Ana səhifə / Şou Biznes /  “Alpaqut Turan” döyüş sənəti nədir?

 “Alpaqut Turan” döyüş sənəti nədir?

İnsan övladının yaranışından bu günə qədər əldə etdiyi mədəni nailiyyətlərdən biri də döyüş sənətidir. Əgər ibtidai insan döyüşmək bacarığına yalnız özünü müdafiə və qida əldə etmək üçün yiyələnirdisə, artıq sivilizasiya mərhələsində döyüş sənəti fəlsəfi və etik dünya görüşünü özündə əks etdirən mədəni dəyərlərdən birinə çevrilmişdir.  Təbiidir ki, döyüş sənətini hər hansısa bir millətə aid etmək doğru olmazdı.  Çünki aydın məsələdir ki,  insan övladı özünü müdafiə etmək məcburiyyətindən döyüş mədəniyyəti formalaşıb. Bundan sonra isə tayfa, qəbilə müharibələri və imperiya müharibələri olmuşdur ki, bu da savaş mədəniyyətinin formalaşmasına zəmin yaratmışdır. Məhs bunun nəticəsində XVIII əsrdən başlayaraq müxtəlif xalqların hərb döyüş sənəti sahəsindən özlərinin özünümüdafiə döyüş və idman proqramı əsasında, müxtəlif adlarda (karate, uşu, muaytay, pankration, savate, sambo, takevando, və s) döyüş sənəti  konsepsiyasının formalaşmasını görə bilərik.  Əlbəttə ki, bu istiqamətdə şərq ölkələri, xüsusilə Mərkəzi Asiyada (tarixi “Turan” adlanan coğrafi arealda) və regiona qonşu ərazilərdə yaşayan xalqlar daha çox irəli getmişdir. Ancaq indiki zamanda isə demək olar ki, hər bir millətin öz mədəniyyətindən qaynaqlanan döyüş sənəti vardır. Sözsüz ki, bu, hər bir millətin təbii və mədəni haqqıdır və  hər bir insan övladı bu mədəniyyətə hörmətlə yanaşmalıdır.

Mövzüya bu sual üzərində giriş edək: Necə ola bilərdi ki, tarix səhnəsində ən çox dövlət quran, ən çox savaşlar keçirən, ən böyük imperiyaları diz çökdürən, krallara əl öpdürən, məhs savaş sənətinin ən yüksək pilləsində olduğunu sübut edərək, özündən 10 dəfə böyük və əzəmətli olan Çin imperiyasına “Çin səddi” kimi günümüzdə böyük bir möcüzəli əsər yaratmağa vadar edən, tarixin yaddaşında “məğlubedilməz türklər” adını qazanan, Avroasiya qitəsinin dörd bir yanında savaş tarixi yazan türk etnosunun əlbəyaxa döyüş sənəti mövcud olmasın ?

İlk öncə Türk sözündən və Türklərin hansı coğrafiyadan dünyaya çıxışına nəzər salsaq, bu etnosun indiki, Avrasiya çoğrafiyasında necə böyük bir zəngin döyüş mədəniyyəti yaratdığını və qonşu xalqların da bundan necə faydalandığını görə bilərik.

Türk sözü insanlıq tarixi qədər qədim olduğundan, zaman-zaman tarixçilər öz araşdırmalarında bu sözün açılımına fərqli fikirlər irəli sürmüşlər. Araşdırmalara görə Türk adı ilk dəfə e.ə. XIV əsrdə “Tik” və ya “Tiklər” adıyla tanınmağa başlamışdır. Hətda başqa bir fikrə görə isə Türk adı e.ə. XIV əsrdən əvvəl də var olmuşdur. Çin qaynaqlarında isə bu söz «Tu-küe (Türk)» olaraq miğfer» başı qorumak» anlamında işlədilmişdir. Macar türkoloq Armin Vamberiyə görə Türk sözü «törəmək» deməkdir. Ziya Gökalpa görə isə «TÜRELİ» yəni qanun və nizam sahibi olmaq deməkdir. Alman türkoloq Albert von Le Coq görə, Türk sözü «güc-qüvvət» mənası bildirir. 420 -ci ildə  bir fars mətnində Türk kəlməsi Altaylı  (ceyhun kənarı,turanlı) qövmlərini təyin etmək üçün göstərilmişdir. İran mənbələrində Türk sözü “Gözəl İnsan” mənasında işlədilir. X əsrə aid Uyğur mətnlərində Türk sözü «güc, qüvvət» (Türklük = «güclü, qüvvətli») mənasında istifadə edilmişdir. Ön Türk mədəniyyəti və dili üzərinə araşdırmalar edən Kazım Mirşan və Haluk Tarcan isə “tür-ök” sözünü tanrısal tür> göklere bağlı> Tanrıya bağlı> millət, “kainata/tanrıya ait insan topluluğu (türü/növü)” anlamına gəldiyini bildirilər. Qeyd edək ki, Türk sözü ilk dəfə rəsmi olaraq Göytürk imperiyası adında ortaya çıxmışdır.

Türkoloqiyanın banisi hesab olunan, Dünya ədəbiyyatında türkdilli xalqların ilk ensiklopediyası sayılan, Divanu Luğati-t-Türk  əsərinin müəllifi kimi şöhrət qazanmış Mahmud Kaşğarlının fikirləri, bu mövzüda bütün fikirlərinin ən önəmlisidir desək yanılmarıq. O,  “Türk adının türklərə Tanrı tərəfindən verildiyini” qeyd edərək, bu sözün “Gənclik, qüvvət, qüdrət və yetkinlik çağı” mənasını verdiyini bir daha sübut etmişdir. Məhs bunun nəticəsidr ki, ən ünlü Tarixçilər Türk kəlməsinin “Güclü-Qüvvətli” mənasını verdiyini qəbul ediblər.

Türklərin hansı coğrafiyadan dünyaya çıxışı haqda bu günə qədər çox fərqli fikirlər və nəzəriyyələr mövcuddur. Ancaq hal hazırda bu günə qədər bütün nəzəriyyələri alt üst edən yeni bir nəzəriyyə olan Urmu nəzəriyyəsinin müəllifi, Tarixçi, Türkoloq Firudin Ağası oğlunun fikirləri daha çox diqqət mərkəzindədir.

“Əlbətdə ki, bütün xalqlar yarandığı coğrafiyadan zaman-zaman kənara çıxmışdır. Bu məsələyə toxunan araşdırmaçıların (tarixçilər, dilçilər, mifoloqlar, etnoloqlar) baxış bucağı müxtəlif olduğundan araşdırmalarda müəyyən qüsurlar vardır. Qlottogenez elmini bilməyənlər dillərin bir-biri ilə qohumlaşdırılmasında  səhvlər etmişdir. Bütün dünya dillərinin XIX əsrdə nəzəriyyəsi quruldu (Hind-Avropa, Ural, Sami, Qafqaz və s.) Bu nəzəriyyələrin hamısı düz quruldu. Buna görə də 100-150 ildir bu sahədə, bu dillər üzərində aparılan tədqiqatlar həmin dillərin keçmişi haqqında dəqiq informasiyalar verir, onun keçdiyi yolları, onun qrammatik quruluşundakı inkişafı çox aydın izah edə bilir. Yeganə Türkologiya elmi oldu ki, səhv nəzəriyyə üzərində quruldu: “Ural-Altay” və sonradan “Altay” nəzəriyyəsi.

Ural-Altay nəzəriyyısi: Guya Ural xalqları finuqorlarla, Altay xalqları isə türk və tunqus-mancurlar eyni kökdən gələn xalqlardır və sonradan parçalanıblar. Sonrakı ciddi tədqiqatlar göstərdi ki, bu nəzəriyyə özünü doğrultmur, çünki türk dili ilə finuqor dilinin genetik bağı yoxdur. Sadəcə, sonrakı çağlarda olan əlaqələr nəticəsində alınmalar var, bizim dildən onların dilinə, onların dilindən bizim dilə bəzi sözlər keçib. Ona görə də, Ural-Altay nəzəriyyəsi iflasa uğradı, Uralı atdılar, qaldı Altay nəzəriyyəsi.

Altay nəzəriyyəsi: Bu nəzəriyyəyə görə isə, guya türklər, monqollar[1], tunqus-mancurlar ən qədim dövrdə bir xalq olub, 2200-2400 il öncə hun çağında Monqolustanın Ordos bölgəsində türklər onlardan ayrılıb. Güya Türklərin bir hissəsi Altayda qalıb, bir hissəsi isə Orta Asiyaya, başqa bir hissəsi Quzey Qafqaza, guya bir hissəsi də Azərbaycana gəlib və min il əvvəl Səlcuqlar dönəmində də böyük bir kütlə ilə türklər Anadoluya yerləşiblər. Buradan o nəticəni çıxardırlar ki, bugün türklər harada yaşayırsa oranın yerli xalqı deyil, ora gəlmə xalqdır, üstəlik də bu gələn türklərin hamısı köçəri türk xalqlarıdır.  Adətən ”Qohum dillər” qədimə getdikcə birləşir, lakin bu hər  iki nəzəriyyədə qədimə getdikcə şaxələnmə yaranır. Yaranan yüzlərlə suala cavab verə bilmir. Buna səbəb də Türk xalqlarının yaranma yerinin səhv göstərilməsidir. Odur ki, bu nəzəriyyə inkişaf etmir ki, etmir.

Urmu Nəzəriyyəsi (yeni nəzəriyyə): Necə ola bilər ki, Türklər Mərkəzi Asiyada yaranır, lakin böyük məsafə olan, Ön Asiyada yaşayan Sumerlərin dilində yüzlərlə Türk sözü var?

Diqqət edək, Ön asiyada 4 böyük çay var ki, onların qədim adları Türkcədir.  İti-gəl (Dəclə),  Börüçay (Qurd çayı, Burat, Fırat, Fərat), Kür  və Araz. Dağların isə demək olar ki, hamısı türk dilindədir. Dənizlərə baxsaq-Qara dəniz,  Göy Xəzər, Ağ Dəniz, Qırmızı dəniz.

Sual olunur, hansı xalq bu adları verib və bu hansı dildədir? Bunun üçün mifologiyaya, folklora nəzər salmaq kifayətdir. Türk xalqlarında rənglər həm də cəhət bildirir : Qara — Quzey, Qırmızı — Güney,  Göy — Doğu, Ağ — Batı (Xızıda qərbdən əsən yelə Ağ yel deyirlər.)  Bu ölçülərlə baxsaq, bu dənizlər arasında olan bölgə Türklərin yarandığı ərazidir.

 

Yeni Urmu nəzəriyyəsinin müxtəlif köməkçi qolları var — antropologiya, etnoqrafiya. Bunlara nəzər  salsaq görərik  ki, Ön asiyada hal hazırda yaşayan türk xalqlarının antropoloji quruluşu  avropeoid irqinin Aralıq dənizi qolunun Kaspi çalarıdır. Bu xalq burda 7000 ildir var və bu antropoloji quruluş da dəyişməyib.

Bəli əlbətdə ki, Türklər Mərkəzi Asiyada böyük tarix yaratmışdır. Lakin Türklər Mərkəzi Asiyada deyil, Ön Asiyada dünya meydanına çıxmışdır. Sumerlər isə bu əraziyə 6 min il öncə gəlmişlər. O vaxt Bağdaddan yuxarı həmin ərazidə Subarlar (Türk boyu: Su, Çay arası adamlar deməkdir) yaşayırdı. Ərmən boyu (Türk boyu: İgid mən deməkdir), Kut boyu ( Türk boyu: müqəddəslik mənası kəsb edən türk sözü), Kəngər boyu və s. boylar var idi. Sumerlər isə 100 il Kut imperiyasının tərkibində yaşamışdırlar. Bu gün ən  qədim Daş abidələr Türk  xalqlarının Ön asiyada meydana çıxdığını və burdan yayıldığını isbat etməkdədir.”  [2]

SAVAŞ SƏNƏTİ

Ön Asiyadan başlayan və daha sonra bir qismi bozqır yaşamına keçən qədim türklər “Böyük Çöldə”, tarixi Turan ərazisində döyüşçü həyat tərzi yaşayırdı. Məhz bu səbəbdən də bəzi tarixçilər belə qənaətə gəlmişdir ki, qədim türklərin döyüş mədəniyyəti bozqır həyat tərzi ilə başlayır və bununlada bitir. Ancaq bu tamamilə yalnışdır.

Əlbəttə ki, qədim türklərin döyüş sənətinin ən sürətli formalaşma dövrü bozqır həyat tərzinə keçdikdən sonra baş vermişdir. Ancaq bu o demək deyildir ki, Türklər Ön Asiyada döyüş mədəniyyətinə sahib olmamışdır. Türk döyüş sənəti hələ, qədim türklər Ön Asiyada olarkən mövcud olmuşdur. Məsələn, Herodot Subar boylarını “Dünyanın Ən savaşçı xalqı” (Türk boyu: Su, Çay arası adamlar deməkdir)  adlandırmışdır.

Bundan əlavə Çin mənbələrindən bir fakta nəzər salaq. “Eradan əvvəl II əsrə aid mənbədə deyilir:  İnsanı heyrətə salan bir cəldliklə yalçın dağlara dırmaşır və aşağı enirlər. Selləri və ən dərin çayları paltarlı üzüb keçirlər. Küləklərə, yağışlara, aclıq və susuzluğa dözürlər.” Çin naziri bu keyfiyyəti də Hunların (Hun Türk imperiyası) “çox uzun vaxtlardan bəri davam edən qədim qabiliyyətlər indən hesab edir.[3]

Bu faktlar onu sübut edir ki, savaş mədəniyyəti bu etnosun həyat tərzinə daha qədimdən süzülüb gəlir, sadəcə bozqır çöllərində məcburiyyətdən bu savaş mədəniyyəti daha çox inkişaf dövrünü yaşamışdır. Orhun abidəsindəki Bilgə Tonyukukun yazısı, bu məcburiyyəti təsdiq edir: “Çuğay Kuzda, Qara qumda, məskən salmışdıq. Maral yeyərək, dövşan yeyərək otururduq. Xalqın boğazı tox idi. Ətrafdakı düşmənlərimiz yırtıcı quş tək, biz isə ov kimi idik.” [4]  

Çin hərbçi alimləri müharibələrin gedişində çoxsaylı hərbi traktatlarda köçərilərlə (Hun türkləri və Göy türklər) müharibə metodları ümumiləşdirirdilər. Hərbi və döyüş sənəti məktəbləri peyda olurdu.” [5]  Məlum olur ki, saylarına görə “Çinin əhali sayının yüzdə biri ilə müqayisə edilə bilməyən Türklər” [6]  öz mükəmməl yüksək döyüş sənəti qabiliyyəti nəticəsində Çinlilərə hərbi texnologiyanı və döyüş sənətlərini formalaşdırması məcburiyyəti qarşısında qoymuşdur. Ancaq nəzərə alsaq ki, qədim türklərin sayı çinlilərdən çox az idi və onlar bu böyük imperiyanın hərb sənətinin formalaşdırmasına rəgmən türklərin qarşısında duruş gətirə bilmirdi, demək ki, bu fakt özü sübüt edir ki, qədim türklərin savaş sənəti, döyüş mədəniyyətinin ən yüksək pilləsində idi. “Sülh dövründə sıravi türkün həyatı köçlərdən (ildə 2-4 dəfə), hərbi döyüş təlimlərindən və yaz və bahar aylarındakı sərbəstlik zamanı istirahətdən ibarət idi. Yorucu əməyin olmaması, daima ovla məşğul olma, at belində çapmalar və ox atmalar fiziki inkişafa və döyüş sənətinin təkmilləşməsinə xidmət edirdi.” [7]

Bəzi yabancı tarixçilər qədim türklərin Suvarilik sənətinin daha yüksək səviyyədə olduğu üçün, onları piyada, xüsusilə əlbəyaxa döyüşdə təsəvvür etmək istəmirlər.  Düşünürəm ki, indiki halda onlar bunu ağıllı formada qəsdən məqsədli şəkildə edir ki, kapitalizm dəyərlərinin mövcud olduğu müasir dünyada türk xalqları əlbəyaxa döyüş sənəti formalaşdırmaq üçün heç bir qədim mənbəyə əsaslanmasın. Axı hamıya məlumdur ki, müxtəlif xalqlar XX əsrdən başlayaraq bu günə qədər döyüş sənəti formalaşdırmaq üçün bir yarışa girib. Bunun həm siyasi, həm iqtisadi, həmdə mədəni tərəfləri olduğu üçün bu sahəyə diqqət böyükdür.  Məgər XX əsrdə döyüş sənəti formalaşmasında ən çox irəli gedən Yapon, Çin, Koreya, Avropa və s. xalqların qədim tarixində At, Qılınc, Ox, Zireh mövcud olmamışdır ? Axı necə düşünmək olar ki, məhz bu amillərə görə qədim türklərin əlbəyaxa döyüşə ehtiyacı yox idi?  Türkün dastan ədəbiyyatı Kitabi-Dədə Qorqud, KOROĞLU, MANAS və s. başdan ayağa əlbəyaxa döyüş mədəniyyətindən ibarətdir.

Yox əgər dastan ədəbiyyatını mif sayırlarsa, bəs o zaman niyə Damonun (Badhidharma) Hindistandan Çinə gələrək döyüş sənəti yaratması mif sayılmır? Əslində isə dərindən araşdırdıqda, elə əsl əlbəyaxa döyüş sənəti mədəniyyətinin də bünövrəsini qədim türklərdən gəlməsini görmək çətin deyil.

Əgər belə olmasaydı, XX əsrin ən böyük imperiyası olan (SSRİ-də) Sovetlər birliyində döyüş sənəti sahəsində yenilik edilərkən əsas türk xalqlarının döyüş mədəniyyəti araşdırılmaz və qaynaq götürülməzdi. Bütün idman xadimlərinə məlumdur ki, SSRİ-nin (sovetlər birliyinin) tanınmış idman xadimi, Sambonun qurucusu V.Xarlampiyev, bu döyüş sənətini formalaşdırarkən  Azərbaycanlıların, Başqırdların,  Kazakların, Türkmənlərin, Özbəklərin güləş, küreş, kuraş, yakalaşma və Kulsanat, Qolsənət  kimi müxtəlif türk ləhçələrində bilinən adlarda olan döyüş mədəniyyətindən istifadə edərək SAMBO (Samozaşita Bez Orujiya) adlı döyüş sənəti qurmuşdur. Əlbətdə ki, Sovetlər Birliyinin dövlət dili rus dili olduğu üçün məhz döyüş sənətinə qoyulan ad rus dilində idi.

Sual olunur: Bəs bu Döyüş sənəti mədəniyyəti haradan qaynaqlanırdı və necə formalaşırdı?

Qeyd edək ki, qədim türklərin həyat tərzi haqqında informasiya əldə etmədən, türk idman mədəniyyətini və xüsusilə də döyüş sənətininin sirlərini görmək mümkün deyil. Çünki türk savaş sənəti məhs türk həyat tərzindən doğurdu.  Beləliklə,  qədim türklərin əlbəyaxa döyüş sənətinə verdikləri töhfələr üzərində dayanaq.

 

ƏLBƏYAXA DÖYÜŞ SƏNƏTİ

Tarixin inkişaf dinamikasında bəzi əlbəyaxa döyüş sənət növləri sırf mərasim (oyun və rəqslər) və ya idman (yarışmalar) xarakteri almışdır. Əlbəyaxa döyüş özü tarixin dinamikasında bir neçə şaxələrə ayrılır:

1) Yalnız fiziki gücə və hazırlığa əsaslanan əlbəyaxa döyüş (əl və ayaqların vasitəsilə rəqibdən müdafiə, hücum və güləş);

2)  Müxtəlif alət və vasitələrdən (ip, ərkan, dəyənək, şüvül, tir və d.) istifadə edilən döyüş sənəti;

3) Müxtəlif təyinatlı silahların (bıçaq, qılınc, cida, nizə, ox və d.) istifadəsini  ehtiva edən döyüş sənətləri.

Ancaq bu bölünmələrə baxmayaraq, günümüzdə yaradılan əksər döyüş sənəti növlərinin bazasında hər üç forma yaşayır. Məsələn, bir çox döyüş sənətlərində özünü müdafiə proqramlarında müxtəlif soyuq silahlardan istifadə və müdafiə texnikalarının mövcüdlugu hər kəsə bəllidir. Biz bu ənənəni döyüş idman yarışlarının açılış mərasimlərində nümunəvi çıxış formasında da açıq aşkar görə bilərik. Hətta Samuraylara qarşı formalaşan TOTE nin (daha sonra Okinava Te və son olaraq Karate) yarışlarının açılış mərasimində belə, bir birinə zidd olmasına baxmayaraq Samuray dəbilqələrində qılınclarla nümunəvi çıxışları görürük.

Bütün bunlar sübut edir ki, qədim dövrdə hərb savaş sənətinin təlim prosesində fiziki gücə hesablanmış texniko fənlər olmuş, bu təlim prosesi ordu daxilində müxtəlif sınaqlarla (yarışmalarla) müşahidə olunmuş, daha sonrakı dövrlərdə isə bu sınaqlar və ya döyüş sənəti metodikaları müxtəlif adlarla konsepsiya olunmuşdur. Hal hazırda fəaliyyətdə olan köklü döyüş sənətlərinin qədim dövrlərdə  hərb savaş sənətinin tərkib hissəsi olması heç kimə sirr deyil.

Bu prizmadan baxdıqda, Qədim türklərin həyat tərzində bahadır olmadan yaşamaq mümkün olmadığı üçün uşaqların körpəlikdən ən sərt qanunlarla və hərbi döyüşçü məşqləri ilə tərbiyə olunması məhs bahadır olmağa hesablanmışdı. Hərblə əlaqədar olaraq bütün əsgəri təlimlər, eyni zamanda əlbəyaxa döyüş sənəti qədim türklərdə uşaq yaşlarından başlanılırdı. “Hunlar doğulan uşağı qışda qarın üstünə atır, bir müddət keçdikdən sonra isə dəriyə bükürdülər. Yeniyetməni ən qorxulu səfərlərə göndərirdilər. Çin mənbələrinin yazdığına görə, hunlarda “döyüşçülərin güc və bacarığı ilə ölçülər, kişilər savaş təlimi keçir, qəfil basqın və hücumlar edirdilər. Bu onların anadangəlmə fitrətindəndir. [8] Bu başqa cür ola da bilməzdi, çünki “Bozqır türklərinin ayrıca bir ordu yaratmasına ehtiyacı yox idi, hər bir elatın özü bütövlükdə bir ordu idi.” [9] Məhz bu səbəbdən də istənilən əsgəri təlim forması tayfanı bütövləşdirən ailədən başlanırdı.

Məsələn, Yakut mənbələrində necə bir sərt əsgəri təlim haqqında məlumat bildirilir: “Təlim 3 yaşından başlayırdı. Öncə onun üzərinə qızarmış kömür atırdılar ki,  onda zərbədən yayınmaq bacarığı yaransın. Bundan sonra silahla rəftar təlimi keçirilirdi. Dəyənəklə döyürdülər və ondan yayınma  bacarığı aşılayırdılar.  Gənclər 18 yaşında hərbi hazırlığı bitirməli idilər. Öyrədilmiş gənci son sınaqdanda keçirirdilər. O, evdə oturarkən, mahir bir əsgər siyirmə qılınc ilə gözlənilmədən onun üzərinə hücum edərək haradan gəldi vurur. Sonra Gəncin paltarını soyundurub, onun bədənini yoxlayırdılar. Əgər bədəndə qılıncdan dəymiş bir kəsik görünsəydi, təlim bitməmiş hesab olunurdu. Sınaqdan keçənə bacadan bir tikə ət atırdılar. Gənc əti bıçağın ucu ilə tutmalı idi. Bundan sonra onun üzünə eninə (yanı bədən hissələrinə) tikiş qoyurdular. Tikiş onun ən yaxşı əsgər olmasının işarəsi idi.” [10]

Qədim türklərdə təkbətək döyüş, bahadırların bir-birinə özünü və soyunu təqdim etməsi və savaş tanrısının şərəfinə dua oxuması  ilə başlayırdı. Yakutlar babalarının savaş qaydasını belə xatırlayırlar: “Adətən hər bir döyüş qarşısında qana həris olan ruhun (müharibə tanrısının İblis kaanın) şərəfinə  mahnı oxuyurdular. Bu zaman onlar öz babalarının adlarını sadalayardılar. … Biz Batas Myondükenin nəvələriyik. Onun Ortancıl oğlu Yurunq bas-Boltonqonun övladlarıyıq. İlbis-Kıısı (Müharibə tanrısı –Ə.Ə., M.Q.) çağırırıq.”  Eyni mötiv Dədə Qorqud dastanında savaşdan öncə  oğuz igidlərinin islam örtüyünə bürünmüş Tanrıya dua etməsi faktı da bəllidirr.

Bu ritual ənənələr bu günə qədər müxtəlif türk xalqlarının savaş mədəniyyətində yaşamaqdadır.  Bahadırlar bir birləri ilə əlbəyaxa döyüşdən öncə rəqs oynaması bu günə qədər türk nağıl və dastanlarında öz əksini tapmışdır. İstər-istəməz Azərbaycan milli ənənəsində güləşçilərin güləşdən öncə rəqs etmələri yada düşür. Bu fakt sözgedən savaş ənənənəsinin çox qədim tarixə malik olduğunu göstərməkdədir. Bu fikrin gerçəkliyi maddi mədəniyyət nümunələri ilə türk dastanlarının, eləcədə türk mədəniyyətinin müqayisəsi təsdiq edir.[11]

Qədim türklərin adət ənənələrində əlbəyaxa döyüş sənətinin varlığı bu aşağıda qeyd edəcəyimiz arxeoloji faktlardan da açıq-aşkar görünür. Döyüşün son mərhələsində, əlbəyaxa savaşı təsvir edən gümüş kuzənin (Tümen vilayətinin Koçq kəndində tapılıb ) tarixi bizim eranın I minilliyinin ortalarına aid edilir. (şəkil.1) Şəkildə təsvir olunan (və M.P.Qryaznovun nəzərindən qaçan) bir çəhət bu təsvirin müəəyyən bir qəhrəmanlıq dastanı ilə bağlı olduğunu təsdiq edir.  Savaşan bahadırlar öz silahlarına doğru can atır. Solda dayanan at bahadırın silahını ayağı ilə ona doğru itələyir. Türk xalqlarının dastanlarında bahadırın atının bahadıra yardımçı  olması motivini nəzərə alsaq, onda bu təsvirin müəyyən dastanla əlaqəsi  bir daha təsdiq olur.[12]

 

gryaznov-mp-1961-02s

Şəkil.1 Gümüş küzə

Bu təsvir isə Ordosdan (Altayın Çinə düşən hissəsi) tapılmış e.ə. III əsrə aid toqqadır. Toqqanın üzərindəki təsvirdə əyani şalvarlı iki bahadır cəng edir, toqqada onların atları, ağac və quş təsvir olunmuşdur ( Şəkil.2). Güləşmək üçün qurşağadək soyunmaq türk xalqlarının ənənəsi kimi yaşamaqdadır. [13]

Şəkil 2. Ordosdan tapılan Qızıl toqqa

Şəkil 2. Ordosdan tapılan Qızıl toqqa

Yuxarıda qeyd etdiyimiz kimi, qədim türklərin Suvarilik sənəti yüksək dərəcədə olduğu üçün, onları piyada da, yəni yerdə döyüşdə təsəvvür etmək istəmirlər.  Ancaq bu faktdır ki, «Səlcuqlu ordusunun təməlini təşkil edən suvarilər lazım olduqda atlardan enib yerdə döyüşə bilirdilər, həmçinin, piyada birlikləri də vardı. Məsələn, Toğrul Bəyin ölüm xəbəri üzərinə Xorasandan hərəkətə keçən Alparslanın ordusu 20.000 atlı  və 10.000 piyada döyüşçüyə malik idi. Kirman Səlcuklularında isə, piyada birliklərinin sayı süvarilərinkindən daha çox idi. Məlik II Arslanşah cəmi 16.000 döyüşçüyə sahib idi və bunların 6000-i süvari, 10.000-i isə piyada qoşun idi”.[14]  Əlbətdə ki, bu piyada birliklərdəki savaşçılar qılınc, ox, nizə qalxan və sairə soyuq silahlarla döyüşürdülər. Ancaq, nəzərə alsaq ki, oxun yayı qurtara bilər, nizə və qılınc qırıla bilər, mütləqdir ki, əlbəyaxa döyüşə şərait yaransın. Rus arxeoloqu M.P. Qryaznovun bu mövzüda araşdırması tam yerinə düşür. O, Uralda tapılmış qabın (şəkil.3 ) üzərindəki təsviri türk xalqlarının dastanlarında əks olunan döyüş səhnəsi ilə müqayisə etmiş və türk xalqlarının dastanlarında təsvir olunan döyüş səhnəsinin əksi olması fikrinə gəlmişdir:

Bahadırlar bir neçə neçə növ silahları sınaqdan çıxarıblar. Onların ayağının altına qırılmış qılınclar, qalxanlar, savaş baltaları, toppuzlar düşüb. Bu sujet türk xalqlarının çoxunun qəhrəmanlıq dastanlarında yer alır. Belə ki, dastanlarda bahadırlar  bir neçə silah növü ilə (nizə, ox, qılınc, toppuz) mübarizə aparır ancaq sonda mübarizə əlbəyaxa ilə nəticələnir. Bahadırların mübarizəsi monqol-oyrat eposu (Bum-Erdeni, Erqil-Türgül və s) Kazax eposu (Şura-Batur), Altay eposu (Kan-Sulutay) və Buryat (Alamji Mergen) eposunda eyni ilə təsvir olunmuşdur. Bu süjet o qədər səciyyəvidir ki, bütün bu qəhrəmanlıq poemalarındakı mərkəzi epizodlardan biri olan, masir qəhrəmanlıq dastanındakı bahadurların tək—bə-tək döyüşünün Kulaqışdan olan qabın üzərindəki təsvir ilə eyniləşdirilməsinin doğruluğuna heç bir şübhə ola bilməz.

Qeyd edək ki, gümüş qab bizim eranın birinci minilliyinin ortalarına aid edilir. Müəllif qılıncların, baltaların, əmudların qırılıb yerə tökülməsinin türk xalqlarının dastanlarında bahadırların döyüş zamanı müxtəlif silah növlərindən istifadə etməsi və məqsədə nail olmayanda bahadırların əlbəyaxa döyüşlə qələbə çalmaları motivi ilə müqayisə etmişdir. Onun fikri inkarolunmaz həqiqətdir. Gördüyünüz kimi, qədim dövrdə savaşların qol gücünə əsaslandığı bir dövrdə, ordu formalaşmasında əlbəyaxa döyüşün olmamasını düşünmək məntiqsizdir.

Şəkil 3.  Kulaqışdan olan gümüş qab

Şəkil 3.  Kulaqışdan olan gümüş qab

Bu mövzüda dastan ədəbiyatında da əlbəyaxa döyüş izlərini görməmək mümkün deyil. Belə ki, Dədə Qorqud dastanında  Əmranla Təkurun savaşı belə təsvir edilir:  Kafər Təkur dedi: “hələ bir döz, əblah oğlu, mən sənə gəlim çatım” Altı pərli gürzünü ələ alıb, atını oğlanın üzərinə sürdü. Oğlan qalxanını gürzün qabağına tutdu. Kafər yuxarıdan aşağıya oğlanı bərk vurdu: qalxanını ovdu, dəbilqəsini əzdi, üz-gözünü sıyırdı, ancaq oğlanı məğlub edə bilmədi. Gürzlə döyüşdülər: böyük iti polad qılıncla vuruşdular, atıla-atıla meydanda  qılınclaşdılar: çiyinləri doğrandı, qılıncları ovulub töküldü, bir-birinə üstün gələ bilmədilər. Qarğı budağından olan sünğülərlə çarpışdılar, meydanda buynuzlarını bir birinə sançmaq istəyən buğalar kimi döş-döşə gəldilər. Əlbəyaxa savaşda  Əmran təkura qalib gəlir.

Oxşar motiv  Koroğlu dastanında daha geniş yayılmışdır. Koroğlu ilə Ərəb Reyhanın döyüşü dastanda belə təsvir olunur: “ Dava başlandı, yetmiş yeddi fəndin hamısını işlətdilər. Amma heç biri o birinə döv ( qalib) gələ bilmədi. Nə qılıncdan kar aşdı, nə nizədən iş çıxdı, nə əmuddan murad hasil oldu. Axırda Koroğlu qəzəblənib atdan düşdü. Paltarının ətəklərini belinı sancdı. Qollarını çırmadı. Meydanda gərdiş eləməyə başladı. Ərəb Reyhan da atdan düşdü. Küştü başlandı.”  Xalq yaradıcılığı olan dastanlarda  sübüt edir ki, qədim türklərin əlbəyaxa savaş sənəti mövcud olmuşdur.

Göründüyü kimi, qədim türlərin həyat tərzi olan savaş mədəniyyətində, türkü əlbəyaxa döyüşsüz təsəvvür etmək mümkün deyil. Barmaqları ilə saf daşdan kəsik qoparan, güləş zamanı barmaqlarını qəniminin ətinə yedirdib onu diz çökdürən,  öküzü başı üstünə qaldıran və ya bir zərbə ilə öküzü yerə sərən şir biləkli bahadırlar haqqında söhbətlər xalq arasında geniş yayılmışdır. Həmin söhbətlərin arxasında türk savaş ənənələrinin müəyyən əlamətləri gizlənmişdir.[15] Fiziki dözümlüyü olmayan və eyni zamanda silahla rəftar etməyi bacarmayan türk döyüşçüsü bahadır sayılmırdı, məhz bu səbəbdən də artıq 12-14 yaşına yetişmiş oğlan uşaqları həm fiziki cəhətdən formalaşırdı, eyni zamanda  silahlardan mükəmməl səviyyədə istifadə etməyi bacarırdı. Ən əsası isə, bu formalaşmada psixoloji cəhətdən də hazırlıq metodları tətbiq olunurdu. Qədim türklər öz uşaqlarına döyüşdə ölümdən qorxmamağı öyrədirdilər və son dərəcədə sərt əsgəri qanunlarla yaşayırdılar. Dörd bir tərəfin amansız düşmənlə əhatə olunduğu Turanda yaşamağın başqa bir yolu da yox idi. Bilgə Tonyukukun Orhun abidəsindəki  yazısını təkrar birdə qeyd edək: “Çuğay Kuzda, Qara qumda, məskən salmışdıq. Maral yeyərək, dövşan yeyərək otururduq. Xalqın boğazı tox idi. Ətrafdakı düşmənlərimiz yırtıcı quş tək, biz isə ov kimi idik.[16]  

Əlbətdə ki, biz bu kimi faktların sayını artıra bilərik. İstər Orta Asiya məzar abidələrində, istərsə də digər yazılı nümunələrdə. Qədim türklərin adət ənənələrində əlbəyaxa təkbətək döyüş sənətinin varlığı türk hərb üsulunun tərkib hissəsidir. Böyük çöldə, Turan adlanan coğrafiyada yaşanan bu döyüş sənəti mədəniyyətinin öz tarixi əsası, fəlsəfəsi, qədim türk dünya görüşləri və adət və ənənələrinə, Tanrıçılığa söykənən dərin mənəviyyatı, öz taktika və tərzi vardır. Məhs bu səbəbdəndir ki, qədim türklərin tarixinə, mədəniyyətinə və döyüş sənətlərinə,  müraciət edilərək yeni bir döyüş sənəti, idman növü olan “ALPAQUT-TURAN DÖYÜŞ SƏNƏTİ” formalaşdırılıb.

ALPAQUT

TURAN DÖYÜŞ SƏNƏTİ

 

Alpaqut Türk xalqlarının qədimdən yaşayan döyüş sənətlərindən götürülmüş və müasir döyüş sənətləri ilə sintezləşdirilmiş bir döyüş sənətidir. Döyüş sənətinin adının anlamı «Alpaqut» (Alp: döyüşçü, Qut: qutsal (kutsal) — Müqəddəs Döyüşçü mənasındadır. Bu döyüş sənəti Türk xalqlarının döyüş sənətlərindən qaynaqlandığı üçün, Turan sözü (Turan: türksoylu xalqların yaşadığı coğrafiya)  marka kimi əlavə olunmuşdur.

Alpaqut döyüş sənəti Turan coğrafiyasında yaşayan, Türk xalqlarının ortaq mədəni dünya görüşünü təmsil və təblig edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirərək, xüsusilə qədim Türklərin döyüş mədəniyyətini müasir döyüş sənəti üzərində konsepsiyalaşdıraraq, dərin fəlsəfi ideoloji mənası olan və kökləri sirli qalan milli döyüş mədəniyyətinin qlobal mədəniyyətə çıxışını təşkil edir. Milli özünə məxsusluq hissini inkişaf etdirən və super etnomədəni fəlsəfəni milli düşüncə əsasında konsepsiyalaşdıran ALPAQUT  idman növü, uşaqlarda milli iftixar hissini, Vətənə və Dövlətə hörmət və məhəbbət hissini formalaşdırır. Alpaqut döyüş sənətinin əsasını təşkil edir:

 

  1. VIII BAZA YÖNDƏMLƏRİNDƏN İBARƏT TƏLİM PROGRAMI
  • Yumruk yöndəmləri
  • Tepik yöndəmləri
  • Ayça yöndəmləri
  • Atış yöndəmləri
  • Badalaq Yöndəmləri
  • Bağdamak yöndəmləri
  • Boğuçan yöndəmləri
  • Koruy yöndəmləri
  1. IV ÜSTÜNGÜDƏN İBARƏT İMTAHAN PROGRAMI

Hər bir ÜSTÜNGÜ-də (mərhələ) verilən dərəcələr, kəmərlərlə müəyyən olunur və kəmər rəngləri qədim türk xalqlarının tarixində olan yönlərin rənglərinə uyğun olaraq tətbiq olunmuşdur. Şəkildə göstərildiyi kimi:

1969156_630029273717685_2087757140_n

BATI (qərb)- ağ rəng

DOĞU (şərq)- göy rəng

GÜNEY (cənub) – qırmızı rəng

KÜZEY (şimal) – qara rəng

qbi5 mart

 

  1. III FƏRQLİ DÖYÜŞ SİSTEMİNDƏN İBARƏT YARIŞMA QAYDALARI

Bu sistemlər belə adlanır: 1-ci sistem: AYPARA, 2-ci sistem: BATUR, 3-cü sistem: CAYMAZ

Qeyd: Qısa olaraq bu sistemləri əlifba sırasıyla A, B, C də adlandırmaq olar.

  1. QURD VƏ BERKUT ÇEVRƏSİNDƏN İBARƏT HAKİMLƏR PROQRAMI

Hakimlər proqramı hər üç döyüş sistemi üzrə, Qurd çevrəsi və Berkut çevrəsindən ibarətdir. Qiymətləndirmə, Sarqut>Acar>Utku balları ilə, Cərimələnmə isə Qınaq balı ilə tətbiq olunur.

Bu döyüş sənəti bütün türk dünyasına aid olsa da ancaq o bütün hüquqi haqlarla Azərbaycanda qeydiyyatdan keçmişdir. Belə ki, bütün türksoylu xalqlar kimi, Azərbaycan xalqının tarixi və mədəni irsinə aid olan “ALPAQUT” adı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 14.10.2014-cü il tarixli 37 saylı sənədi əsasında bu döyüş sənətinin müəllifi, Türk Döyüş Sənətləri üzrə araşdırmaçı, Beynəlxalq dərəcəli ustası Namazov Vasif İmran oğluna istifadəsi üçün rəsmi icazə verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Patent üzrə Dövlət Komitəsi tərəfindən 17.11.2014-ci il tarixli iddia sənədinin 201400542 saylı Patent Şəhadətnaməsi də verilmişdir. Əlavə olaraq, ALPAQUT idman növünün təlim və tədrisinin həyata keçirilməsi üçün hazırlanan metodiki vəsait proqramları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin 16.10.2015 tarixli 04/C-8157-15 saylı Şəhadətnaməsi ilə təsdiq olunmuşdur. Bu idman növünün beynəlxalq arenada inkişafı məqsədilə Dünya Alpaqut Federasiyası adında qurum 12.02.2014-cü il tarixində B14003831 saylı sənədinə əsasən beynəlxalq təşkilat kimi qeydiyyata alınmışdır. Dünya Alpaqut Federasiyasının prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin Millət Vəkili Nizami Cəfərovdur. Bu beynəlxalq Federasiya 2014-cü ildən başlayaraq bir neçə beynəlxalq tədbirlər (3 beynəlxalq turnir, 1 Avrasiya kuboku, 4 beynəlxalq seminar) həyata keçirmişdir. Federasiyanın Azərbaycan başda olmaqla Almaniya, Birləşmiş Krallıq/İngiltərə, Çexiya, Türkiyə, Gürcüstan, İran, Pakistan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Rusiya Federasiyası (Yekaterinburq, Moskva vilayəti, Başqırdıstan) üzrə rəsmi nümayəndəlikləri var.

 

Dünya Alpaqut Federasiyasının həyata keçirdiyi Beynəlxalq tədbirlərin cədvəli aşağıdakı kimidir.

Beynəlxalq Arenada keçirilən tədbirlər
Tədbirin adı Tarix Yer
Alpaqut üzrə 1-ci açıq «Qara Dəniz Kuboku» 20-24.07.2014 Gürcüstan
Alpaqut üzrə 2-ci açıq «Qara Dəniz Kuboku» 24-28.07.2015 Gürcüstan
Alpaqut üzrə beynəlxalq “Xəzər Kuboku” 6-9.09.2015 Azərbaycan
Alpaqut üzrə Avroasiya Kuboku 14-18.04.2016 Gürcüstan
Alpaqut üzrə Beynəlxalq seminar 22.05.2016 Türkiyə
Alpaqut üzrə Dünya Kuboku 24-28.09.2016 Gürcüstan
Alpaqut üzrə “Turan Savaşçıları” Beynəlxalq Turnir 24.12.2016 Azərbaycan

«KUTSAN» VASİF NAMAZOV

Beynəlxalq dərəcəli idman ustası, türk savaş sənəti üzrə araşdırmaçı, Alpaqut Turan döyüş sənətinin müəllifi.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın