Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Amerikalını heyrətə salan muğam ifaçısı haqda film çəkildi – FOTO

Amerikalını heyrətə salan muğam ifaçısı haqda film çəkildi – FOTO

“Gənc Səslər, Qədim Nəğmə” – Amerika Muğam Cəmiyyətinin prezidenti Cefri Verbokun çəkdiyi bu sənədli film izləyə hər kəsi təsirləndirir. Film Fizulidən qaçqın düşmüş uşağın həyatından bəhs edir.

Dünən “Nizami” kinoteatrında nümayiş olunan filmin ərsəyə gəlməsinin xüsusi tarixi var. 2000-ci ildə Bərdə və Bəhrəmtəpə, İmişlidə məcburi köçkünlərin qaçqın düşərgələrində olan amerikalı musiqiçi Nizami Paşayevin səsindən heyrətlənir. “Uşaq o qədər gözəl və təsirli oxuyurdu ki”, – Cefri Verbok deyir.

Cefri Verbok 8 il sonra Nizamini Bakıda tapır. Məlum olur ki, ağır həyat şəraiti Nizaminin muğam sənətini davam etdirməsinə imkan verməyib. O, ailəsinə yardım göstərmək üçün xidmət sahəsinə çalışmağa başlayıb. Filmdə müharibənin, işğalçılıq siyasətinin həm də mədəniyyətə, muğama vurduğu zərbələrdən danışılır.

Film Avropa Azərbaycan Cəmiyyətinin köməyi ilə çəkilib. Dünənki tədbirdə də cəmiyyətin sədri, filmin icraçı prodüseri Tale Heydərov Azərbaycan xalqının dünya mədəniyyət xəzinəsinə verdiyi böyük töhfələrdən danışdı. T.Heydərov deyir ki, Azərbaycanın şah əsəri olan muğam bu töhfələr içində xüsusi rol oynayır. Film 4 il ərzində çəkilib.

Təqdimatda ekran əsərinin müəllifi Cefri Verbok deyir: “16 il əvvəl Azərbaycan mədəniyyəti haqqında film çəkmək istəyirdim. Bu filmi ərsəyə gətirə bildik. Filmdə gənclər qədim nəğmə olan muğamı ifa edirlər. Ekran əsərinin çəkiliş prosesində yaşadıqlarım çox maraqlı oldu. Yurdundan didərgin düşən adamların çox çətin həyatını gördüm. Dünyanın çox ölkəsində qaçqınlar var, amma ilk dəfə Azərbaycanda bu qədər qürurlu insanlar gördüm. Mən Azərbaycan mədəniyyətinə vurğunam”.

Filmdə həmçinin 1972-ci ildə Los-Ancelesdə yaşayarkən özü üçün muğamı kəşf edən Cefri Verbokun sənətinə vurulduğu əslən Dağıstandan olan dağ yəhudisi Zevulon Avşalumov haqqında da məlumat verilir. Onun Azərbaycan muğamının simli aləti olan kamançadakı emosionalvə ecazkar ifasını eşidir. Bundan sonra bəstəkarlıqla məşğul olmasına son qoyub, muğam ifa etmək qərarına gəlir. 15 il ərzində Cefri ilə müəllimi kimi əməkdaşlıq edən Avşalomov 1987-ci ildə vəfat edir. Bundan sonra bir müddət ümidsizliyə qapılan Verbok bu qədim sənətin ustadlarını tapmaq üçün 1989-cu ildə ilk dəfə Azərbaycana gəlir. Burada bir çox muğam ifaçıları ilə tanış olanda görür ki, onların ifası dağıstanlı müəlliminin ifasından qat-qat yüksək səviyyədə və daha mürəkkəbdir.

Nizami Paşayevin vətən haqqında ifa etdiyi mahnının sehrindən yaranan film bütün dünyada yayımlanacaq. Virtualaz.org

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın