Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Anası Rüfət Səfərova: “Südüm sənə halal olsun!”

Anası Rüfət Səfərova: “Südüm sənə halal olsun!”

Rüfəti şərləyib həbsə atdılar. Bir ana olaraq bu dərəcədə qəddarlığa izah tapa bilmirəm. İnsan taleyi ilə oynamaq, sən demə, çox asanmış. Mən oğlumun timsalında buna bir daha inandım və gördüm ki,azad söz danışanın dilini necə amansızcasına kəsərmişlər. Bu həyatdır, ömür sonsuz olmadığı kimi başqa işlərin də sonu olmur… Nə vaxtsa haqq gəlib öz yerini tapır. Rüfət qanunsuzluğa, rüşvətxorluğa ehtiraz edərək öz mövqeyini ortaya qoydu və nəticəsi də budur. Öyrədilmiş şahidləri üzünə dayandıraraq qisasçılığa əl atanlar ALLAH qarşısında böyük günaha imza qoydular. Bəli, Rüfət kimi günahsızlar çoxdur. Oğlum da onlardan biri kimi heç bir təqsirin sahibi deyil. Yeganə günahı onun açıqfikirli, haqqsızlığa qarşı dözümsüz olması ilə bağlıdır. Mən elə övlad böyütmədim ki, hansısa çirkli, ədalətsiz işlə məşqul olsun. Rüfətin gəncliyini həbsxana divarları arasında çürütmək istəyən adamlar unutmasınlar ki, ALLAH böyükdür və O, hər şeyi görür. Oğlumun dürüstlüyünə, təmiz və vicdanlı hüquqşunas olduğuna tam əminəm. O rüşvətxor ola bilməzdi. Əgər belə fikri var idisə, elə müstəntiqliyini davam etdirib, pul və mənsəb arxasınca sonuna qədər gedərdi və rüşvət yığanların, haram tikə ilə ailə dolandıranların cərgəsində bü gün də addımlayardı. Lakin o, bu yolu seçmədi. Haqqı dedi və buna görə də dəmir barmaqlıqlar arasına göndərildi.
Yalançı şahidlərə, imanını itirmiş şəxslərə bir ana olaraq üzümü tutaraq demək istəyirəm ki, böyük qəhrəmanlıq nümayiş etdirməyiblər. Onlar nə zamansa bunun bədəlini ödəyəcəklər. Sifariş qulu olan hakim və dövlət ittihamçısı, qurama şahidlər də daxil yaxşı bilsinlər ki, haqsız əməlləri ilə bəndə qarşısında olmasa da Böyük Tanrının önündə sorğu-sual ediləcəklər. Görəsən, bu cür imansız və ədalətsiz adamlar evlərində öz uşaqlarının, həyat yoldaşlarının üzünə necə baxırlar ? Heç olmazsa onları bir xəcalət təri basırmı? Çətin. Çünki onlar belə işlərə alışıblar, baş kəsmək, üzə duraraq insanların taleyinin üstündən xətt çəkmək kimi amansız və qəddar əməllərə öyrəşiblər. Belələri vəzifə və pul üçün hər şeylərindən keçməyə hazırdırlar.
Gözümün ışığı, ürəyimin bir parçası yox, tamı olan əziz Rüfətim! Darıxma, yaman günün ömrü az olar. Bir zaman sən o dəmir barmaqlıqlar arasından çıxacaqsan, yenə azad sözün, özgür fikrin uğrunda çarpışacaqsan. Oğlum, bu sənin həyat yolun, müqqədəs amalındır. Bu yolda sənə uğurlar, fədakarlıqlar arzulayıram. İradən sınmasın, səni sındırmaq istəyənlərin qarşısında mətanətlə dayan. Elə bilirəm ki, yenə də hər gün bərabərik, yuxularımda varsan, həmişə olduğu kimi yenə dərdləşir, danışırıq. O gün yuxuma bir ağ göyərçin gəldi, onunla sənə salam göndərdim. Gətirdimi salamımı? Bütün duyğularım, həyatım sənə bağlıdır əziz Rüfətim. Eybi yox, o darısqal kamerada nələri düşündüklərin mənə əyyandır. Dözümlü ol, mübariz ol, anan bu savaş yolunda hər an, hər dəqiqə səninlədir. Südüm sənə halan olsun!
Anan Tahirə Tahirqızı Səfərova. 
29.09.2016

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın