Ana səhifə / Şou Biznes / “Akhundoff Networks”dən reaksiya gəldi: “Biz özümüz də monopoliyadan əziyyət çəkmişik”

“Akhundoff Networks”dən reaksiya gəldi: “Biz özümüz də monopoliyadan əziyyət çəkmişik”

Martın 16-da Qafqaznews.az saytında ““Bahalı nömrələrdən “Azercell”in də xəbəri var” – mobil rabitə bazarında monopoliya” başlıqlı yazı dərc olunmuşdu.

Məqalədə bildirilirdi ki, saytın əldə etdiyi məlumata görə, “Azercell Telecom”un məhsullarının satışı müəyyən bir “ierarxik” sistem əsasında həyata keçirilir: əvvəlcə məhsullar üç üst distribüterə satılır, daha sonra isə digər distribüterlər və dilerlərə paylanılır. Məlumatda qeyd olunur ki, başqa şirkətlər, daha doğrusu, dilerlər “Azercell”lə birbaşa alqı-satqı yarada bilməzlər.  Sayta daxil olan məlumata görə, mexanizm belədir: “Azercell” şirkəti nömrələri və kartları “Akhundoff Networks”, “ ABC Telecom”,“İntegralPlus”  şirkətlərinə satır. Azercell şirkətində 10 min ədəd nömrənin maya dəyəri 41 min manat təşkil edir. Ancaq monopolist olan bu 3 şirkət həmin nömrələri alt distribüterlərə və yaxud da dilerlərə satırlar. Ona görə də Azərbaycanda mobil xidmətin dəyəri ən bahadır.

Martın 16-da dərc olunan məqalədə bildirilirdi ki, “Akhundoff Network” şirkətinin direktoru Nizami Süleymanov Qafqaznews.az-ın  əməkdaşı ilə söhbətində “Azercell”in üç əsas distribüterindən biri olduqlarını təkzib etmədi: “Biz “Azercell”in məhsullarını alırıq, başqa distribüter və dilerlər də bizdən alırlar”.

O, bu prosedurun “müəyyən qayda” əsasında həyata keçirildiyini bildirdi: “Bunu “Azercell” müəyyən edir”. N.Süleymanovun sözlərinə görə, distribüter və dilerləri də “Azercell” müəyyən edir, habelə, onları əsas distribüterlərə yönəldir. N.Süleymanov “Azercell” ilə ticarət dövriyyəsi barədə danışmadı: “Bu barədə danışa bilmərəm. Çünki bilmirəm. Bilmədiyim şeyi deyə bilmərəm”. Direktorun bunu bilmədiyinə inanmağa çalışaraq, növbəti suala keçdik: “Nömrələrin qiyməti və onlarla bağlı vergi sənədləşdirilməsi hansı qaydada tənzimlənir?”. Təəssüf ki, bu sualımıza da konkret cavab ala bilmədik. Nizami Süleymanov ancaq “nömrələri topdan aldıqlarını və topdan da satdıqları”nı bildirdi. Lakin N.Süleymanov “gold” nömrələrdə müəyyən “fərq” olduğunu istisna etmədi. Biz “Akhundoff Networks”un direktoru ilə söhbətimizdə həmin “fərq”in nədən ibarət olduğunu aydınlaşdıra bilmədik.

Martın 18-də Nizami Süleymanov bizimlə əlaqə saxladı və sözügedən yazıda rəhbərlik etdiyi şirkətin monopolist kimi təqdim olunmasından narazılığını bildirdi.

“Mənim rəhbərlik etdiyim şirkət monopoliyadan ən çox əziyyət çəkən şirkətlərdən olub. Biz özümüz monopoliyadan əziyyət çəkmişik, necə monopolist ola bilərik? Monopoliya ilə satış tərəfdaşlığının böyük fərqi var. “Azercell” mobil kommunikasiya ilə məşğul olur, satışla məşğul ola bilməz. Tutaq ki, sizin Balakəndə fermanız var, Bakıda dana satmaq üçün sizə satış tərəfdaşı lazımdır. Siz məndən açıqlama alırsınız, sonra başqa cür təqdim edirsiniz. Telefonla bu məsələdə ətraflı danışmaq mümkün deyil .Gəlin mənim yanıma, müsahibə alın, sizə geniş məlumat verim”, – deyə N.Süleymanov bildirib.

O vurğulayıb ki, “Azercell” məhsullarını verdiyi hər şirkətdən pullarını toplaya bilmir, ona görə də, əsas iş distribüterlər vasitəsilə həyata keçirilir: “Bu, tərəfdaşlıqdır, monopoliya deyil”.

N.Süleymanov kvota məsələsi barədə iddiaları da təkzib edib: “Kim nə qədər məhsul sata bilirsə, o qədər alır”.

Müxbirimizin “Nəyə görə ancaq üç şirkət üst distribüterdir?” sualı isə cavabsız qaldı.

Biz həmçinin “Akhundoff Networks” şirkətinin nə vaxt və niyə monopoliyaya məruz qalması haqqında soruşduq.

“Biz o vaxt “Sony” mobil telefonları gətirirdik, sonra monopolistlər bizə dedilər ki, siz bunu gətirə bilməzsiniz. Amma prezident göstəriş verdi, monopoliya aradan qalxdı”, – deyə şirkət direktoru bildirdi.

“Monopolistlər deyərkən, kim?” sualına isə müsahibimiz “Caspian Mobile” şirkətinin adını çəkdi.

Əməkdaşımızın “Bir şirkət başqa şirkətə necə qadağa qoya bilər? O şirkətin rəhbərləri kimlər idi” suallarına Nizami Süleymanov belə cavab verdi: “Bilmirsiniz necə?.. Dedilər, gətirə bilməzsiniz… Gələrsiz, söhbət edərik”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın