Ana səhifə / Şou Biznes / Adil Vəliyevdən prezidentə şikayət – Camaatın yolunu satıb”
????????????????????????????????????

Adil Vəliyevdən prezidentə şikayət – Camaatın yolunu satıb”

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev mətbuatın gündəmindən düşmür. Bunun başlıca səbəbi də başçının verdiyi qərarlardır. Prezident vətəndaş məmnunluğunun təmin olunmasını təmin etmək üçün məmurlara çağırış etdiyi bir vaxtda Sabunçu Rayon İcra Hakimiyyətindən vətəndaşa hədə dolu məktub yollayırlar… 
Redaksiyamıza müraciət edən Bakı sakini Emin Nəbiyev deyir ki, 1 ildir ki, Nardarandakı bağ evinin qonşuluğundan keçən bağlararası yolun açılması üçün Sabunçu Rayon İcra Hakimiyyəti ilə mübarizə aparır. 
E.Nəbəyevin redaksiyamıza təqdim etdiyi foto və xəritələrdən, Prezident Administrasiyasından, Əmlak Məsələləri Dövlət Komitəsindən, Bakı Şəhər İcra Hakimiyyətindən aldığı cavablardan da aydın olur ki, mübahisə obyektinə çevrilən bağlararası yol Bakir Atakişi oğlu Kərimov tərəfindən zəbt olunaraq daş hasara alınıb, orada qeyri-qanuni bağ evi inşa edilib. Yol zəbt olunandan sonra E.Nəbiyev Sabunçu İcra Hakimiyyətinə müraciət edərək yolun açılmasının təmin olunmasını istəyib. Əvəzində isə ona hədə-qorxu gəliblər…
E.Nəbiyev prezident İlham Əliyevə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova, baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova ünvanladığı müraciətləri təqdim edərək bildirir ki, Sabunçu İcra Hakimiyyətində üzləşdiyi qanunsuzluqlar o qədər açıq şəkildədir ki, bunu ört-basdır da edə bilmirlər.
E.Nəbiyev prezidentə müraciətində yazır ki, yolun zəbt olunması hesabına ona məxsus Nardaran qəsəbəsi, Ləhiş bağlar massivindəki 5216 saylı bağın qonşuluğunda bina inşa olunmaqdadır: “2015-ci ilin aprelində Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri Adil Vəliyevin Naradaran qəsəbəsi üzrə nümayəndəsinin iştirakı ilə əraziyə gəlib yerli baxış keçirdilər. Rəy verdilər ki, yol qanunsuz olaraq zəbt olunub, ərazidə tikinti işləri dayandırılmalıdır. Lakin iş dayandırılmadı, yolun yerində ev tikintisi bu gün də davam edir. Sabunçu Rayon İcra Hakimiyyəti sizə müraciətimdə yazdığım faktları təkzib etməyə çalışıb. İcra Hakimiyyəti dövlət əmlakı olan yolun satılmasında iştirakını nəinki gizlətməyib, hətta dövlətin qanunlarını tanımadığını bir daha nümayiş etdirib. Bağlararası yolun qanunsuz zəbt olunması faktını təkzib etmək üçün rayon rəhbərliyi gülünc arqumentlərə əl atmaqdan belə çəkinmir. Bakı Şəhər İcra Hakimiyyətindən yolun zəbt olunduğunu təsdiqləyən rəyin qarşılığında Sabunçu Rayon İcra Hakimiyyətindən 3D formatlı oyunlar platformalı, internet istifadəçiləri üçün nəzərdə tutulan “Google Earth” kompüter əlavəsindən ərazinin yer səthinin fəza şəkillərini çıxararaq mənə göndəriblər. Hətta orta məktəbdə belə rəsmi tədris vasitəsi hesab edilməyən bu internet proqramının şəkillərini dövlət sənədi kimi təqdim edirlər!
Görünür, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı bilmir ki, rəsmi fəza çəkilişlərinin arxivləşməsi, səth quruluşu çıxarışları, xəritələr, torpaq sahələri planının kadastr göstəriciləri, ərazinin və torpağın kadastr cizgiləri torpaq sahəsinin yerquruluşu planları, təsdiqedici şəkillər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində yerləşir. Və bu qurumdan rəsmi sorğulara əsasən İcra Hakimiyyətlərinə təqdim olunur!
Sabunçu Rayon İcra Hakimiyyətindən mənə yolladıqları məktubda yazırlar – “…Torpaq sahəsinin planı və ölçüşündə iddia etdiyiniz yol əksini tapmamışdır”
Belə bir rəy verib, həmçinin onu da bildirib ki, mən “…torpaq sahəsini özəlləşdirildikdən sonra bağ evinin tikintisinə icazənin alınması üçün tikəcəyim bağ evinin eskiz layihəsini və torpaq sahəsinin sənədlərini Sabunçu Rayon İcra Hakimiyyətinə təqdim etməli idim. Lakin 2010-cu ildə tikinti işlərinə başlamış və 2012-ci ildə tikinti işlərini başa çatdırmışam”.
Məlumat üçün mən də bildirmək istəyirəm ki, torpağımın və evimin özəlləşməsi, tikilişi zamanı və tikilişdən sonra sənədlərim icra hakimiyyətinə təqdim edilib, bunu sübut edən sənədlər də var. Yaxşı olar ki, mənə hədə-qorxu gəlmək, şantaj etmək, bağ sənədlərimdə qüsur axtarmaq əvəzinə, İcra Hakimiyyətinin başçısı satdığı dövlət əmlakı ərazisində ev tikdirən, bağ salan Bakər Atakişi oğlu Kərimovun torpağa mülkiyyətini təsdiq edən sənədlərini, çıxarışlarını, ona torpaq ayrılması, ev tikilişi üçün verdiyi icazə, sərəncam, qərar və digər sənədləri Prezident Administrasiyasına, Respublika Prokuroruna, hüquq-mühafizə orqanlarına təqdim etsin. Görəsən, icra hakimiyyəti Sabunçu rayonunda Azərbaycan qanunlarının işləmədiyini nümayiş etdirməklə nəyə nail olmaq istəyir?”
E.Nəbiyev qeyd edib ki, bir tərəfdə dövlətin rəsmi qurumlarının rəsmi ərazi şəkilləri və fəza çıxarışları, digər tərəfdə isə Sabunçu RİH-in internet kafelərdə dolaşan “Google Earth” xəritəsindən çıxardığı şəkillər, savadsız, qərəzli rəylər, saxtakarlıqlar göz deşdiyi bir vaxtda hüquq mühafizə orqanları qanunsuzluqlara reaksiya verməyə tələsmirlər: “2 dəfə bu məsələ üzrə Prokurorluq və Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi Sabunçu RPİ-nin şikayətim üzrə çıxardığı qanunsuz qərarı xitam edib. Hər dəfə iş Sabunçu RPİ-yə göndərilib və  cinayət işinin başlanmasını rədd olunub.
Möhtərəm cənab Prezident!
Sabunçu RİH bütün dövlət orqanlarının, mötəbər ali qurumların tələb və tapşırıqlarını saymırsa, heç nədən çəkinmədiyini açıq şəkildə nümayiş etdirirsə, bunun cavabını yalnız Siz verə bilərsiniz. İnanıram ki, Sabunçu RİH başçısının və onun ətrafındakı cinayətkar qrupun dövlətçiliyə qarşı təxribat əməlləri cavabsız qalmayacaq”.
E.HÜSEYNOV
P.S Sabunçu rayon İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq.
/musavat.com/

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın