısa əsərlər çıxacaqsa, ondan danışmaq olar. 

-Çıxmayacaqsa… 

-Çıxmayacaqsa mən rahat etiraf edəcəm ki, xəstələnəndən sonra heç nə yazmadım və yazmayacam. Bu bəşəriyyət üçün də, mənim üçün də faciəyə çevrilməyəcək. Minlərlə Aqşin var, onlar da öz istədikləri kimi həyat yaşayırlar. Yaradcılığı mən əlimlə, zəhmətimlə əldə etməmişəm. Bu, mənə veriləndir, öz-özünə baş vermiş hadisədir. Tükənə də bilər. “Aqşin yaza bilmir”,- deyənlərdən çox istəyərdim ki, bunu mənim xəstəxanadan sonra yazdığım bir yazını ortaya qoyaraq müzakirə etsinlər. Axı mən xəstələnəndən sonra heç nə yazmamışam ədəbiyyat adına.

-Bir satirik jurnalın rəhbərliyindəsiz. Rəylər budur ki, jurnalda müxaifətin hədəfə çevrilməsi bir öhdəliyin nəticəsidir… Əsində nədir? 

-Bu gün məni bir-iki karikaturanın getməsinə görə iqtidara satılmaqda, yeni istiqamətə yönlənməkdə ittiam edənlərə demək istəyirəm ki, 5-6 il bundan əvvəl, Rafiq Tağı həbs olunanda Müsavat və AXCP haqqında “Məşədi AXCP və Hacı Müsavat” başlıqlı yazı yazmışam. Bu partiyaları dini təfəkkürə söykənməkdə ittiham etmişəm. Yazmışam ki, sizin sələfləriniz maarifçilər, dini xürafatın əleyhdarları idi. Amma indikilər Rafiq Tağının həbsini, az qala, bayram edirdilər.

-Azərbaycanda bu qədər problem varkən, bunların yaradıcılarının kimliyi bəlli ikən, niyə hədəfləriniz arasında iqtidar məmurları, hakim partiya YAP olmayıb? 

-Mən müxaifət düşərgəsində gördüyüm hansısa problemi görəndə də şəxsiləşdirməmişəm. Problemi yazmışam, şəxsləri yox. Deyirsiz ki, niyə YAP-dakı, hakimiyyətdəki məmurları tənqid etmirsiz. Mənim hədəflərimdə bu, yoxdur. O məmur bu gün var, sabah yoxdur. Amma o problem həmişə var. Molla Nəsədddin jurnalında da konkret heç bir şəxs hədəf götürülmürdü, problem götürülürdü.

-Sizə elə gəlmir ki, çox mahir şəkildə manevr edirsiniz?

-Deyirəm, gedin Molla Nəsrəddin jurnalında Çar Rusiyası haqqında bir karikatura tapıb gətirin. Mənim bu gün satirik jurnalda çalışmağımın səbəbi Molla Nəsrəddin ənənəsini ölməyə qoymamaqdır. Mən də sizə deyirəm ki, öz məktəbimdən qaynaqlanıram.

“Seymur Baycanı tənqid etmişəm ki, ədəbi mübarizəni şəxsi mübarizəyə çevirmək olmaz”

-Sizin haqqında danışdığınız kriteriyalarda olan ziyalı müalicəsi üçün hökumətə müraciət etməlidirmi? Tutaq ki, bu gün sizi həm də ona görə qınayırlar ki, Aqşinin içində hökumətə gizli şükran həm də müalicəsinə göstərilən dəstəyə görədir və bu da özünü onun satirik jurnaldakı fəaliyyətində göstərir. 

-Mənə xəstəxanada ilk günlər deyirdilər ki, qara ciyəri dəyişmək lazımdır, filan qədər pul lazımdır. Mən nə yaxın dostlarıma, nə çevrəmə demədim ki, sağalmağımdan ötrü filan qədər pul lazımdır. Tamamilə özümü hazırladım ki, ölümqabağı qürurlu şəkildə dünyadan köçüm. Heç gözləmədiyim halda, səhər saat 6-da məni Gömrük Xəstəxanasına gətirdilər. Bütün həkimlərin ətrafıma yığıldığını gördüm. Sizin vasitənizlə onlara bir daha təşəkkür edirəm. Bildirildi ki, şəxsən prezidentin göstərişinə əsasən müalicə alacaqsız. İki gün sonra da Kəmaləddin müəllim gəlib, məni ziyarət etdi.

-Nə danışdız? 

-Heç nə. Xəstəliyim necə olub, müalicə necə gedir kimi adi söhbətlər. Bu söhbət 2 il əvvəl olub. Bu günə qədər nə kiməsə təşəkkür etmişəm, minnətdarlıq hissi ilə nəsə yazmışam. Amma içimdə hər zaman bu fikir olub ki, həmin insanlar mənə yaxşılıq ediblər. Onların hansı vəzifə daşıması, məzhəb sahibi olmasının mənim şəxsi vicdanım qarşısında heç bir əhəmiyyəti yoxdur. Mən məni ölümdən xilas etmiş iki insana, iki ildən sonra təşəkkür etmişəm. Bu da sadəcə ailənin mənə verdiyi tərbiyədir. Kimsə bu gün məni ittiham edir ki, cəmiyyət dəyərlərini, yazıçı mənəviyyatını şəxsi münasibətlərimə qurban vermişəm, o insanın bəşəriyyət qanunlarından, həyatdan anlayışı yoxdur. Mən, sadəcə, normal bir insan, bir kişi olaraq mənə yaxşılıq etmiş insanlara 2 ildən sonra təşəkkür etmişəm. Hətta o insanlar məndən təşəkkür etməməyimi istəyiblər.

-Necə? Deyiblər ki, mətbuatda bununla bağlı təşəkkür etmə?

-Bəli, Kəmaləddin müəllim axırıncı dəfə mənlə görüşəndə dedi ki, biz bunu sənin təşəkkürün üçün etmirik, buna ehtiyac yoxdur. Yəni, o, özü məni bu vicdan əzabından xilas etdi ki, birdən mən sabah çıxıb cəmiyyət qarşısında onlara təşəkkür etmək lazım olduğunu düşünərəm. Əgər biz mənəviyyat insanıyıqsa, həqiqət axtarırıqsa, bu da deyilməlidir. Mən YAP-ın fəaliyyəti, məmur özbaşınalığı, korrupsiya haqqında 2000-ci ildən yazıram. İstər müxalifət, istər iqtidar saytlarında. O bir-iki cümləni çıxmaq şərtilə bu günə qədər mənə heç kim deməyib ki, qələmi qoy yerə və bu ölkədən get.

-Amma bu deyildiyi üçün gedənlər də var. Döyülənlər, öldürülənlər var…

-O, onların öz işidir. Kim ki, söz azadlığı yoxdur deyib, ölkəni ittiham edir, bizim də əlimizdə kifayət qədər sübut var ki, bunun belə olmadığını deyək. Azərbaycanda indiyə qədər iqtidarı sərt tənqid edən çoxlu sayda yazar var. Zamin Hacı, Xalid Kazımlı, Hüseynbala Səlimov… Niyə indiyə qədər onların söz azadlığını məhdudlaşdırmayıblar? Mən çox yaxşı bilirəm ki, mediada insanları necə sıradan çıxarırlar. Mən bilirəm ki, kəşfiyyat orqanları media ilə necə işləyirlər. Hamısına söz azadlığı donu geyindirmək olmaz. Məsələn, mən hər zaman Seymur Baycanı tənqid etmişəm ki, ədəbi mübarizəni şəxsi mübarizəyə çevirmək olmaz. Bu, bizim özümüzü də, xalqımızı da ucuzlaşmağa apara bilər.

-Şair ailəli olanda… Nələr baş verir? Bundan öncə ailə dəyərlərinə çox bağlı olmadığı görünən şəxs indi necə ailə başçısı, necə atadır? 

-Evdə irad tutsalar da, mən bu suala səmimi cavab verəcəm. Ümimiyyətlə, ailəli şair olmur. Ailə şairi qəbul eləmir. Qəbul edirsə belə, onu sonra bir kişiyə çevirir. Şair öz şairliyini ailədə ona görə qurban verir ki, ordakı dəyəri ədəbiyyatdakından daha üstün qəbul edir. Mən məsələn saat 7-dən sonra iş otağımda oturub işləyə bilərəm. Amma evdən zəng vurub deyəndə ki, uşağa filan şey lazımdır. Məndə dərhal o fikir yaranır ki, daha qiymətlisi evdədir.

-Bu dediyiniz daha öncə də ola bilərdi axı… Daha öncəki təcrübənizdə. 

-Yox, görünür ki , bu, yetişməli idi. Bizim Azərbaycan cəmiyyətində ən çox münaqişələr ailədə yaşanır. Bunun hamısı kallığın əlamətidir. Nə kişilər ər olmağa, nə qadınlar arvad olmağa yetişiblər. Bizdə kişi də, qadın da ailədə formalaşır. Amma əksinə olmalıdır. Kənarda formalaşıb, ailə qurmalıdır. Ona görə də deyirəm ki, şair ailə qurmasa yaxşıdır. Qurubsa ailəsinin yanında olması, ailə dəyərlərinə hörmət etməsi yaxşıdır. Elə yazılarım olub ki, onları ancaq qonorar xatirinə yazmışam. Pul ehtiyacı yazdırıb. Onun barəsində heç düşünmürəm. Mən yaddaşımın 90 faizini itirmişəm. Daha öncə yaşadığım hadisələri, dostları, onların həyatını xatırlamıram. Bu da dərmanların təsirindəndir çox güman ki. Bəzən çoxdan görmədiyim tanışlarla görüşürəm. Onların evlənmiş olduqları, uşaqlarının olması mənim yaddaşımdan silinib… Musavat.com

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın