Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Şou Biznes / 686 bal toplayan Zöhrə: “Universitetdən qovulmaq əmirim gəldi”

686 bal toplayan Zöhrə: “Universitetdən qovulmaq əmirim gəldi”

Bu il ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər ötən illərə nisbətən daha yüksək nəticə göstərib. Hazırda 2017/2018-ci tədris ili üçün ali məktəblərə daxil olan abituriyentlərin sənəd qəbulu mərhələsi davam edir. Yüksək nəticə göstərmiş abituriyentlər daha çox diqqət çəkir və insanlar onların həyatı haqda daha çox məlumat əldə etmək istəyir.

Primetime.az bu il ikinci ali təhsil almaq istəyən abituriyentlər arasında ən yüksək bal toplamış Zöhrə İsmayılova ilə həmsöhbət olub.

– Zöhrə xanım, əldə etdiyiniz uğurlara görə, sizi təbrik edirik! İlk dəfə hansı ali təhsil ocağına qəbul olmuşdunuz?

– İlk dəfə universitetə hazırlaşanda arzum Tibb Universitetinin Müalicə İşi fakültəsinə qəbul olmaq idi. Amma 475 bal toplayaraq, öənişli əsaslarla BDU-nun Biologiya fakültəsinə qəbul oldum.

– İlk hazırlığınız neçə keçdi? Necə hazırlaşırdınız?

– Rayonda hazırlaşırdım. Heç bir fəndən müəllim yanına getməmişəm. Lazım olan vəsaitləri tapmaq da çox çətin idi. Testlər belə yox idi. Orta məktəb dərslikləri ilə kifayətlənməli olurdum. 11-ci sinfdə oxuyurdum, yanvar ayında test əldə edə bilmişdim. Amma nə faydası… Sadəcə bir neçə ay testin nə olduğunu anlamağa çalışdım. May ayında isə biologiya vəsaiti gəldi, o isə mənə lazım olmadı, artıq çox gec idi. Çünki imtahana çox az bir zaman qalmışdı. Yalnız orta məktəb kitabları ilə hazırlaşmalı olurdum.

– Sizi ikinci təhsil almağa nələr vadar etdi?

– İlk imtahanımdan sonra ixtisas seçimini özüm etməmişdim. Çünki arzum var idi, reallaşmadı. Hər şey öz əhəmiyyətini itirdi və həyat sadəcə boşluq kimi görünürdü. Seçim etmək istəmirdim, seçimi valideynlərim etdi. Sənədləri də universitetə valideynlərim apardı. Sadəcə imza atmaq üçün universitetə getdim. Düşünürəm ki, biologiya deyil, digər bir ixtisas seçsəydilər, bəlkə də universitet həyatı daha maraqlı olardı, amma… Hər şey çox maraqsız idi, təhsilimi davam etdirmək istəmirdim, hesabımı dondurmağı planlaşdırdım.

– Universitetdən imtina etmək qərarına gəldiyinizi valideynləriniz bilirdimi? Bu fikrinizə necə reaksiya verdilər?

– Valideynlərim icazə vermirdi, dedilər ki, sevəcəksən, oxu. I kursda oxuyurdum, təxminən yanvar ayı idi. Universitetin yaxınlığında bir hazırlıq kursu var idi, yaxınlaşıb qiymətləri öyrəndim. Evdəkilərə dedim, razı olmadılar. II kursda bir neçə məktəblini riyaziyyat və kimya fənlərindən hazırlaşdırmağa başladım. Hər dəfə əldə etdiyim qazancımdan yeni kitablar, testlər alırdım. Noyabr ayı idi, artıq dərslərə girmirdim. Hər gün M.F.Axundov adına kitabxanaya gedirdim. Bütün gün orada testlərlə məşğul olurdum. Bir aydan sonra qaib limitini keçdiyim üçün universitetdən qovulmaq əmrim gəldi.

– Valideynləriniz bu məsələdən xəbər tutanda nələr baş verdi?

– Yazmaqla bitməz. Bir onu deyim ki, bütün qohum-əqraba, məhləmizdə ağsaqqaldan tutmuş, balaca uşaqlara kimi bizə yığışmışdılar. Kəndə gəlişimi gözləyirdilər (gülür-red).

– Universitet rəhbərliyi bu məsələ ilə bağlı sizinlə görüşdümü?

– Bəli, rektor bizi çağırmışdı. İlk sualı bu oldu ki, “ay bala, neçə müddətdir harda idin?”. Dedim ki, “Axundov” kitabxanasında. Güldü, dedi ki, dərslərini universitetdə oxuya bilmirsən ki, ora gedirsən? Dedim, “kompüter mühəndisliyi” ixtiasını istəyirəm və bunun üçün hazırlaşıram, biologiya ixtisasında oxumaq istəmirəm, buna görə dərslərə girməmişəm. Dedi ki, qruplarınız üst-üstə düşmür, yoxsa ixtisasını dəyişməyə kömək edərdim. Buranı bitir, sonra arzularının arxasınca get. Razılaşdım. Xeyli kəsrlərim var idi və beləliklə V kursa qalmalı oldum. Həmin müddət ərzində həm oxudum, həm də işlədim.

– Əldə etiyimiz məlumata görə, universitetdən məzun olandan sonra 2 dəfə yüksək nəticə əldə etmisiniz, amma bu nəticələrdən də imtina edib yenidən ali məktəbə hazırlaşmısınız.

– Bəli, bir imtahanda 526 bal topladım, yenə imtina etdim. Sonra yenidən hazırlaşdım, nəticəm 626 bal oldu. Amma istədiyim ixtisasa 1 balım çatmadı. O hadisədən sonra növbəti imtahanda 700 bal toplamaq qərarına gəldim. Amma 123 suala doğru cavab verdim. Nəticəm isə 686 bal oldu.

– Hansı ali məktəbi və hansı ixtisası seçim etməli oldunuz?

– Kompüter mühəndisliyi ixtisasını çox istəyirdim, bu nəticəmdən sonra UFAZ-ın imtahanında da iştirak etdim, bütün suallara doğru cavab verdim. Amma yenə arzuma çata bilmədim. Kimya mühəndisldiyi ixtisasına qəbul oldum. UFAZ-ı çox sevdiyim üçün imtina etmək istəmədim.

– Övladları ali məktəbə hazırlaşan valideynlərə nə tövsiyyə edirsiniz?

– Cəmiyyətin fikirinə önəm verməsinlər. İxtisas seçimini övladlarının ixtiyarına buraxsınlar. Yoxsa 4 il müddətində çəkilən xərc də, əziyyət də boşa gedəcək. Övladlarınızın məqsədləri üçün qapı açsanız, o qapılar üzünüzə nur saçacaq. Qohumlar, tanışlar mənim uğurlarıma inanmaq istəmirdilər, hər dəfə bacarmayacağımı deyirdilər. Amma bu gün ailəmin üzünə nur saçmağı bacardım.

– Uğurlarınızda kimə borclusunuz?

– Müəllimlərimə, özümə, valideynlərimə və ən əsas da mənim uğurlarıma inanmayan qohum-əqrabama (gülür-red).

– Qəbuldan sonra UFAZ-a getmisinizmi? Yeni bir ali təhsil ocağında nələr yaşadınız?

– Bəli, açıq qapı gününə getmdişdim. Rektorla görüşüb həmsöhbət olduq, o, mənə “səni burada görmək bizə şərəf olar”, – dedi.

– Hazırlıq ərəfəsində “facebook”da da çox aktiv idiniz, sosial şəbəkə sizə mane olmurdu ki?

– Xeyr, təhsilə aid qruplara üzv olmuşdum. Çətinlik çəkdiyim bütün suallarıma orada cavab tapırdım. Sosial şəbəkədə çox aktiv olmağımın da başlıca səbəbi bu idi.

– Xaricdə təhsil almağı düşünmüsünüzmü?

– Əslində düşünməmişəm, ona görə ki, ölkəmizdə yüksək təhsil verən ali məktəblər var, mən də həmin universitetlərdə tələbələr üçün yaradılmış şəraitdən istifadə etməliyəm. Yalnız bundan sonra özümü təkmilləşdirmək üçün xarici universitetlərdə təhsil almağı düşünə bilərəm.

Qeyd edək ki, Zöhrə İsmayılova 1991-ci ildə Masallı rayonunda anadan olub. Ailədə üç övladdırlar. Qardaşı bu il ali məktəbə daxil olub, bacısı isə artıq universitet məzunudur.

Həmçinin oxuyun

“Sibel Can bilməlidir ki, oğurluq mahnı oxuyur, təzminat tələb edəcəyik”

Türkiyəli müğənni Sibel Canın səsləndirdiyi “Tamam o zaman” mahnısının plagiat çıxdığı bildirilir. Bəstənin mərhum Xalq …

Bir cavab yazın