Ana səhifə / Şou Biznes / Icra başçısı Vidadi İsayev Bərdəni niyə sökür?

Icra başçısı Vidadi İsayev Bərdəni niyə sökür?

İcra başçısı yaxınlarını ətrafına toplamaqla məşğuldur.
Bu barədə redaksiyamıza rayon sakinləri tərəfindən məlumat verilib. Belə ki, ölkə başçısının 3 mart 2011-ci il tarixli sərəncamı ilə İlham Ağayev Bərdə Rayon İcra Hakimiyyətinin başçısı postundan azad edildi.
Ardınca başqa bir sərəncamla Vidadi İsayevin Tərtər rayonunun icra başçısı vəzifəsindən azad edilərək Bərdəyə təyin olunmasından sonra şəhər sakinlərinin günü qara olub.
Belə ki, Vidadi İsayev yeni təyinat alan kimi əvvəlcə özünəməxsus taktika seçib və Tərtərdə onunla çiyin-çiyinə işləmiş adamlarını Bərdədə yerləşdirməyə başlayıb. Sonra isə Bərdədəki köhnə başçıya yaxın olmuş və ya onun sərəncamı ilə sahibkarlıq subyekti yaratmış özəl sahə adamlarına qarşı səlib yürüşünə başladı. Bütün bu işlərə isə onun Mahmud adlı bacanağı rəhbərlik edir. Bərdəyə yaxşı bələd olan Mahmud adlı bacanağı Vidadi İsayevə keçmiş icra başçısı İlham Ağayevin sərəncamı ilə təyin olunmuş insanları, xüsusən də onun sərəncamı ilə tikilmiş iri ticarət obyektlərini necə sökdürməyə istiqamət verir. Obyektin sökülməsi haqqında tapşırıq verilir, sonra isə sahibindən külli miqdarda pul tələb olunur.
Ən maraqlısı budur ki, icra başçısı Vidadi İsayevin hazırda qarşısına qoyduğu əsas məqsədlərdən biri keçmiş başçıdan qalan nişanələri dağıdıb yox etməkdir. Bərdə rayon mərkəzinin girişindəki səkilər, hasarlar yenidən üzlük daşı ilə təzələndirilir, parklar lazım gəldi-gəlmədi sökülüb yenilənir, digər infrastrukturlar dəyişdirilir. Hansı ki, həmin obyektlərə buna qədər milyonlar xərclənib, indi yenidən böyük vəsaitdə pul lazımsız təmirə xərclənir. Bu baxımdan Bərdə məmurlarının günü qara edilib. İndi hər birinə bir işin xərci tapşırılıb. İmtina edən vəzifəsi ilə vidalaşır. Başçıdan asılı məmurlar isə banklardan borc pul götürərək bu işi həyata keçirməyə məcbur edilirlər.
Bir sözlə, indi Bərdə iki bacanağın söküntü-dağıntıları ilə diqqəti çəkir. Rayon sakinlərinin güzəranı ilə bağlı tədbirlər görməli olan icra başçısı isə keçmiş sələfindən qisas almaq üçün onun qoyub getdiyi nə varsa dağıdıb yox etməklə məşğuldur. Bu siyasət isə sadə insanlara böyük zərbə vurur.
Artıq Bərdədəki son durum barədə Prezident Administrasiyasına həyacanlı siqnalların çatdırıldığı da bildirilir. Bərdə də başlanan yersiz söküntü-dağıntı adamı heyrətə gətirir. Doğrudanmı icra başçısının başqa layihəsi yoxdur? Axı bütün təmir xərcləri sonda rayon büdcəsindən və insanların güzəranından çıxır.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın