Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Şou Biznes / Amaliya Pənahova: “Əvvəlki MTN rəhbərliyi bizə çox boyun olmuşdu…”

Amaliya Pənahova: “Əvvəlki MTN rəhbərliyi bizə çox boyun olmuşdu…”

“Yeni Müsavat”ın budəfəki qonağı Bakı Bələdiyyə Teatrının rəhbəri, kino və teatr sahəsində 500-dən artıq obraz yaratmış, xalq artisti Amaliya Pənahova oldu. Aktrisa ilə yeni yaratdığı “Amalfilm” prodakşn mərkəzində görüşdük. İsti yay mövsümünə baxmayaraq, xalq artisti digər həmkarlarından fərqli olaraq iş başında, öz fəaliyyətində idi. 

Məmnuniyyətlə söhbətə başlayan Amaliya xanım ilk öncə qarşıda gözlənilən tamaşalardan, görüləcək işlərdən danışdı: “Gələn il Bakı Bələdiyyə Teatrının 25 yaşı tamam olur, buna hazırlıqlar gedir. O ərəfədəyik ki, sənədli film üzərində işləyirik, köhnə tamaşalarımızın bərpası gedir. Məqsədimiz  gənc aktyorların tanıdılmasıdır. Amma siz elə bir ərəfədə gəlmisiz  ki, sabah xalq artisti, ”Qızıl Dərviş” mükafatçısı, Azərbaycanın qızıl səslərindən birinci sırada duran, radioda 30 il diktor fəaliyyəti göstərən Yusif Muxtarovun 75 yaşı tamam olur (xalq artisti ilə görüşümüz 21 iyula təsadüf etmişdi X.G.) 6 ildir dünyasını dəyişməsinə baxmayaraq, kollektivlə onu xatırlayır və biz çalışacağıq onun 75 illiyini hələ ki kollektivimizin arasında qeyd edək. Amma sentyabrın axırında, inşallah, artıq geniş ictimaiyyətə həm onun “Səsin xiffəti” adlı  kitabının təqdimatını və həm də  onun yaradıcılığı və həyatı haqqında çəkilən sənədli film artıq hazırdır, onu təqdim edəcəyik. Bundan başqa, teatrımız bu yaxınlarda çox gözəl növbəti bir yaradıcılıq uğuru qazandı,  Şillerin “Məkr və məhəbbət” faciəsini göstərdik. Baş rollarda demək olar ki, professional səhnəyə ilk dəfə çıxan gənclər idi. Sentyabrın sonu, oktyabrın əvvəlində isə C.Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi” komediyasını göstərmək fikrindəyik.

– Xalq artisti Yusif Muxtarovla 47 il ömür-gün yoldaşı olmusunuz. Onsuz keçirdiyiniz 6 ildə nə dəyişdi?

– 1-ci kursda onunla tanış olduq, ailə qurduq və sərasər 47 il birlikdə yaşadıq, iki övladımız, 3 nəvəmiz oldu.  Sözsüz ki, onun mənim həyatımda çox böyük rolu oldu. Həm Azərbaycan dilini sevməyimdə, inkişafımda-çünki mən rus məktəbini bitirmişdim-ümumiyyətlə, ailədə övladlarımın tərbiyə olunmasında, özü çox nümunəvi bir ata olduğu üçün övladları da çox nümunəvi, respublikamıza çox dəyərli bir vətəndaş kimi böyüdülər. Bu baxımdan, biz həmişə xoşbəxt idik və bu gün də xoşbəxtəm ki, belə övladlarımız var, nəvələrimiz də o səpkidə böyüdü. Qaldı ki, həmin 6 ilə… Sözsüz ki, niskil var, amma bu dərd mənimdir və onu heç kimlə bölüşmürəm.

– Övladlarınızdan danışdız, bir ara deyildi ki, oğlunuz Azərbaycanın Meksikadakı səfiridir.

– Bəli, mənim oğlum diplomatdır və o, Meksikada səfirlik yaratdı və orda sərasər 5 ildən artıq səfir oldu, səlahiyyətli səfirimizdir.

– Sizin təşəbbüsünüzlə yaradılmış, 25 illiyini qeyd edəcəyiniz Bakı Bələdiyyə Teatrı, deyəsən, bu gün də binasız qalıb?

– 15 ildir qanunla, sənədlə Rəşid Behbudov  ünvanında yerləşən Şəhriyar adına klubda yerləşmişdik. Bu gün də rəsmi olaraq ünvanımız oradır. Amma təəssüf ki, mənim təşəbbüsümlə orada aparılan təmir axırda onunla nəticələndi ki, bizi oradan xaric etdilər və geri qaytarmadılar. Əvvəlki MTN rəhbərliyi bizə çox boyun olmuşdu… Biz də başa düşürük ki, bu məxsusi binadır. Amma orda 3 gözəl zal, səhnə var və təsadüfdən-təsadüfə istifadə olunur. Adamın heyfi gəlir… Amma neyləyək… (gülümsəyir).

6 ildir ki, bizi “Dostluq” kinoteatrına yerləşdiriblər, orada məskunlaşmışıq. Hər gün deyirlər ki, təmir olunacaq, amma heç bir şey yoxdur (mənalı gülümsəyir). Ora da elə bil 2-3 arvadlı ailədir (gülür).

– Ötən il hindistanlı kinematoqrafiyaçılarla iş birliyi qurduğunuz barədə mətbuat konfransı keçirmişdiz. Həmin məsələ nə yerdə qaldı?

“Hindistanlılar bizdən istifadə etmək istəyirdi”

– Bollivudda bir çox şirkətlər var, bu da özəl bir şirkət idi. Burda onlarla bir ildən artıq sövdələşmə apardıq və “Amalfilm”lə  müştərək film üzərində çalışmaq istədik. Amma onlar ssenarini axıra qədər mənə oxutmamışdılar. Hər gün deyirdilər ki, hazır olacaq və sonuncu məqamda mən ssenariyə baxanda gördüm ki, onlar bizdən istifadə etmək istəyirlər. Bizim dövlətdə olarmı ki, gömrüyü, postları aldadıb canini respublikadan kənara çıxartsınlar və bunu heç kəs bilməsin. Bizim orqanlar çox gözəl  çalışır, görürük ətrafda nə baş verir. Ona görə də mən həmişə təhlükəsizlik qüvvələrimizlə fəxr etmişəm. Bu baxımdan, mən bildirdim ki, ssenari dəyişdirilməlidir, onlar isə dedilər ki, “yox”. Ssenariyə görə həbsxanadan kimisə qaçırdılar, guya sərhəddən kimisə ötürürlər… Dedim ki, bizdə belə şeylər yoxdur. Dedilər ki, “yox, siz bilmirsiz, bu, filmdir”. Dedim ki, “mən imtina edirəm”. Bu gün də onlara heç kəs yaxın durmur.

– Çox sevilən rollarınızdan biri də Təhminə obrazıdır. Bu danılmaz faktdır ki, cəmiyyətimiz hələ də təhminələri xoş qarşılamır, qınayır. Maraqlıdır, Amaliya Pənahova özü Təhminəni qınayırmı?

– Biz niyə dünyadan tərrid olunub geri qalmalıyıq. Bu gün 40-30 il bundan əvvəl həyatımızı ölçdüyümüz meyarla bugünkü həyatımızı ölçmək düzgün deyil. Biz dünyaya baxıb görürük ki, nə qədər tək-tənha qadınlarımız var. Bəlkə də suçlanmamaq  üçün onlar ömürlük tək qalıb, tək qocalırlar və tək olaraq dünyasını dəyişirlər, özlərindən sonra bir iz qoya bilmirlər. Nə övlad dünyaya gətirə bilir, nə də ki, onları tərbiyə də bilirlər. Bu baxımdan, mən heç vaxt qadınları qınamamışam və qınamaq da istəməzdim. Ona görə də Təhminə məndə bəraət qazanmışdı. Onun nə günahı ki, ailə onu qəbul etmirdi, oğlan da o qədər zəif, iradəsiz oldu, öz sevgisindən əl çəkdi, evləndi. Nə o tərəf, nə də qarşı tərəf xoşbəxt oldu. Bu baxımdan, mən onu tərəfdarıyam ki, sevən könüllər, ürəklər həmişə birləşsin, mübariz olsunlar. Həyatın çətinlikləri həmişə var, istər dövlətli, istərsə də kasıb ol. Amma o çətinliklərdən gərək qorxmayasan və elə şeylər var ki, ona gərək sinə gələ biləsən, mübarizə aparasan. O mübarizlik gərək bizim gənclərimizdə olsun ki, həm istəklərinə nail ola bilsinlər, həm iradəli olsunlar ki, nəyəsə nail olsunlar və öz sevgilərini qoruya bilsinlər.

– İki il bundan öncə məlumat yayıldı ki, baş rolda siz olmaqla “Təhminə və Zaur” filminin davamı çəkiləcək.

– (Təəccüblənir). Kim bunu yazıb bilmirəm, mən sizdən eşidirəm. Amma bu gün də deyirəm ki, vaxtilə 80-ci illərin ortalarında Akademik Milli Dram Teatrın səhnəsində həyat üzü görən “Təhminə və Zaur” tamaşası filmlərdə öz layiqli əksini tapa bilmədi. Baxmayaraq ki, tamaşaçılar onları qəbul edir. O filmlərdə nə Təhminənin, nə də Zaurun daxili dünyası lazımınca tam açılmadı. Bax buna mən heyfsilənirəm. İmkan düşdükcə sözsüz ki, mən bu əsərə qayıda bilərəm.

– Bir ara siyasətlə də məşğul oldunuz, Milli Məclisə deputat seçildiniz. Bəs niyə sonralar siyasətdən kənarda qaldınız, səbəb nə oldu?

– Mən siyasətdə həmişə olmuşam. Sənətin özü böyük siyasətdir, bunu daima vurğulamışam.  Çünki əgər biz 80-ci illərin əvvəllərində sovetlərin tüğyan etdiyi bir vaxtda səhnədən demişdik ki, “bizi azad, xoşbəxt Azərbaycan gözləyir”, əgər 60-cı illərin ortalarında “o tay, bu tay Azərbaycan” haqqında səhnədən hayqırmışıqsa, deməli, siyasətlə məşğuluq istər-istəməz. Teatr ən böyük siyasət meydanıdır. Bu gün mənəviyyata, siyasətimizə, türkçülüyümüzə, azadlığımıza xidmət edən teatr tamaşaları olmalıdır. Yeniyetmələr, gənclər mənəviyyatın qidasını oradan almalıdırlar. Çox təəssüf ki, bu gün məktəb və teatr əlaqələri yox dərəcəsindədir. Bu gün mənəviyyata xidmət edən tamaşalarımız çox azdır. Burda da mən teatrları günahkar görmürəm, bazar iqtisadiyyatı haradasa onları bayağılığa, açıq-saçıqlığa məcbur edir. Gözəl ədəbiyyat, film yoxdur. Gənclər daha çox onların hisslərini qıcıqlandıran qan-qadalı, bəzən mənəviyyatsızlığa xidmət edən filmlərə baxırlar. Ola bilsin ki, bu da gəncliyin marağının azlığından irəli gəlir. Biz onların asudə vaxtını lazımi qədər doldura bilmirik.

– Sonuncu çəkildiyiniz film hansı olub? 

– İki il bundan əvvəl Rusiyanın “ORT”  kanalının  sifarişi ilə “Jasmin” filminə çəkildim, onun 26 serialında oldum və BAKI Bələdiyyə Teatrının 6 nəfər aktyorunu da ora cəlb etdim. Orda mən yeni bir obrazda idim. Sonuncu çəkildiyim film “Şaman” filmidir ki, bu gün artıq onun tamamlanma işləri gedir, yeni fikirlər doğur, araşdırmalar aparılır.  Çalışırıq ki,  normal bir film ortaya gətirək. Onun quruluşçu rejissoru Aqil M.Quliyevdir.  İstanbulda şaman haqqında araşdırmalar aparır. Baxmayaraq ki, filmin 80-90 faizi çəkilib, istəyirik ki, digər qismi türk sənətkarları ilə müştərək çəkilsin.   Artıq TÜRKSOY-un bu filmə çox böyük marağı var. Çünki ilk dəfədir ki, şamançılıq, şamanların türk dünyasında peyda olması və onların müsbət mənada fəaliyyətləri haqda film yaradılır.

Ola bilsin ki, bir aktrisa kimi ona yer eləyir ki, rolu özü səsləndirə bilməyib”

– Ötən il əməkdar artist Leyla Şıxlınskaya sizə qarşı xoş olmayan davranış nümayiş etmişdi. Maraqlıdır, həmin olaydan sonra aranızda hər hansı bir əlaqə, ünsiyyət oldumu?

– Mən heç istəməzdim bu mövzuya toxunaq. Nə üçün?! Bu, onun dil bilməməsindən irəli gəlmişdi. Bizim heç vaxt şəxsi ünsiyyətimiz olmayıb, heç vaxt. Ola bilsin ki, bir aktrisa kimi ona yer eləyir ki, rolu özü səsləndirə bilməyib. Amma bu da onun günahıdır. Dili bilsəydi bəlkə də rejissor ona müraciət edərdi. Amma rəhmətlik Arif Babayev kinoda öz sözünü demiş, püxtələşmiş bir rejissordur, o bilirdi neyləyirdi. Özü də həmin filmdə rolu yalnız təkcə mən səsləndirməmişəm, rol iki nəfərin arasında bölünmüşdü. Gənclik səsini Ofeliya Sənani, yaşa dolmuş vaxtını isə mən səsləndirmişdim. Onun ittihamları yersiz idi. Ona görə də mən bu mövzuya qayıtmaq istəməzdim.

– Bu gün rejissorlarımız filmlərinə daha çox xarici aktrisaları cəlb edirlər. Bəzən bunu onunla əsaslandırırlar ki, bizim aktrisalarımız və ümumiyyətlə, xanımlarımız 30 yaşından sonra fiziki olaraq formadan düşürlər. 

– Onlar hardasa haqlıdırlar. Mən deməzdim ki, yalnız görünüş onları təmin etmir, ola bilsin ki, hər rejissorun filmə öz baxışı var və sözsüz ki, gərək ürəyi tutan və lazım bildiyi sənətkarla çalışsın, bütün dünyada belədir. Qaldı ki, mənim arzum o olardı ki, bizim rejissorlar bizim istedadlı sənətkarları sevsinlər və onları tanıtmağa çalışsınlar. Xaricdən gətirilən sənətkar bəlkə də öz ölkəsində 10-cu dərəcəli sənətkardır. Gətirsin Sofi Loreni, Türkan Şorayı görüm necə çəkir? Amma 10- 15-ci dərəcəli aktrisaları gətirəndə onda deyirsən ki, sən axtar öz aktyor, aktrisalarını çək tanıt, onda sənə alqış desin, xalqın da, kinematoqraf da.

Biz gərək öz tariximizi tanıtmağa çalışaq, çünki bizi çox da tanımırlar dünyada. Buna xidmət etməlidir bizim rejissorlar, sənətkarlar.

– Hazırda mövsümün elə bir vaxtıdır ki, insanların çoxu, xüsusən də sənətçilər istirahətdə, dincəlməkdədir. Deyəsən, siz hələ məzuniyyətdən çox işləməyə üstünlük verirsiz?

“Heç yadıma gəlmir ki, gedib dəniz qırağında uzanıb, dincəlmişəm”

– Mən həmişə demişəm, mənim istirahətim bir işimin digər işimlə əvəz olunmasıdır. Hələ gənc, demək olar ki, 15 yaşımdam paralel 2-3 işlə məşğul olmuşam. Məktəb, xor, mütaliə və sairə, bir işlə heç vaxt qane olmamışam. Və bu  günün özündə də heç yadıma gəlmir ki, gedib dəniz qırağında uzanıb dincəlmişəm. Bu məni darıxdırar və yorar. Mənim dincəlməyim işləməkdir və mən  bununla xoşbəxtəm”.

Həmçinin oxuyun

Səbinə: “Prodüser müğənninin şəxsi mülkü deyil”

Tanınmış prodüser Səbinə Rəcəbli həmkarlarını tənqid edib.  “Ölkə.Az”-a danışan Rəcəbli onları müğənnilərə həddindən artıq üz …

Bir cavab yazın