Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Şou Biznes / “Aprel döyüşləri”nin qəhrəmanı: “Ermənilər postları qoyub qaçırdılar”

“Aprel döyüşləri”nin qəhrəmanı: “Ermənilər postları qoyub qaçırdılar”

Əhliyyət anadan olanda Ağdamın gül-çiçəkli vaxtı idi. Lalələr dağa-düzə döşənmişdi, nərgizlər ömrünü yaşamışdı. Qarşı tərəfdəki qayalardan, dağlardan axan sular çayları selləndirib, özündən çıxarmışdı. 
1990-cı il mayın 25-i idi. Zamanın evində üçüncü övladı, oğlu gəldi dünyaya. Adını Əhliyyət qoydu. Qarabağın tarixinə dərindən bələd olan Zaman Mehdiyev ötən əsrlərdə Qaçaq Nəbinin dəstəsində Əhliyyət qardaşlarının Rusiya İmperiyası ilə mübarizədə Vətən torpaqlarını, Qarabağı necə qorumasından xəbərdar idi.

2 il sonra, 1990-cı il elə may ayının 10-dan etibarən ermənilər Ağdamın Abdal-Gülablı kəndini də “qrad”, “alazan” raketləri yağdırmağa başladılar. Həmin gün kənddə bir toy yarımçıq qaldı. Həmin gün bir bəy toy masasına otura bilmədi. Elliklə toya gələnlər, toyxananı tərk etdilər. Bəy adına, gəlin adına tutulan xonçalar açılmadı… can şirin olur. Əlində topu-tüfəngi olmayan hər kəs təşviş içərisində  dağa-dərəyə səpələndi…

Ara sakitləşəndən sonra kəndin elatı, sakinləri yenə doğma evlərinə qayıtdılar. Ancaq narahat günlər bir-birini əvəz etdi. May ayının 15-də gülləbaran edilən kəndin sakinləri sentyabr ayının 4-ü Abdal Gülablını tərk etdilər. 2584 nəfər insan dağa-daşa səpələndi. Lakin yaxın ərazidə  sakit bir yer tapıb, düz bir həftə gözlədilər. Fikirləşdilər ki, ata-baba yurdunu tərk edib, düşmənə verib getmək olmaz. Sonra yuxarılardan göstəriş gəldi ki, düşmən yolları-bərələri bağlayıb, Abdal-Gülablıdan çıxmağa bir dəhliz saxlayıb… Naəlac qalan kəndlilər yurdu tərk etdilər… Abdal-Gülablı da yetim qaldı …

Qarşıdan payız gəldi, qış getdi… dünyadan xəbərsiz kənd uşaqları ata-anasının, sağ qalan nənə-babasının əlindən tutub, oba-oba, kəndbəkənd gəzdilər ətraf rayonları, kim harada bacardısa, orada da məskunlaşdı.

Modern.az saytı “Aprel şəhidləri” silsiləsindən növbəti yazını təqdim edir…

2016-cı ilin aprel döyüşlərinin iştirakçısı Əhliyyət Mehdiyevin özünün dediyi kimi, “uşaqlığı yollarda keçdi”, başqa uşaqlar kimi böyümədi, sentyabr ayından sonra onun  kəndi, olmadı. Ətrafındakı uşaqlar kəndə nənələrinin-babalarının yanına gedəndə, Əhliyyət tay-tuşlarına  həsrətlə baxdı. Gedəsi yurdu yox idi…

Müharibənin, top-tüfəngin səs-sədası, acı xəbərləri içərisində böyüdü  Əhliyyət və onun yaşıdları. Özünü anladığı bir gündən hər gün “Ağdam, Abdal-Gülablı, Vətən” sözlərini eşitdi, evlərində hər gün həsrət nəğmələri oxundu. Böyüyə-böyüyə qardaşı Qorxmaz da, bacısı  Lalə də valideynlərindən Abdal-Gülablını soruşdular. Soruşdular ki, doğma yurda nə zaman dönəcəklər?  O zaman bu söhbətləri eşitdilər:

– Abdal-Gülablı türk sözüdür. Adı qədim ab tayfaları ilə bağlıdır. Kül də böyük, güclü deməkdir. Kül-ab, yəni böyük su yeri, çay yeri anlamına gəlir. Abdal-Gülablının yaxın tarixi 500 il əvvələ gedib çıxır. Xanlar-bəylər oylağı olub. Çar İmperiyasının vaxtında burada ilk rus-tatar məktəbi fəaliyyət göstərib. 19-cu əsrdən sonra Rusiya imperatoru Aleksandr Türkmənçay-Gülüstan müqaviləsinin bağlanmasına nail olur və bundan sonra ermənilərin köçürülməsi barədə fərman imzalayır. Çünki bütün dövrlərdə ruslar ermənilərdən alət kimi istifadə edirdilər. Qafqazda da regionu nəzarətdə saxlamaq üçün ən uyğun, ara qarışdırmağa, ixtilaf yaratmağa ən ideal xalq ermənilər idi. Azərbaycanlılar isə hər zaman gələn qonağa qollarını açıb, yurdsuz-yuvasızlara evində yer verib, onu süfrəsinin başına keçirib. Siyasətçilərin oyunundan xəbərsiz olan xalq haradan biləydi ki, Azərbaycan torpaqlarında erməniləri yerləşdirməkdə tarix 100 il, 200 il sonralara hesablanıb. Çünki Rusiya dövlətinin uzaqgörən sərkərdələri, ziyalıları azərbaycanlıların ruhundan, xasiyyətindən xəbərdar idilər. Bu, bir dövlət siyasəti idi. İmperiyanın dayaqlarını Azərbaycanda möhkəmlətmək üçün rus imperatoruna ermənilər lazım idi. O vaxtdan azərbaycanlılar sığınacaq verdikləri ermənilərlə qonşuluq münasibətində yaşasalar da, ermənilər yeri gələndə öz hiyləgərliklərini və düşmənçiliklərini ya açıq-aydın, ya da ki, gizlində həyata keçirdilər.

Dünyadan və siyasətdən xəbəri olmayan Abdal-Gülablı kəndinin camaatı Günəşlə oyanıb, Ayla yatardılar. Ağsaqqal görəndə atdan enər, kişi görəndə yaşmanardı qadınları, kişilər isə papağını başından çıxarmazdılar. Abdal Gülablıda qapılarda qoz ağacları var idi. Qızlar-gəlinlər əllərində güyümləri, ovdanları, vedrələri Bala kəhrizdən, Ağacan kəhrizdən, Damcılı bulaqdan su gətirərdilər. Bu yerlərin toyları 3 gün-3 gecə çəkərdi. Kimsəni toya dəvət etməzdilər, el-camaat özü yığışıb gələrdi. Kəklikotu, böyürtkən, çiyələk vaxtında uşaqlar əllərindəki qablarla dağlara, meşələrə gedib qış tədarükü görərdilər. Erməninin uşağı azərbaycanlıyla, azərbaycanlının uşağı erməni balası ilə oynayardı.

Ta qədimdən qonşu kəndin erməniləri yerli azərbaycanlıların əlinin altında işləyərdi. Yaxşı sənətkar olduqlarından Abdal-Gülablı kəndinin sakinləri də həyət-baca işlərini, dam-daş işlərini ermənilərə gördürər, hətta onlarla kirvəlik də edərdilər. Kənd adamlarının həyətindəki su quyularını da ermənilər qazardılar. “Su aydınlıqdır” deyə qazılan quyunun adına, tikilən evin adına həyətdə ustalıq edən ermənilərə el-oba yığışıb nəmər verərdi. Mehriban qonşuluqları var idi. Hətta 1 may və 9 may bayramında qonşu kənddəki ermənilərlə azərbaycanlılar bir-birinin evinə pay-xonça ilə gedərdilər. Ermənilərin toyunda Azərbaycan mahnıları çalınardı. Çox vaxt zurnaçıları erməni olardı. Buralara köçəndən sonra, ermənilər qara zurna çalmağı da öyrənmişdilər.

Bu kəndlərə şəhərdən gələn qonaq, bir evdə iki gün qalmazdı, kənd sakinləri növbəli şəkildə qonağı öz evlərində qarşılayardılar. Kimin evinə getməsə, həmin qonşu o birisindən küsü saxlayardı.

Nənələri, qızları gəlinləri xana tutub, xalça toxuyar, təbibləri otlardan-çiçəklərdən dərman hazırlayardılar, kəhrizli bulağın, damcılı bulağın suyu can dərmanı idi, xəstələrə bu bulaqların suyundan verərdilər ki, tez sağalsın. Suyu can dərmanı olduğundan sovet hökuməti burada sanatoriya da tikmişdi. Hər tərəfi qayalarla-dağlara əhatə olunan kəndlərdə üzünü dağlara tutub qışqıranda, dağlar səsi geri, insanın özünə qaytarardı, üzə dayanardı dağlar. Deyərdilər ki, dağ Tanrının yaddaşıdır, onun üstünə qışqırmaq olmaz.

Bu yerlərin 3 minə yaxın insanın könlünün sevgili məhbubu idi o dağlar, o meşələr, o biçənəklər…
1992-ci ildən sonra Abdal-Gülablı kəndi müharibənin ilk illərində 35 şəhid verdi. Fazil Mehdiyev, Gültəkin Əsgərova, Muxtar Qasımov canlarını Vətən yolunda qurban verib, Azərbaycanın Milli Qəhrəmanı oldular. O qəhrəmanların içərisində şair Qulu Ağsəsin bir Xaliq adlı sinif yoldaşı var idi. İlhamını Maşabaşı qayası, Yanıq qaya, büllur bulaqlardan , sözünü o yerlərin havasından borc götürən Qulu Ağsəs, əli heç yerə çatmayanda müharibədə itkin düşən Xaliqi belə axtardı:

Harda itib – batmısan,
hayına çağır gəlim.
Toyuna çağırmadın,
vayına çağır gəlim…

De, necə tapım səni,
nə mərdəm, nə ov iti.
Sənin izin, ünvanın
mənim axırım itib.
Bəlkə veriblər səni
Tanrının yaddaşına?

Mən sənə söz tapşırım,
sən də öz adaşına:
Nə olar, ayırmasın
de, ikimizdən məni!
Getdin?. sənə yaxşı yol,
gəlməsən, gözlə məni…


Beləcə tərk olunmuş, lakin heç zaman unudulmayan Abdal-Gülablını ürəklərində valideynləri, doğmaları ilə birlikdə  yaşatdılar o körpələr, böyüdülər.  Ancaq hər zaman bildilər ki:

Kəhrizli qayalar ,əlikli dağlar

Çiçəkli dərələr, ətirli bağlar.

O sözlü nəğməli, ayna bulaqlar,

Qan ağlar, torpağı, suyu Abdalın,

Yaman bağlanıbdır yolu Abdalın. (müəllif: Qəhrəman)

İndi Qulu Ağsəs üçün də  Abdal-Gülablı itmiş, batmış bir səsdir.  Elə Qulu Ağsəs də, Əhliyyət də, onların övladları da nə vaxtsa dönəcəyinə inanırlar  o səsin.

Atasından, əmisindən, dayısından cənnət diyarı, cənnət yurdu Abdal-Gülablı haqqında bu qədər şirin xatirələri eşidən, uşaq vaxtından dava görən Əhliyyət döyüşçü olmaq, erməni əsirliyində inildəyən kəndini düşmən caynaqlarından qurtarmaq barədə düşünürdü.
Mingəçevirdə məktəbi bitirən kimi, 2005-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil oldu. Hərbi məktəbə daxil olanda bədənində həmin müharibədən qəlpələr gəzdirən döyüşçü atası Zaman Mehdiyev yaman sevindi. Böyük oğlu Qorxmaz da hərbçi sənətini seçmişdi. Zaman özü sağlamlığının bir hissəsini Vətən torpaqları uğrunda döyüşdə itirdi, lakin torpaq, Vətən məhəbbətini ürəyindən itirə bilmədi, o eşqlə yaşadı, eşqlə yandı. Döyüş xatirələrində övladlarına ermənilərlə qeyri-bərabər döyüşdə yaxın qohumu Tofiq Abbasovdan və Masallıdan olan dostu Səfəralı Məmməddən danışdı. Onlar Azərbaycanın Milli Qəhrəmanı idilər. Dedi ki, Tofiq  mühasirəyə düşən tankın içərisində sağ qalan igidlərdən biri idi. Odun-alovun içərisindən həlak olmuş bütün döyüş yoldaşlarını çıxarıb, iki dəfə kontuziya almağına baxmayaraq, hər zaman döyüşlərin önündə gedib.
Qorxmaz da, Əhliyyət də Qarabağ döyüşünün iştirakçıları və qəhrəmanlarının  ətrafında böyüdülər.


Əhliyyət Mehdiyev 2008-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olundu. Bu məktəbi Əhliyyət artıq bir zabit və döyüşçü kimi başa vurdu. Onu hər zaman arzusunda olduğu N saylı hərbi hissəyə təyin etdilər. Hərbin sirlərinə yiyələnmişdi. Bir çox beynəlxalq təlimlərdə kurs keçmiş, öhdəsinə düşən hərbi tapşırıqları hər zaman bacarıqla yerinə yetirmişdi. Bütün hərbçilər kimi ən böyük arzusu döyüşərək, Vətən torpaqlarını geri almaq, ata-anasının dilindən düşməyən Abdal-Gülablı kəndini geri qaytarmaq idi.

Və o gün yetişdi. Xüsusi Təyinatlıların bölüyündə hərbi xidmət keçən Əhliyyət Mehdiyev də yoldaşları ilə birgə 2016-cı il, aprel ayının 1-də yuxarı komandanlıqdan aldıqları əmrə hazır vəziyyətə gəldilər. Döyüş sursatları ilə silahlanaraq, üzü Goranboy tərəfdən Vətən torpaqlarında at oynadan ermənilərin təxribatının qarşısını almaq üçün yola düzəldilər. Zabit və döyüşçü heyətinin çox yüksək əhval-ruhiyyəsi var idi. Hər kəs qələbə qazanmaq üçün oyanmışdı. Ətrafda olan zabit  dostları – Seymur, Veysəl, Səməndər, Tural, Şəhriyar…  illərlə qollarına yığdıqları gücü, müharibə şəraitində döyüş aparmaq təcrübələrini göstərməyə, həyata keçirməyə gedirdilər.  Bu Vətənin suyunu, içib, havasını udursansa, torpağında bitən nemətlərini yeyirsənsə, demək ona olan borcunu da vaxtı gələndə verməlisən, Vətənin dar günündə ona dayaq durmalısan”,- demişdi Əhliyyət Mehdiyev.

Aprel döyüşlərinincanlı şahidi Əhliyyət Mehdiyev o günləri həm qürur, həm də hüznlə xatırlayır:

“Qarabağ ərazisində ən çox acı yaşayan bizim rayon olub. Gözümüzün qabağında bir də görürsən meşələrimizi yandırır, od vururdular, mənəvi əziyyət çəkirdik. Və bu günü çox gözləmişdik ki, gedib qisasımızı alaq. O günahı olmayan meşələrimizi, otlaqlarımızı bu cinayətkarların əlindən xilas edək. Mən o yerləri necə arzulamayım ki, atam deyir ki, o torpaqlar alınsa, mərkəzdən kəndimizə qədər olan 18-20 kilometr  yolu dizin-dizin sürünərək gedərəm.  Həmin aprel səhərində də bizə qüvvət verən bu ağrılar, bu acılar, qisas hissi  idi. Biz bilirdik ki, o torpaqları azad etsək, şəhidlərimizin narahat  ruhu dincələr.

Təlimdə idik. Yuxarı komandanlıqdan xəbər gəldi ki, ermənilər həmişəki kimi atəşkəsi pozub, mülki əhali yaşayan istiqamətlərə  mərmilər atıblar. Aprelin 1-dən 2-nə keçən gecə, düşmən hücumunun qarşısını almaq üçün böyük canlı qüvvə ilə döyüşə girdik. Zabit və gizirlər xüsusi təyinatlılar öndə gedirdilər. Bizim təyinatımız məxfi olduğundan özümüzə məlum istiqamətdə düşmən mövqelərinə tərəf hərəkətə başladıq. Bölüyümüzün komandiri polkovnik-leytenant Murad Mirzəyev, qərargah rəisimiz mayor Samid İmanov, kapitan Mühit Orucov öndə gedirdilər. Və təbii ki, sərkərdəsi öndə gedən əsgərin inamı, gücü, ruhu daha inamlı olur. Həyatı hər bir hərbçinin döyüş idealı olan Mustafa Kamal Atatürk deyirdi ki, “Komandir birliyin beyni, əsas hərəkətverici qüvvəsidir”.

Dərinliyə irəlilədikcə, erməni postlarını ələ keçirirdik. Bu dəfə elə bil ki, Tanrının lütfükarlığı daha çox idi. Haraya ayaq qoyurduqsa, ancaq irəlini göstərirdi.

Həmin vaxt mən idim, Veysəl idi, Səməndər idi, Seymur Baxışov idi… eyni istiqamətdən – Goranboydan Ağdərə tərəfə yol götürdük. 20 ildir ki, getmədiyimiz, relyefinə öyrəşmədiyimiz, lakin tanış olan dağ yolları, yamaclar, çaylaqdan keçib getmək, hədəfə çatmaq, düzgün istiqamət götürmək əslində çox çətin idi. Kəşfiyyat sirlərini bildiyimizdən, yaxşı mənimsədiyimizdən hiss etmişdik ki, qarşıda düşmən marığa yatıb, bizi pusquya salıb, məhv etmək istəyir. Buna görə də bir an belə, ayıq-sayıqlığı itirmirdik. Müəyyən vərdişlərimiz sayəsində dəstəmiz ermənilərin 20 ildən artıq müdafiədə oturduqları yüksəklikləri ələ keçirməyə başlamışdı. Çox dərinliyə gedib çıxmışdıq. Erməni bizi lap yaxınlıqdan biçmək istəyirdi. Lakin bizim peşəkar zabitlərimiz onların bu planlarını bir anın içərisində alt-üst edə bildilər. Ermənilər gözləmədikləri halda əks-hücuma məruz qalanda artıq özlərini itirdilər.

Qarşı tərəfdəki postda dayanan ermənilər də əks-hücum əməliyyatları həyata keçirirdilər. Onlar yüksəklikdən bizim yenicə aldığımız postları vurmağa cəhd göstərirdilər.  Sadəcə kəşfiyyatçılarımız və döyüşçülərimizi təbiətin hər bir relyef sahəsində  hərəkət metodlarını yaxşı bildiklərindən, qarşı tərəfin atəşlərindən yayına bilirdilər.
Yenicə gəlib çatdığımız postda dəhşətli bir hadisənin şahidi oldum. Bir neçə dəqiqə əvvəl vurub öldürdüyümüz cılız erməni əsgərinin ayağına zəncir bağlanmışdı. Zəncirin uzunluğu 300-400 metrliyində olardı. Bir daha əmin oldum ki, erməni əsgərlərini burada məcburi şəkildə, zəncirləyib saxlayırlar ki, qarşı tərəf olan bizim hücumlarımız olarsa, cavab versinlər. Onların bizim torpaqlarda nə işi var ki? Məgər bilmirdilər ki, bir gün qanunsuz zəbt etdikləri torpaqlarda ölmək də var. Döyüşə girən, sərhəddə dayanan zabitin və əsgərin olduğu yeri, ərazini qorumaq onun şərəf işidir.


Sol cinahdan Murad Mirzəyev və onun arxasınca da biz hücuma keçərək, artıq Talış yüksəkliyini əldə etmişdik. Aprelin 2-si günortadan sonra kəşfiyyat məlumatları sayəsində bildik ki, düşmən iki briqadaya yaxın bir şəxsi heyətlə və zirehli texnika ilə üzərimizə gəlir. Qabaqda gedən Samid İmanov sərrast atəşlə onların hərbi texnikasını məhv etdi. Göydə ancaq “qrad” mərmiləri uçurdu. Biz böyük bir qüvvə ilə hücuma keçəndən sonra, artıq səngərdə üzbəüz döyüşlərə başladıq. Həmin döyüşlərdə Elmidar Səfərov boynundan yaralandı. Nə qədər elədiksə, onu döyüş meydanından geri çıxarda bilmədik. Uyğun mövqeyə çəkilib, ona ilkin tibbi yardım göstərdik. Neylədiksə, döyüş mövqeyindən geri çəkilmək istəmədi. Dedi ki, “mən bu günü gör neçə ildir gözləyirəm, deyirsiniz, gedim arxada ölüm?!”. Vətən sevgisi gözlərini o qədər tutmuşdu ki, qanı axa-axa döyüşə davam etdi. Bir neçə saatdan sonra yaxından dəyən düşmən gülləsi onun həyatına son qoydu.

Gözləyə bilməzdik. Əlbəttə, hər itki qəlbimizi parçalasa da, torpağın dostdan da əziz olduğunu burada hər bir döyüşçü bir daha yəqin etdi. Qalibiyyət bizim tərəfdə idi. Onların əlimizə keçən texnikalarını götürüb istifadə etdik.
Artıq aprelin 2-si günü saat 4-dən sonra erməni texnikalarının səsi çox yaxından gəlirdi. Heç o səslər də bizi vahiməyə sala bilmədi. Əsgərlərimizdə, zabitlərimizdə, döyüşçülərimizdə güclü bir ruh var idi. Bilirsiniz, ən əsası odur ki, bizim oğlanlar, Murad, Samid, Pəncəli, Şahin, Sərxan, Teymur, Tural qəhrəman kimi döyüşürdülər.
Sağ cinahda isə polkovnik-leytenant Raquf Orucov, polkovnik Vüqar Yusifov və onların döyüşçüləri irəliləyirdilər. Bir də onu gördük ki, Seymur Baxışov yaralanıb. Buna baxmayaraq Elvin Namazov minalanmış sahəyə keçdi. Seymur Baxışova kömək etmək istəyəndə özü də minaya düşdü. Və biz bildik ki, artıq onların ruhu Tanrı dərgahındadır.
Döyüşə davam edirdik. Bizim döyüş qaydaları və xüsusiyyətlərinə görə, kəşfiyyatçı və xüsusi təyinatlılar savaşa böyük qüvvə ilə girmirlər. Öndə gedən istehkamçı və minatəmizləyən yollar açır, sakitcə “gəlin” işarəsini verəndən sonra biz irəliləməyə başlayırıq. Kəşfiyyatçılar bir qayda olaraq, yaxınlaşan adamın ayaq səslərini və hənirtisini 40-50 metr məsafədən hiss edir. Qoşunların asfalt yolda hərəkətini 600 metrdən, torpaqda hərəkətini isə 300-400 metr məsafədən hiss edirlər. Əgər həmin əraziyə doğru tank torpaq yolla  irəliləyirsə, onun səsini 1200-1500 metrdən, asfalt yolla gəlirsə 3000-4000 metr məsafədən hiss etməli və duymalısan. Xüsusi təyinatlılar və kəşfiyyatçılar hadisə yerində adətən göydən düşmüş kimi peyda olurlar. Belə çevik hərəkətlərimizlə götürdüyümüz postlarda erməniləri heyrətə gətirən də bizim döyüş ruhumuz idi.
Döyüşçülərimizdən biri də geri çəkilmirdi. Bizdən fərqli olaraq düşmənin əsgərləri qoruduqları postları qoyub geri qaçırdılar. Axı bu torpaqlar onların deyil, bu yerlər onların Vətəni olsaydı, onlar da bizim kimi həmin torpaqlar uğrunda şəhid olmağı şərəf sayardılar. Qarşı tərəfdəki dağ döşündən ermənilər bizə qarşı texnika ilə döyüşürdülər.

Elnur İsgəndərzadə, Tural Qurbanov yüksəkliklərin alınmasında cəsurluq göstərdilər, son nəfəslərinə qədər döyüşdülər. Təsəvvür edin ki, bizim məharətimizi görən ermənilər hər zaman keşikdə durduqları üzbəüz mövqelərə ağır texnika gətirmişdilər.

Biz isə ancaq əl silahlarından istifadə etməklə onlara zərbələr endirirdik. Ermənilər bizim döyüş ruhumuzdan qorxaraq, özlərini itirmişdilər. Baxmayaraq ki, minalanmış sahələrlə hərəkət edirdik. Həmin gün güllələrin yağışı altında irəliləyərək 1400 metr yüksəkliyə qalxmışdıq. Uşaqlar elə bil ki, quşlardan qanad, ceyranlardan, dağ keçilərindən ayaq almışdılar. Adi günlərdə həmin yüksəkliyi fəth etmək üçün azı 8-10 saat vaxt lazım olardı. İndi isə 2 saat ərzində biz o yerləri fəth etmişdik. Hamıya məlumdur ki, 1994-cü ildə atəşkəs rejimi tətbiq ediləndən sonra, Ermənistanın tərkibində olan Rusiya qoşunları Ağdərəyə qədər irəliləyib dayanmışdı. İndi həmin rus qoşunun adını dəyişib 5-ci Dağıdıcı diviziya qoyublar. Bizim xüsusi təyinatlıların bölüyü həmin 5-ci Dağıdıcı diviziya ilə döyüşürdü. Bundan əlavə, həmin istiqamətdə rusların 222-ci xüsusi təyinatlı bir alayı da var. Bu hesabla bizim 1 xüsusi təyinatlımız erməni tərəfdən olan 6 əsgərlə vuruşurdu. Biz bu döyüşdə bir daha əmin olduq ki, düşmən öz başı ilə deyil, rusun diktəsi, çəkdiyi plan və taktika ilə döyüşür.

Şəxsi heyətin qəhrəmanlığı qarşı tərəfdə olan erməniləri vahiməyə salmışdı.  Biz bilirdik ki, son nəfəsimizə qədər döyüşəcəyik. Öldürməliyik, lakin ölməməliyik. Əslində döyüşə girəndə də bu fikirlə girmişdik. Ermənilərin müxtəlif silahlardan açdıqları atəşi biz RPK, PK, M-60, artilleriya “qradları” ilə susdurmağa çalışırdıq. Atılan güllələrin, mərmilərin, topların səsindən göy üzü işıq idi. Atəşlər qaranlığı yox etmişdi. Artıq üçüncü gün idi ki, dayanmadan döyüş gedirdi. Lakin yaralanan əsgərləri, çıxmaq şərti ilə, döyüşən əsgərlərin heç biri gözünü yumub, dincəlmək istəmirdi. Qarış-qarış, addım-addım, təpə-təpə, keçid-keçid təmizlədiyimiz  torpaqlardan güc almışdıq. Bizim döyüşdüyümüz dağlıq və dərə olan ərazilərdə ermənilər 50-dən çox itki vermişdilər. Bizim şəhid olan dostlarımız son nəfəslərinə kimi qəhrəmanlıqla, əsl vətənpərvər kimi döyüşdülər. Samid İmanovu, Murad Mirzəyev, Mühit Orucovu cəmləşmədə itirdik. Onlar həlak olan yerlər artilleriya atəşinə tutulmuşdu.

Samid İmanov sona qədər, düşmənlə üzbəüz yaxın istiqamətdən vuruşurdu. Yaxınlaşanda gördük ki, Samidi hədəf alan düşmən onun iki ayağından və çiyinlərindən vurub. Samid əlində olan bütün silahlardan sona qədər istifadə etmişdi. Canını böyrü üstə uzanaraq tapşırmışdı, elə bil yuxuya getmişdi. Əlində qumbara var idi. Qumbaranı sona saxlamışdı ki, əgər birdən düşmənə əsir düşərsə, özünü partlatsın.
Gizir Sərxan Bayramov da həmin ərazidə həlak olmuşdu. Sərxan sona qədər vuruşmuşdu. Hətta ona yaxınlaşanda gördük ki, özü-özünə ilkin tibbi yardım göstərib, aldığı yaralara baxmayaraq, döyüş meydanından çıxmayıb, sona qədər vuruşub.
Pəncəli Teymurov bir əfsanə idi. Talış yüksəkliyinin alınmasında xüsusi fədakarlıq göstərmişdi. Ümumiyyətlə qrupumuzda olan hərbçilərin əksəriyyəti Pəncəli ilə bir bölükdə vuruşmaq istəyirdi. O bizim Ordunun əfsanəsi idi. Onun kimi istehkamçı olmaq hər oğlunun işi deyildi. Hamıdan öndə gedirdi, həm istehkamı açırdı, həm qarşıdakı minaları təmizləyirdi, həm tankçı idi, müasir texnikanın hamısından başı çıxırdı. Döyüş onun ruhu, cismi idi. Döyüş dostlarını canından artıq sevirdi, həmin gün həm Vətən uğrunda, həm də dostları uğrunda döyüşdü. Əslində ermənidən qisasımızı lap əvvəllər komandanlığın tapşırıqlarını yerinə yetirərkən almışdı. Dəfələrlə ermənilərə ağır itkiyə məruz qoymuşdu, istehkam qüvvələrini dağıtmışdı. Bu gün isə onun üçün bir fürsət idi ki, açıq döyüşdə öz məharətini göstərsin. Son nəfəsinə qədər bildiyi bütün döyüş metodlarını tətbiq etdi, bir qəhrəman kimi köçdü dünyadan.



– Heç yorulmadınız, qorxub çəkilmədiniz? Heç ağrımadımı ürəyiniz dost itkilərindən?

– Ağrımazmı… Bu gün də o döyüşlərdə itirdiyimiz şəhidlərimizi, döyüş dostlarımızı unuda bilmirəm. Mühitlər, Muradlar, Samidlər, Raquflar, Vüqarlar, İnqilablar qabaqda gedirlərsə, biz necə dayana bilərdik. Komandirin öndə getməyi arxada olan əsgərlərə ruh verir. Döyüşlərdə hər kəs çalışır ki, komandirin yanında olsun, həm onu qorumaq, həm də döyüşdə yaxından iştirak etmək üçün. Bizim döyüşçülər ölümün gözünə dik baxa-baxa, dönməyəcəklərini bilə-bilə, arxaya baxmadan son nəfəslərinə qədər irəli getdilər.
Bölmə komandirimiz Etibar Cəlilov da həmin döyüşlərdə ağır yaralanmışdı. Yaralanmasaydı, sona qədər vuruşacaqdı. Cəsur xüsusi təyinatlı döyüşçümüz Şəhriyar Eyvazovla birlikdə  Etibar Cəlilovu qollarımızın üstündə 2 kilometr məsafədən 4 saata kənar mövqeyə çıxardıq. Döyüş gedən relyef dağ-dərə, kol-kos olduğundan qucağımızda yaralı aparmaq çox çətin idi. Şəhriyar Eyvazovla yenə döyüş meydanına qayıtdıq. Onu vertolyotla Bakıya apardılar. Yenidən geri qayıdıb, döyüşə qatılanda, düşmənin atdığı artilleriya mərmisi ayağımızın altında partladı. Dayandığımız torpaq ərazidə mərminin küləyi bizi yerdən götürüb göyə qaldırdı. Göydə çəkisizlik şəraitinə düşdüm. Torpaq bədənimə güllə kimi dəyirdi. Topun həmləsi məni 5-6 metr yüksəkliyə qaldırıb, yerə çırpdı. Gözümün birini qan örtmüşdü. Heç nə görmürdüm. Bir gözümlə ətrafı seyr etdim. Bədənimdə kəskin ağrılar var idi.  Sonradan bildim ki, həmin zərbədən Şəhriyar elə yerindəcə həlak olub. Toz-tozanağın içərisindən çıxıb, mövqeyimi dəyişdim. Döyüşün 3-cü günü, aprelin 4-ü göy üzü qara buludlarla dolmuşdu, hava elə soyuq idi ki.

Sonradan döyüşün dayanması, yenidən atəşkəs elan edilməsi haqqında əmr aldıq. Hamımızın dişi bağırsağını kəsirdi. Hamımızı döyüşü davam etdirmək istəyirdik. İndi aldığımız ərazilərin sevinci də gözümüzə görünmürdü. Axı biz qarşımıza məqsəd qoymuşduq ki, ermənini yuvasına qədər qovacağıq. Bununla belə aprelin 20-nə qədər müəyyən mövqelərdə bərkitmə işləri aparıb, yuxarı komandanlıqdan aldığımız tapşırıqları yerinə yetirməkdə davam etdik…
Biz elə bilirdik ki, yenə döyüşə girəcəyik…

Heç unuda bilmirəm o dostların üzlərini. Elvin Namazov təzə evlənmişdi. Döyüşə girəndə bilirdi ki, yaxın vaxtlarda övladı dünyaya gələcək. Özü şəhid oldu, yoldaşı da onun şəhid olması xəbərini eşidəndən sonra güclü sarsıntı keçirdi və bətnindəki yadigarı qoruya bilmədi.
Bir qayda olaraq, hər bir xüsusi təyinatlı onunla döyüşə girən yoldaşının bədən nişanələrini bilir. Elvinin də cansız bədənini mən gördüm, əvvəlcə bir neçə güllə yarası alsa da, döyüşə davam etmişdi, sonra isə minaya düşərək həlak olmuşdu. Onunla son dəfə görüşmək üçün üzünə sərilmiş üçrəngli bayrağı açanda, üzündə bir məmnunluq gördüm, elə bil ki, yatmışdı. Həmin Elvin idi. Döyüşdə mənimlə irəliləyən Elvin.
Polkovnik Vüqar Yusifovun şəhidliyindən sonra üzünə bir işıq dolmuşdu. Üzünün nuru ətrafa işıq saçırdı.  Babək Abidovu, “Gecələr” ləqəbli Toğrul Fərəczadəni, Bəxtiyar Hüseynovu, Seymur Baxışovu necə unudum? Bəxtiyarın yas mərasimində iştirak edirdik. Atası Rəfael dayını görəndə hamımız yerimizdəcə donub qaldıq. Elə bil ki, bir almanın iki üzü imiş. Bir oğul atasına nə qədər oxşayarmış. Həmin törəndə atasının gözündən bir damla da yaş çıxmadı. Bunun əvəzinə kiçik oğlunu çağırıb, ona nəsihət etdi, öyüd verdi, dedi ki, qardaşının dostları ilə dost ol, qardaşın kimi yaşa ömrünü. Dedi ki, qardaşının qisasını almağa hər zaman hazır ol. Oğlunun vəfatından bir il sonra, Rəfael Hüseynov oğul həsrətinə dözməyib, dünyadan köçdü.

2016-cı ilin aprel günlərini hər zaman belə xatırlayacağam, həm qürur, həm də hüznlə. Aprel döyüşləri sübut etdi ki, bizim xalqımız və Ordumuz lazım olan vaxt, çətinə düşdüyümüz zaman bir olmağı, Vətən uğrunda döyüşməyi, dost yolunda canından keçməyi bacarır. Tanrıdan bir istəyimiz var, Ali Baş Komandan İlham Əliyev tezliklə əmr versin və biz azad etdiyimiz torpaqların üstündəki mövqelərimizdən irəli keçərək, qısa bir müddətdə düşməni geri oturdaq.

Əhliyyət Mehdiyevin döyüş dostları arasında ləqəbi “Fred” olub. Bu ləqəbi ona Qarabağ döyüşlərinin ilk illərində böyük qəhrəmanlıq göstərmiş , Milli Qəhrəman Fred Asifin həyat yolunu əzbər bildiyinə, onu özünə ideal saydığına görə veriblər. Əhliyyət indi ehtiyatda olan zabitdir. Üç övladı var. Böyük oğlu Əlinin 3 yaşı var, aprel döyüşlərindən sonra onun bir cüt əkiz övladı da  – qızı Sunay və oğlu Nihad gəlib dünyaya. İndi uşaqlar 7 aylıqdır. Deyir ki, uşaqları ayaq açıb yeriyənə qədər, Vətən torpaqlarının geri qayıtması arzusundadır. Çünki, Əhliyyət Mehdiyev bilir ki, Azərbaycan əsgərləri döyüşə düşmən qarşısında ölmək üçün deyil, düşməni öldürmək üçün gedirlər. Deyir ki, həmin günlərdə heç kim ölmək barədə fikirləşmirdi. Hər kəs öldürməyə gedirdi.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın