Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / “AİBA-nın prezidenti bütün dünyanı barmağına dolayıb” – Ağacan Abiyev

“AİBA-nın prezidenti bütün dünyanı barmağına dolayıb” – Ağacan Abiyev

Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, Boks Federasiyasının vitse-prezidenti, millət vəkili Ağacan Abiyev Qaynarinfo.Az-a müsahibə verib. 

Həmin müsahibəni təqdim edirik.

– Ümumiləşdirsək, Rio Olimpiadasında idmançılarımızın çıxışını necə qiymətləndirirsiniz?

– Bu Olimpiadada əvvəlkilərə nisbətdə idmançılarımızın çıxışı daha yüksək oldu. Düzdür, cəmi 1 qızıl medal qazandıq. Ancaq burda söhbət 1-2 qızıldan yox, Azərbaycanın ümumilikdə qazandığı 18 medaldan gedir. Medal sayına görə Azərbaycan Yeni Zelandiya ilə birgə 14-15-ci sıranı bölüşdürür. Keyfiyyət baxımından, Azərbaycan yeni idman növlərində özünü göstərməyi bacardı. İlk dəfə qayıqsürmədə iştirak edib 2 medal qazandıq. Taekvondoda ilk dəfə medalla Bakıya qayıtdıq. Halbuki bundan öncəki 3 Olimpiadada medal qazana bilməmişdik. Azərbaycan kimi kiçik ölkədən 18 medal qazanılması böyük bir şeydir. Sidneydə biz 3 medal qazananda heç kim Azərbaycanı tanımırdı. İndi isə bu say 18-dir. Bu isə onu göstərir ki, Azərbaycanda idmana qayğı yüksək səviyyədədir.

– Azərbaycan medal sayına görə 14-15-ci yerləri tutsa da, əyar baxımından 39-cu yerdə qərarlaşdı. Avropa Oyunlarından sonra biz daha çox qızıl medal gözləyirdik…

– Bizdə heç vaxt 2 qızıl medaldan çox olmayıb. 2004-cü ildə – Afinada 1 qızıl medal olmaqla cəmi 5 medal qazanmışdıq. Düzdür, hər il artan sürətlə inkişaf edirdik. Ancaq nəzərə alaq ki, Avropa Oyunları ilə Olimpiada da bir deyil.

– Ancaq orda qalib gələnlərin hamısı da olmasa, bəzilərinin qızıl medal qazanmaq şansları yüksək qiymətləndirilirdi…

– Avropa Oyunları bir qitənin yarışıdır. Orda Rusiyadan sonra II yer tutmağımız yüksək göstəricidir. Ancaq Olimpiadada 5 qitədən idmançılar iştirak edir. Bunlardan 3-də – Asiya, Avropa və Amerikadan güclü idmançılar çıxır. Olimpiadada qızıl medal qazanmaq üçün finala çıxmaq lazımdır. Finaladək isə çox mərhələ keçilməlidir. 1894-cü ildə fransız Pyer de Kuberten Olimpiadanı yaradanda onun prinsiplərindən biri yarışlarda iştirak etmək olub, medal qazanmaq yox. Olimpizmin məqsədi gənclərin sağlam həyat yaşamasıdır. Hesab edirəm ki, biz də bu məqsədə çatmışıq.

– Siz həm də Boks Federasiyasında rəhbər şəxslərdənsiniz. Sevindirici haldır ki, ilk dəfə millimiz tam heyətdə Olimpiadaya yollanmışdı. Amma üzücü o oldu ki, cəmi 2 medal qazana bildik. Nəticə baxımından məşqçi və ya idmançı heyətində hansısa dəyişikliklər gözlənilirmi?

– Boksda da artıq irəliləyiş var. Əvvəlki 4 Olimpiadada ancaq bürünc medal qazanmışdıq. Londonda qızıl medal qazanmağımıza hakimlər imkan vermədi. İndi isə gümüş medal da əldə etdik. Artıq bürünc sindromunu qırmışıq. Lorenso Sotomayor ağıllı oynasaydı, qalib də gələrdi. Üstəlik, həmin döyüşdə hakimin noqdaun qeydə alması səhv qərar idi. Artıq 6 boks hakimi diskvalifikasiya edilib. Ümumiyyətlə, AİBA-da (Beynəlxalq Həvəskar Boks Assosiasiyası) çox şeylər baş verir. Yaxınlarda orda çox dəyişikliklər olmalıdır… Düşünürəm ki, vaxtı ilə boks ölkəsi sayılmayan Azərbaycan kimi kiçik ölkənin 2 medal qazanması yaxşı nəticədir. Vaxt gələr, gümüşü boksda qızıla da çevirərik.

– AİBA-dan narazı qaldığınız məqamlar nədən ibarətdir?

– 1984-cü il Los-Anceles Olimpiadasında yapon neyro-cərrah Yoşidanın düzəltdirdiyi dəbilqə ilə boks yarışları keçirilməyə başlandı. Ondan əvvəlki Moskva Olimpiadasında 26 nokaut olmuşdusa, ABŞ-da cəmi 1 nokaut qeydə alındı. Londonda isə nokaut olmadı. AİBA-nın indiki rəhbərliyi isə dəbilqəni ləğv etdirdi. Ona görə də boks yarışlarında indi idmançıları başı-gözü qanlı görürük. İspaniyada korrida yarışları ləğv olundu. Çünki öküzlər insanların ölümünə səbəb olurdu. İndi niyə dəbilqəni ləğv etdirməklə idmançıların qanlarının tökülməsinə səbəb olurlar? Axı, bu, olimpizmin prinsiplərinə ziddir. Dəbilqənin çıxarılmasına səbəb kimi belə göstərirlər ki, beyin silkələnməsi daha çox artır. Guya bunların alimləri belə qənaətə gəliblər. Əksinə dəbilqə zərbəni yumşaldır. Əslində onlar həvəskar boksu peşəkara çevirmək istəyirlər. Görürsünüz, rəhmətlik Məhəmməd Əli zərbələrdən hansı vəziyyətə düşmüşdü.

– Bununla bağlı nə iş görmək fikriniz var?

– Bütün döyüşlər zamanı idmançıların qanlı fotolarını yığıb bütün yerli federasiyalara göndərməyi planlaşdırıram. Federasiyamızın prezidenti Kəmaləddin Heydərov da öz razılığını verib. Bu materialları AİBA-ya da göndərəcəyəm. Çünki belə həvəskar boks olmur. Artıq AİBA-nın vitse-prezidenti, Hakimlər Komitəsinin sədri Terri Smit mənə yazıb ki, mən də indiki prezidentdən narazıyam. İndiki prezident çox qalmayacaq. Beynəlxalq Səhiyyə Təşkilatı 1984-cü ildə boksu Olimpiadadan ona görə çıxarmaq istəyirdi ki, bu idman növündə qan tökülürdü. Dəbilqə yaradılandan qan tökülməsi dayandırılmışdı. Təzədən götürüb ləğv etdilər. Basketbol, tennis, üzgüçülük, yüngül atletika, hokkey və s. növlərdə peşəkar idmançıların çıxışına icazə verilir. Amma boksda ola bilməz.

İndiki prezident peşəkar boks – WSB açıb. Bizdən “Baku Fayrs” klubu da orda iştirak edir. Hər klub AİBA-ya ildə yarım milyon pul verir. İndiki prezident Vu Çinq-kuo Çin Taypeyi – Tayvandandır. Özünü elə aparır ki, sanki BMT-nin baş katibi Pan Qi-munun xalası oğludur. Mən başa düşmürəm, niyə o bölgədən olan insanları rəhbər postlara seçirlər? Dünyada başqa adam yoxdur? Bu adam heç boksçu da olmayıb, memar və basketbolçu olub. Onun dünyada gördüyü böyük iş AİBA-nın binasının qarşısında Beynəlxalq Olimpiya Komitəsinin sabiq prezidenti Xuan Antonio Samarançın heykəlini ucaltmasıdır. AİBA-da da əvvəllər maliyyə işlərinə baxıb. 2006-cı ildəki prezident seçkilərində Anvar Çoudri prezident seçilməli, mən isə baş katib olmalıydım. AİBA-nın İcraiyyə Komitəsində vəzifələr bölüşdürülmüşdü. Amma seçkilərdə fırıldaq edildi. 83:82 hesabı ilə indiki prezident seçildi. Halbuki professor olan Çoudri boksda nə qədər yeniliklər etmişdi. Sözsüz ki, o, prezident seçiləndən baş katib də öz adamını qoydu. Həmin adam da əvvəllər Beynəlxalq Taekvondo Assosiasiyasında işləmişdi. Oranın prezidentini tutan vaxt bu baş katibi də tutmuşdular. AİBA-da baş katib yox, icraçı direktor təyin olundu. Bütün maliyyə işləri ona həvalə olunmuşdu. Mən isə idman məsələlərinə baxmaq istəyirdim. Əvvəlcə mənə məsləhətçi olmaq tövsiyə olunmuşdu. Sonra heç bu vəzifə də verilmədi. Sözümün canı odur ki, bu adamlar peşəkar boksçuları – adamyeyənləri həvəskar boksa gətiriblər. Ona görə də Olimpiadada boksçular qanın içindədirlər. Boks onların vaxtında öldü.

Əvvəllər boksda zərbələr gözucu hesablanırdı. Mən hələ SSRİ vaxtı hesablama aparatı icad etdim və yerli Olimpiya Komitəsi bunu bəyəndi. Bu aparata görə patent alırdım. İlk dəfə 1989-cu ildə Moskvadakı dünya çempionatında bu aparat vasitəsilə zərbələr qeydə alınmağa başlandı. 2012-ci ildə yeni AİBA rəhbərliyi bunu bəyənməyərək başqa aparatdan istifadə etməyə başladı. AİBA-nın prezidenti bütün dünyanı barmağına dolayıb.

– Ağır atletika millimiz cəzalanıb. Lakin ora hakim qismində Vahid Nəzərov yollana bilərmiş. Bununla belə, federasiya onu göndərmək istəməyib. Bu məsələ barədə xəbəriniz vardı?

– Bu məsələ barədə öyrənərəm. Görüm, ümumiyyətlə belə bir məktib gəlibmi ki, onu Olimpiadaya dəvət ediblər?! Bəlkə belə bir məktub olmayıb.

– Bunu saytımıza Nəzərovun özü açıqlayıb. O deyib ki, Beynəlxalq Ağır Atletika Assosiyasiyasının prezidenti ona məktubunun yerli federasiya tərəfindən gec göndərildiyini bildirib…

– Mən sizə deyim ki, milli federasiyaların məktubu ilə Olimpiadaya hakim seçilmir. Dəvətlər ilboyu beynəlxalq turnirlərdə iştirak edənlərə olur. Əgər o, dünya və Avropa çempionatlarında pis-yaxşı iştirak edibsə, dəvət gəlib. Əks halda yox. Mən gərək bu məsələni araşdırım, sonra ətraflı danışım. Ola bilər ki, federasiyaya məktub gəlib, ancaq onu göndərməyiblər. Bir az onlarda bu dəqiqələrdə başqarışıqlıqdır. Gül kimi federasiya idi, dağıldı. Hamısını bolqarlar etdi. Məşqçi bilməsə, heç kim dopinq qəbul etməzdi. O, yüksək nəticə qazanılmaqdan ötrü belə edib. Sonra diskvalifikasiya olunacaqlarsa, kimə lazımdır o medallar?!

 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın