Ana səhifə / Şou Biznes / Ad gününü qeyd edən baş redaktor: “Vəziyyət çox çətindir”

Ad gününü qeyd edən baş redaktor: “Vəziyyət çox çətindir”

Bu gün tanınmış jurnalist, “Şərq” qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlının ad günüdür.

47 yaşını qeyd edən Akif Aşırlı Modern.az saytına verdiyi açıqlamasında devalvasiyanın hamı kimi onun da fəaliyyətinə, əsasən də qəzetinə mənfi təsir etdiyini söyləyib.

Jurnalist qəzetlərin satış qiymətlərinin artımını məqbul hesab etmədiyini deyib:

“Mən qəzetlərin qiymət artımına getməsini məqbul hesab etməmişəm. Bu gün həmin fikrimdə də qalıram. Çünki devalvasiyadan sonra qəzetlərin qiymət artımı bizə dəyən maddi ziyanı ödəmək iqtidarında deyil. Çox çətin və gərgin bir vəziyyət yaranıb. Çıxış yollarından biri budur ki, qəzetlər abunə saylarını artıra bilərlər”.

Akif Aşırlı hesab edir ki, indiki gərgin maliyyə vəziyyətində dövlət qəzetlərin maliyyələşdirilməsini artırmalı və eyni zamanda jurnalistlərin maaşları da artmalıdır:

“Başqa çıxış yolu bu ola bilər ki, KİV-in İnkişafına Dəstək Fondu qəzetlərə ayırdığı maliyyə yardımına yenidən baxmalı və bu maliyyə artırılmalıdır. Reklam bazarı da formalaşmalıdır. Müəyyən təşəbbüslər etmək lazımdır. Yəni bu addımlar atılsa, vəziyyət müəyyən mənada düzələ bilər. Bu gün vəziyyət tək qəzetlərdə deyil, saytlarda da yaxşı deyil. Reklam qıtlığından əziyyət çəkirlər. Bu gün jurnalistlərin aldığı məvacib ötən ilə nisbətən öz dəyərini 50 faiz itirib. Jurnalistlərin maaşları artırılmalıdır. Texniki imkanları genişləndirilməlidir”.

Akif Abduləzim oğlu Vəliyev 1969-cu il fevralın 15-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1986-cı ildə orta məktəbini bitirib. 1988-1990-cı illərdə keçmiş SSRİ ordusunda hərbi xidmətdə olub. 1999-cu ildə BDU-nun tarix fakültəsini bitirib. Həmin illərdə paralel olaraq Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunda oxuyub. 2005-ci ildə “Təfəkkür” Universitetində jurnalist ixtisası üzrə magistr dərəcəsi alıb. Jurnalistlik fəaliyyətinə “7 gün” qəzetində başlayıb və bir müddət “Müxalifət” qəzetində çalışıb. 1996-cı ildə “Şərq” qəzetini təsis edib. Həmin vaxtdan etibarən “Şərq”in baş redaktorudur. Ailəlidir, üç övladı var.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın